Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mənim ilk övladım yəhudidəndir - mən necə faşist ola bilərəm?"
"Mənim ilk övladım yəhudidəndir - mən necə faşist ola bilərəm?"

Azərbaycanlılar uzun illər boyu dünyanın bütün ölkələrinə köçərək həyat və fəaliyyətlərini davam etdirməyə çalışıblar. Onların hər zaman üzərində Azərbaycanı tanıtmaq məsuliyyəti də durub.

Nadir Hollenbrand İsveçdə Azərbaycnaın tanıdılması üçün uzun illərdir çalışan diaspor nümayəndəsidir. Hazırda "İsveç Demokratları" partiyasının üzvü olan, "Azərbaycan naminə" təşkilatının sədri N.Hollenbrand, İsveçdə yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı Bizimyol.info saytına danışıb.

- Nadir müəllim, İsveçdə azərbaycanlıların vəziyyəti necədir?

- İsveçdə rəsmi 2700 azərbaycanlı var. Statistikaya görə, burada 40 min azərbaycanlı var. Bunlardan 2700 şimali azərbaycanlı, qalanı isə cənubi azərbaycanlılardır. Həmin kütlə, Xamneyi hakimiyyətə gələn zaman oranı tərk edən insanlardır. Burada insanların həyatı stabildir. İqtisadi problemləri olan şəxslərə dövlət yardım edir. Bu dəstək pandemiya dönəmində şirkətlərə də göstərilib. Yardımlar yoxlanılıb, araşdırılıb və verilib. Edilən yardımlar da geri istənilmir.

- İsveçdə siyasi vəziyyət necədir?

- İsveç neytral ölkədir, buna görə burada vəziyyət hər zaman neytraldır. Siyasi çaxnaşmalar hər yerdə var. Partiyalar, debatlarda bir-birinə qarşı çıxırlar və bir-birlərində gördükləri səhvlər açıq danışırlar. Bəzən bizim partiyanı faşist partiyası kimi qələmə verirlər. Partiyamız "İsveç demokratları" adlanır. Bir düşünün, bizim partiyamız narsist adlandırılır. Səbəb isə bizim partiyanın ideologiyası ilə bağlıdır. Partiyamız İsveçə qaçqınların gəlməsini istəmir. Bizim partiya gələcək qaçqınların problemlərini öz ölkələrində həll etməyə hədəflənir.

Bilirsiniz, bütün dünyada iqtisadi problemlər var. Əgər ölkələr qaçqınları qəbul edirsə, ona çox xərc çəkilir. Bu qaçqınların yaşayışı, evi, onların dil məktəbi və s. var. Bunlar isə böyük vəsait deməkdir. Əgər ölkəni qaçqını qəbul edirsə, bu yükün öhdəsindən də gəlməyi bacarmalıdır. Məhz bu səbəbdən qaçqınların gələ bilməməsi və ya gəlməməsi üçün "İsveç demokratları" qaçqınların problemlərini öz ölkələrində həll etməkdə maraqlıdır.

Partiyamız sərmayələrin qocalar evinə, məktəblərə, polisə, müəllimlərə və xəstəxanlara qoyulmasının tərəfdarıdır. Hər bir ölkədə kriminal hadisələr var. Polis əməkdaşları nə qədər çox olsa, o qədər yaxşıdır. Biz burada polis görəndə çox sevinirik. Burada polis çox azdır. Kriminalın qarşısını almaq, azaltmaq üçün polis işçilərinin sayını artırmaq lazımdır.

- Nadir müəllim, gələn il seçki ilidir. Hazırlıq görülürmü seçkilərə?

- Bəli gələn il seçki olacaq Partiyalar indidən hazırlaşır və bir-birini günahlandırırlar. Ən çox biz günahlandırılırıq. Mən düşünürəm ki, bizi nə qədər günahlandırsalar, biz o qədər səs toplaya biləcəyik. Çünki partiyamızın hədəfi İsveçlə bağlıdır. Sərmayələrin İsveçə qoyulmasının tərəfdarıdır. Bizi həmyerlilərimiz - azərbaycanlılar da çox günahlandırır. Düzdür, ola bilsin bizim partiyadan bir neçə nəfər erməni meyillidir. Amma bəziləri bilmir ki, Eynulla Fətullayev İsveçə gələndə, bizim partiyanın nümayəndələrindən müsahibə aldı. Həmin dövrdə çoxu Azərbaycan tərəfdarı idilər. Riqstaqda - parlamentdə 450 nəfər gənc toplanmışdı. Partiya liderləri çıxış edirdi. Gənclər Qafqazla bağlı suallar verdi. Bizim partiyanın sədri, Azərbaycan prezidentinin apardığı siyasəti dəstəklədiyini bildirdi. Burada çoxu, qondarma soyqırımı qəbul edən partiyanın üzvüdür. Biz o partiyaya necə üzv ola bilərik?

- Bir müddət əvvəl sizin şəxsinizə qarşı da bəzi qarayaxma kampaniyaları aparılırdı...

- Bəli, çox oldu. Hədələnirdim. Bir internet tv-də var idi, orada məni faşist partiyasının üzvü olmaqla günahlandırırdılar. Mənim ilk övladım, yəhudidəndir. Mən necə faşist ola bilərəm? Bu insanlar sözübitmiş insanlardır. Qarayaxmağa çalışırlar. Mən Biləsuvarlıyam, biləsuvarlı necə faşist ola bilər? Ordan faşist çıxa bilərmi? Bu təzyiqlər, sözdə təzyiqlərdir. İnsanlar ortada yaxşı iş görəndə, iş görən görəndə ona qarayaxmağa çalışır. Özünü müxalifət adlandıran bir qrup, Azərbaycanla bağlı diaspor işlərinin yaxşı aparıldığını görəndə narahat olur və işlə məşğul olanı da narahat edirlər. Bunlar hər zaman olacaq.

Partiyamızın nəticələri yaxşıdır. Seçkilərdə milyon səs yığa bilirik. 62 nəfər nümayəndəmiz parlamentdədir. Əgər seçkilərdə iki milyon səs yığa biliriksə, bu böyük uğurdur. Hansı ölkədə seçici, faşistə iki milyon insan səs verər? Heç bir ölkədə.

- Diasporla İş üzrə dövlət Komitəsinin sədri dəyişdi. Nazim İbrahimovu Fuad Muradov əvəz etdi? Hansı fərq var?

- Heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan naminə çalışırdı. Bəli, komitədən dəstək var. Komitə, daha çox gənclərə üstünlük verir. Ancaq yaşlı və təcrübəli qrupdan da uzaqlaşmaq lazım deyil. Gəncləri dəstəkləmək lazımdır ki, onlar partiyalara yayılsın və iqtisadiyyata meylli olub Azərbaycanı tanıda bilsin. Başqa yolumuz yoxdur.

Torpaqlar işğaldan azad edilib, daha problemimiz qalmayıb. Bizim bu gün təkcə "Xocalı" adlı problemimiz var. Bunun üzərində biz hər zaman işləyirik. Bu məsələ parlamentdə müzakirəyə çıxarılır. Məsələn; 2012-ci ildə ilk dəfə İsveçdə müzakirəyə çıxarılmışdı bu məsələ. Gələn il "Xocalı" faciəsinin ildönümüdür. İşçi qrupu yaradılır. Çalışacağıq ki, yenə də, müzakirəyə çıxaraq. Siyasətçilərlə görüşək, siyasətçilərə faktlar və sübutlarla sənədləri təqdim edək. Qətnamələrin surətini paylayaq. Ermənilərin törətdiyi vəhşiliklərdən söhbət gedirsə, biz bir daha "Xocalı" faicəsini tanıtdırmağa çalışacağıq. Əlbəttə ki, qarşımızı kəsən ermənilər çoxdur. Bunlar, əsasən ərəb ölkələrindən gələn ermənilərdir.

Biz ermənilərlə 100 ildən çox ermənilərlə birlikdə yaşamışıq. Yəqin ki, indi də çalışacağıq yaşayaq. Skandinav ölkələri arasında da böyük problemlər olub. İndi sakit və müharibəsiz yaşayırlar. Bir-birinin iqtisadiyyatını dəstəkləyirlər. Biz də Qafqazda buna nail ola biləcəyik. Bizim güclü prezidentimiz var. Hər şeyi həll edəcək!

-İsveçdə azərbaycanlılara yüksək vəzifələr verilirmi? Bildiyimə görə, bir çox ölkələrdə azərbaycanlılar yüksək vəzifələr verilmir.

- Aktiv partiya fəaliyyəti olan şəxslər, hər zaman irəlidə olur. Müəyyən mərhələlərdən keçmək vacibdir. Burada hər bir şəxs öz namizdəliyini irəli sürə bilər, seçkilərdə. İsveçdə azərbaycanlılarla bağlı olan yaxşı nəticə, başqa ölkələrdə yoxdur. Gənclərimizdən yerli bələdiyyələrin deputatı olanlar var. Parlamentdə gənc azərbaycanlı qızı deputatdır. Bizdə insanlar, siyasi tərəfdən daha aktivdir və nəticə göz qabağındadır. Burada banklarda və bələdiyyələrdə çox sayda azərbaycanlılar çalışır. Gənclərimiz, ağıllı və qabiliyyətlidir. Onlar gələcəkdə daha yüksək yerləri tuta biləcəklər. Buna inanıram.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »