Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi
Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi

“Azəriqaz” İB: “Bu artım çox kiçik olsa da, qurumun daha rentabelli olmasına xidmət edəcək”

“Azərişıq” ASC: “Qiymətlərin artırılması satış tariflərinin yenidən tənzimlənməsi zərurətini yaradır”

Tarif (qiymət) Şurasının 16 oktyabr tarixli iclasında elektrik enerjisinin tarif tənzimlənməsinə dair qərarına əsasən, əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.

Bundan başqa, qeyri-əhali üzrə büdcə təşkilatları, ticarət, xidmət sahələri və sənaye üzrə elektrik enerjisinin qiyməti 9 qəpik/kVts-dan 10 qəpik/kVts-a artırılır. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 1 kilovat/saat (kVts) üçün 6,6 qəpik səviyyəsində müəyyənləşdirilir, gecə-gündüz tarifi yalnız almüminium sənayesinə tətbiq olunmaqla ortalama tarif 4,55 qəpik/kVts-dan 5 qəpik/kVts-a artırılır.

Qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib.

Bu qərarın mavi qaz sərfiyyatı ilə bağlı hissəsini şərh edən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Bizimyol.İnfo-ya açıqlamasında bildirdi ki, bugünədək əhalinin illik istifadə olunan 1200 kub metr qaza görə abonent 10 qəpik ödəyirdisə, bundan sonra 12 qəpik ödəyəcək:

“Sahibkarlıq subyektləri isə ilkin limit əsasında 1200 kub metr üçün 20 qəpik ödəyirdilərsə, bundan sonra 22 qəpik ödəyəcəklər. Bu artım çox kiçik olsa da, “Azəriqaz”ın daha rentabelli olmasına xidmət edəcək. Digər limitlər üzrə, yəni 1200 kub-metrdən 2500 kub-metrədək, eləcə də bundan da artıq limitlərə görə müəyyən olunan 20-25 qəpiklik tariflərdə isə heç bir dəyişiklik olunmadı”.

Qurum rəsmisi, hazırda dövlətin marağında və diqqətində olan bir məsələni də diqqətə çatdırdı:

“Bu da ondan ibarətdir ki, dövlət müəssisələri və qurumları dövlət büdcəsindən asılı olmasınlar və rentabelli işləsinlər. Bu baxımdan da dünya bazarlarında qazın qiymətinin qalxması və bunun digər xidmətlərə təsiri, eləcə də bu xidmətlərdə də qiymətlərin artması bu qərarın verilməsini şərtləndirir. Ümumilikdə isə qiymət artımı “Azəriqaz” İB-nin göstərdiyi xidmətin qiymətində də müəyyən dəyişikliyin edilməsi zərurətini yaratdı”.

Bu artımın əhalinin ödəmə qabiliyyətinə hər hansısa təsiri olacağına inanmadığını deyən E.Vəliyev fikrini belə əsaslandırıb ki, bu artım çox böyük rəqəmlərlə ifadə olunmadı:

“Bu baxımdan da bu dəyişikliyin əhalinin maddi rifahına mənfi təsir edəcəyini düşünmürəm. Sadəcə bu zərurət yaranmışdı. Diqqətinizə çatdırım ki, İB-nin qazın limitinə və ya tariflərinə hər hansı bir formada müdaxilə etmək səlahiyyəti yoxdur. Sadəcə biz bu qərarın icrası ilə məşğuluq”.

“Azərişıq” ASC Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli Bizimyol.İnfo-ya açıqlamasında bildirdi ki, quruma verilən elektrik enerjisinin qiymətlərinin artırılması topdan və parakəndə satış tariflərinin yenidən tənzimlənməsi zərurətini yaradır.

“Azərenerji” ASC-nə verilən elektrik enerjisinin tarifinin 5,9 qəpikdən 6,6 qəpiyə çatdırıldığını diqqətə çatdıran müsahibimizin sözlərinə görə, bu zaman “Azərişıq” ASC-nə aid olan strukturlar içərisində bu bu tarif bögüsünü yerinə yetirmək vacibdir. Buna görə də əhali üçün 200 kv/saata qədər 8 qəpik, 200 kv/saatdan 300 kv/saata qədər 9 qəpik, bundan yuxarı rəqəm üçün isə 13 qəpik həcmində müəyyənləşdi. Qeyri-əhali abonentləri üçünsə iki kateqoriya müəyyənləşdi ki, bunlar ticarət, xidmət və digər sahələridir. Bu sahələrdə olan abonentlər üçün tariflə 9 qəpikdən 11 qəpiyə, digər sahələr üçünsə 9 qəpikdən 10 qəpiyə qaldırıldı”.

Qurum rəsmisi bildirdi ki, əhali abonentlərinə daxil olan güzəştli kateqoriya üçün 300 kv/saat elektrik enerjisi tətbiq olunurdu:

“Yeni tarif tənzimləməsində də bu güzəşt müəyyən qədər saxlanıldı. Bu necə oldu? Bu dəfə güzəşt 200 kv/saat həcmində müəyyənləşdi və burada minimum istehlak səbəti nəzərdə tutuldu. Belə ki, səbətə uyğun olaraq, bir nəfər üçün 50 kv/saat olaraq müəyyən olundu. Orta statistik ailədə 4 nəfər olduqda, bu rəqəm 200 kv/saat təşkil edir”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »