Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
"Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"

"Qlobal böhran dövründə digər sahələr kimi daşınmaz əmlak bazarında da durğunluq yaranmışdı. Bir ara bütün alqı-satqı prosesləri tamamilə dayanmışdı. Daha sonra ipoteka və digər kreditlə satılan mənzillərin satışı canlandı. Karantin dövründə evdən çıxma qadağaları, 3 saatlıq icazə, yoluxma qorxusu elə bir şərait yaratmışdı ki, ev sahibləri öz evlərinə digər şəxsləri buraxmaq istəmirdi".

Bu barədə Bizimyol.info saytına açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb. Onun sözlərinə görə, vəziyyət tədricən əvvəlki dövrdə olduğu halı alır. Ekspert qeyd edib ki, ofislərdə aparılan monitorinqlər, hər ay satılan mənzillərin sayını göstərir.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

"Rəsmi statistikada ancaq çıxarışlı evlərin satışının sayı göstərilir. Ancaq müqavilələr, sərəncam və digər sənədlərlə də alqı-satqı prosesləri həyata keçirilir. Bu baxımdan rəsmi statistika da tam deyil. Hazırda əmlak bazarında canlanma var. Əvvəlki illərlə müqayisədə alıcı və satıcılar internet resurslarından istifadə edirlər. Yəni, ev satan insanlar artıq realtor vasitəsi ilə deyil, internet resursları ilə evlərini satışa çıxarırlar. Alıcılar da əlavə xərclərin olmaması üçün internet elanları ilə mənzil sahibi olmağa üstünlük verir. Satışlar yavaş-yavaş əvvəlki vəziyyətinə düşür. Bazarda da kifayət qədər mənzil sahibi olmaq istəyən var",- deyən ekspert, hazırda əmlak bazarıdan daha çox kreditlə satılan mənzillərə ehtiyac olduğunu bildirir.

İpoteka ilə mənzil alışı və MİDA-nın mənzil satışı ilə bağlı minlərlə müraciət edilir. Bakı və Bakı ətrafında mənzil tikintisi ilə məşğul olan tikinti şirkətləri daxili kreditlə mənzillər satırlar. Burada da müştərilər birbaşa tikinti şirkətinə müraciət edərək, mənzil əldə edir.

E.Fərzəliyev qeyd edir ki, paytaxtda daha əvvəlki kimi tikinti işləri aparılmır. Buna səbəb isə artıq paytaxt ərazilərində torpaq sahələrinin qalmaması və qiymətlərin baha olmasıdır. Hazırda şirkətlər. pilot layihələr və istismar müddəti bitmiş binaları sökərək yerində yeni binalar inşa edirlər: "Satış qiymətlərində artım müşahidə edilir. Bir neçə ildən sonra artım daha çox müşahidə ediləcək. Tikinti materiallarının qiymətinin də ciddi şəkildə artması əsas səbəblərdəndir. Qiymət artımı satışa da təsir edir. Köhnə yaşayış binalarının qiymətində isə dəyişiklik yoxdur. Çünki 70-ci illərdən əvvəl tikilmiş binalar ipoteka predmetinə çevrilə bilməz. Bununla yanaşı, köhnə binaların sahibləri də satışdan imtina edir. Çünki köhnə binalar sökülüb yerində yeni binalar tikilir. Və yeni bina tikilən zaman köhnə mənzil sahibinə yeni mənzil verilir. Bununla yanaşı, bina tikilib təhvil verilənə qədər mənzil sahiblərinə kirayə qalmaları üçün vəsaitlər də verilir. Bu gün hansısa bir ərazidə köhnə ikiotaqlı mənzilin qiyməti 80 min manatdırsa, o binanın sökülüb yerində yeni tikilən mənzilin qiyməti də 120-130 min manat olur. Buna görə də vətəndaşlar gözləməyə üstünlük verirlər".

E.Fərzəliyevin sözlərinə görə, ucuz evlərin kirayəsi bazarında qıtlıq müşahidə edilir. Karantin dövründə baha kirayə verilən evlər boşaldı və bu günə qədər boş qalan mənzillər var. Ancaq 300-500 manata kirayə verilən ucuz mənzil və həyət evlərinə tələbat daha çoxdur. Qiymətlərdə isə artım müşahidə olunur. Təhsil müəssisələrinin açılması ilə təlabat artdığı üçün qiymətlərə də artım baş verdi.

"Tələbələr, kirayə ev tapa bilmirlər. Yeni tikilən binalarda qiymət artımı qaçınılmazdır. Kirayə bazarında da tələbat çox olacaq və qiymətlərdə yenidən artım olacaq",- deyə ekspert bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »