Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
"2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"

Məlahət İbrahimqızı: “Bu artım, baş verən bahalaşmanı tam kompensasiya edəcək”

Fazil Mustafa: “Bu artım, bəzi sıxıntıların aradan qalxmasına az da olsa kömək edəcək”

Oktyabrın 16-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Bizimyol.info xəbər verir ki, sərəncama əsasən, 2022-ci ildə etibarən əmək haqları, eləcə də əmək pensiyaları və sosial müavinətlər, təqaüdlərin və digər sosial ödənişlərin məbləği artırılacaq. Sənəddə, Nazirlər Kabinetinə bu məbləğlərin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməsi, eləcə də bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırığı verilib.  Sərəncamla bağlı hazırlanan tövsiyələrdə isə göstərilir ki, sənəd əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir, eləcə də beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır.

Sənəddə, bu sahədə islahatların xüsusilə son illərdə inqilabi xarakter aldığı əks olunub. Qeyd edilib ki, "2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib".

Məlahət İbrahimqızı Məlahət İbrahimqızı

Tövsiyələrdə Tarif Şurasının 16 oktyabr tarixli qərarı ilə bağlı müddəalar da yer alıb. Göstərilir ki, təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır. Bu sənədin əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynayacağını deyən Milli Məclisin deputatı Məlahət İbrahimqızı Bizimyol.info saytına açıqlamasında sərəncamın əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasının təmin edəcəyini diqqətə çatdırdı: “Sərəncam 2 milyona yaxın insanı əhatə edəcək. Vətəndaşlarımız, sərəncamdan irəli gələn artımın kommunal qiymətlərin bahalaşmasını kompensasiya edəcəyinə tam əmin ola bilərlər. Bu sərəncamdan sonra da istər müavinətlər, təqaüdlər, pensiyalar olsun, istərsə də, dövlət büdcəsindən maliyyələşən qurum və təşkilatların işçiləri olsun, bir çox sahələri əhatə edəcək. Əminəm ki, 2022-ci ildə bu artımlar vətəndaşlarımız üçün bir mühüm bir töhfə olacaq. Sərəncam aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi və onların gəlirlərinin artırılması istiqamətində atılan addımların uzlaşdırılmasını bir növ tənzimləyir”.

Deputat əlavə edib ki, artıq Nazirlər Kabinetində sərəncamdan irəli gələn təkliflərin hazırlanmasına başlanılıb: “Yaxın vaxtlarda 2022-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunacaq və payız sessiyalarında müzakirə olunacaq. Buna görə də indidən neçə faiz artım olacağını demək çətindir. Yəqin ki, yaxın vaxtlarda artımın hansı məbləğdə olacağı ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Fazil Mustafa Fazil Mustafa

Sərəncamı şərh edən Milli Məclisin deputatı Fazil Mustafa Bizimyol.info saytına açıqlamasında qeyd edib ki, əməkhaqları və digər sosial ödənişlərin məbləğlərinin artırılması bəzi sıxıntıların aradan qalxmasına az da olsa köməklik göstərəcək. Onun sözlərinə görə, ölkədə elə insanlar var ki, aldıqları maaş, təqaüd və pensiyalar yaşayış minimumu kimi yetərli deyil: “Hər sərəncamdan sonra baş verən 30-50 manatlıq artım da onlar üçün kifayət etmir. Bununla belə, bu artımlar həyatlarındakı müəyyən sıxıntıların aradan qalxmasına az da olsa, kömək edir. Həssas təbəqədən olan vətəndaşlar bu kimi qərarları səbrsizliklə gözləyirlər”.

Bu artımların da yetərli olmadığını deyən deputat, bunu əhalinin yaşayışla bağlı xeyli problemlərinin olması ilə bağlayıb: “Dövlət başçısı da vaxtaşırı dövlət büdcəsinin imkanlarını nəzərə alaraq, bu istiqamətdə müəyyən addımlar atır. Onu da nəzərə alaq ki, 44 günlük müharibənin də ölkədə yaratdığı problemlər kifayət qədərdir və indiyə qədər dövlətimizin qarşısında həll olunmasını gözləyən prioritet məsələlər sırasındadır. Üstəlik, azad olunmuş ərazilərin bərpa olunmasına dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır”.

Kommunal xərclərin artmasının da vətəndaşlarımıza əhəmiyyətli dərəcədə təsir göstərdiyini deyən müsahibimiz düşünür ki, müəyyən bir dövrdən sonra maddi imkanlar artdıqca, ölkədə vəziyyət də düzələcək və bahalaşmalar, süni və təbii qiymət artımları səngiyəcək: “Sadəcə problem ondan ibarətdir ki, müvafiq qurumlar kommunal qiymətləri artırdıqları zaman vəziyyəti real izah edə bilmirlər. Onsuz da. vətəndaşımız müharibənin törətdiyi fəsadların nədən ibarət olduğunu, hətta indi Qarabağda gedən yenidənqurma və bərpa işlərinin nə qədər böyük olduğunu çox yaxşı anlayır. Bunlar doğru şəkildə izah olunsa, əhali də qeyd olunan məsələlərdə narahatçılıq keçirməz”.

Deputat qeyd edir ki, ölkədə əmək haqlarının və digər sosial ödənişlərin məbləğlərində birdən-birə böyük artımlar etmək mümkün deyil: “Ən azı 10 faiz civarında olmalıdır ki, bəzi problemləri, xüsusilə də, qiymət artımlarını kompensasiya edə bilsin”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »