Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın hamiləlik dövründə peyvənd olunmalıdırmı...
Qadın hamiləlik dövründə peyvənd olunmalıdırmı...

Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov, artıq Azərbaycanda yeni doğulan körpələr arasında koronavirusa yoluxma hallarının qeydə alınması ilə bağlı məlumat verdi. Bu açıqlama ölkə gündəmində ciddi müzakirələrə səbəb oldu. Çünki, bu günə qədər tibb mütəxəssisləri və ekspertlər, körpələrin ana bətnində ikən bu virusa yoluxma ehtimalının olmadığını bildirirdilər. Hətta bir çox beynəlxalq səhiyyə mütəxəssisləri ana bətnindən və ana südündən körpənin koronavirus yoluxmadığını iddia edirdilər. Ancaq bu açıqlamadan sonra aydın oldu ki, yenidoğulmuşlar da “COVID-19” virusuna yoluxa bilərlər. Hətta yoluxma ana bətnində də baş verə bilər

Burdan da belə bir sual yaranır:

  • Körpə, ana bətnində virusa hansı hallarda tutula bilir?
  • Onların yoluxma ehtimalı nə qədər yüksəkdir?

Tanınmış pediatr-həkim Vaqif Qarayev Bizimyol.info saytına açıqlamasında, pandemiyanın ortaya çıxdığı ilk gündən yayılan proqnozların bir çoxunun düz çıxmadığını diqqətə çatdırdı:

“Əvvəllər “COVID-19”-un hamilə qadından dölə keçmədiyini deyirdilər. Tibbi baxımdan fikir doğrudur. Amma praktika sübut etdi ki, yoluxma mümkündür. Bəs hardan və necə yoluxur? Deməli belə bir risk mövcuddur. Araşdıranda isə aydın olur ki, uşaq doğulandan sonra xəstəxanada yoluxa bilər”.

Vaqif Qarayev Vaqif Qarayev, pediatr

Əvvəllər bəzi elmi mənbələrdə belə bir faktla bağlı müəyyən sualların yarandığını söyləyən həkim qeyd edib ki, bu günə qədər dölün qan vasitəsilə yoluxması ehtimalını təsdiq edən olmayıb:

“Yaranan suallardan biri də, hamilə qadınların vaksin olub-olmaması ilə bağlı idi. Bəzi ölkələrdə tibb alimləri onların da vaksin olunmasının vacibliyini söyləsələr də, digər ölkələrin alimləri bundan imtina edirlər.

Ölkəmizdə də bir müddət əvvəl hamilə qadınların da peyvənd olunması ilə bağlı tövsiyələr irəli sürüldü, amma sonra bu mövzu bağlandı. Amma mən düşünürəm ki, hamiləlik dövrünü yaşayan qadın, bətnindəki körpəni qorumaq üçün mütləq peyvənd olunmalıdır. Hətta övlad dünyaya gətirməyi planlaşdıran ailələrdə də qadınlar hamiləlikdən əvvəl vaksin vurdurmalıdırlar”.

Həkim-ekspertin sözlərinə görə, dünya praktikasında koronavirusa yoluxmuş hamilə qadınların sağlam körpə dünyaya gətirməsi ilə bağlı kifayət qədər fakt mövcuddur:

“Statsitikaya baxsaq, yoluxmadan sonra sağlam doğulanların sayı həddindən çoxdur. Əgər yeni doğulanlardan biri belə yoluxursa, artıq bu, xoşagələn hal deyil. Yoluxmadan ölübsə, artıq bu bir siqnaldır”.

Ölkəmizdə belə bir faktla bağlı bu vaxta qədər heç bir məlumat verilmədiyini deyən həkimin sözlərinə görə, Erkin Rahimovun bu açıqlaması artıq ölkəmizdə də belə bir faktın mövcudluğunu sübut etdi: “Deməli, körpələr də, bu virusa yoluxa bilərlər – ya ana bətnində, ya da dünyaya gəldikdən sonra... Bütün hallarda bu açıqlamanı bir siqnal kimi qəbul etmək lazımdır”.

Belə bir hadisə ilə bağlı ilk faktın hələ bir ay əvvəl Gürcüstanda aşkar olunduğunu deyən müsahibimizin sözlərinə görə, həm anada, həm də körpədə COVID-19 virusunun aşkar olunması ilə bağlı rəsmi məlumat verildi: “Bir neçə gün sonra isə, hər ikisinin dünyasını dəyişdiyi açıqlandı. Artıq bu ölkədə günaşırı anaların və körpələrin virusa yoluxması ilə bağlı xəbərlər oxuyuruq. Gürcü həmkarlarımla onlayn danışıqlarda və ya mesajlaşmalarda bununla bağlı müzakirələr aparmışıq. Bu faktın yaranma səbəbi ilkə bağlı onlara sual verəndə, heç bir cavab verə bilmirdilər”.

  • Bəs körpənin ana bətnində ikən virusa yoluxmaması üçün hamilə qadına hansı profilaktik tədbir görülməlidir?
  • Ümumiyyətlə, belə bir tədbir mövcuddurmu?

Ekspertin sözlərinə görə, hamilə qadınlar koronavirusun yayıldığı ilk günlərdə olduğu kimi, üç əsas qaydaya əməl etməlidirlər: “Sosial məsafə qorunmalı, maskadan düzgün istifadə edilməli və gigiyenik qaydalara əməl olunmalıdır. Hamiləlik, qadın orqanizmi üçün ağır yük olduğu üçün onlar özlərini daha ciddi qaydada qorumalıdırlar. Çünki bu dövrdə immunitet aşağı düşür və istənilən virusa yoluxma ehtimalı da artır.

Evində hamilə qadın olan ailə üzvləri də körpənin sağlam doğulması üçün diqqətli olmalı, vaksin olunmalı və onlarla yaxın təmasdan qaçmalıdırlar. Onları tək koronavirusdan deyil, mövsümi xəstəliklərdən də qorumaq lazımdır ki, anaya və onun bətnindəki körpəyə zərər dəyməsin”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »