Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tarif Şurasının bu qərarı çox absurddur"
"Tarif Şurasının bu qərarı çox absurddur"

Natiq Cəfərli: “Qiymətlərin artırılması yolu ilə itirilən vəsait, əhalinin cibindən çıxarılır”

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” qərarına dəyişiklik olunub.

Bizimyol.info Tarif Şurasına istinadən xəbər verir ki, dəyişikliyə əsasən, əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir.

Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır.

Qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.

  • Bəs bu qərarın verilməsi nə dərəcədə doğrudur?
  • Tarif Şurası, qaz və işığın istifadə qiymətlərini artırmaqla nəyə nail olmaq istəyir?

İqtisadçı-ekspert Natiq Cəfərli, Tarif Şurasının qərarı ilə bağlı Bizimyol.info saytına açıqlamasında, hələ cari ilin əvvəllindən komunnal xidmətlərin, xüsusilə də, qaz və işığın qiymətlərinin artırılması bağlı gözləntilərin olduğunu diqqətə çatdırdı:

Natiq Cəfərli Natiq Cəfərli

“Hökumət, bu qərarı dünya bazarlarında gedən proseslərlə əlaqələndirsə də, bu məntiq doğru deyil, hətta çox absurddur. Çünki, Azərbaycan idxalçı ölkə deyil, ixracatçı ölkədir. Ölkəmiz nefti, qazı və elektrik enerjisini idxal etmədiyi üçün dünya bazarlarında gedən proseslərlə əlaqədar qiymət dəyişlikliyinə getmək məcburiyyətində deyil. Son dövrlərdə isə qaz ixracatını sürətlə artıran bir ölkəyə çevrilməkdədir”.

Ekspertin sözlərinə görə, sadəcə hökumət dünya bazarlarında baş verən prosesləri bəhanə edərək, Tarif Şuası vasitəsilə əhalinin sosial vəziyyətini düşünmədən belə bir qərarlar verir və nəticə etibarı ilə əhalinin yoxsullaşmasına səbəb olur:

“Kommunal xidmətlərə ödənişlər artdıqca, əhalidə digər sahələrdə ödənişləri azaltmaq məcburiyyəti yaranır. Daha pis qidalanır, geyinir və səhiyyə xərclərinə daha az vəsait ayırır. Bunun nəticəsində də on minlərlə, hətta yüz minlərlə insanın gündəlik həyatına ciddi zərbə dəyir”.

N.Cəfərli düşünür ki, dövlətə pulsuz verilən qazın əhaliyə yönəltmək əvəzinə, qiymətləri qaldırmaq və bunu dünya bazarları ilə əlaqələndirmək məntiqə uyğun deyil:

“Uzun illərdir ki, BP-nin operatoru olduğu Azəri-Günəşli-Çıraq yatağından bir ildə əldə edilən təxminən 2,5-3 milyard kub-metr qaz Azərbaycana pulsuz verilir. Əhalinin işlətdiyi qazın həcmi illik təqribən 4,5 milyard kub-metrdir. Qərarın səbəbi dövlət şirkətlərinin büdcədən onlar üçün ayrılan dotasiyadan çıxarılması ilə bağlıdır. Gələcəkdə dövlət büdcəsindən alınacaq maliyyə yardımı indidən dövlətin çiyninə yüklənir. Dotasiyalar azaldıqca, qiymətlərin artırılması yolu ilə itirilən vəsait əhalinin cibindən çıxarılır ki, bu da kökündən yanlışdır”.

Ekspertin sözlərinə görə, qiymət artımı əhalidə narazılıq yaratsa da, ciddi partlayışa səbəb olmayacaq:

“Yalnız sosial şəbəkələrdə müəyyən narazılıqlar ifadə olunacaq. Bunun hər hansı bir formada təzyiq vasitəsinə çevrilib. Azərbaycan hökümətinə tələblər şəklində bildiriləcəyini düşünmürəm. Bu il seçki ili olmadığından və yaxın perspektivdə seçkilərin keçiriləcəyi gözlənilmədiyindən hökumət qiymət artımında daha rahat davranır və növbəti seçki dövrünə qədər də bu tipli qeyri-populyar addımlar atmaqda davam edəcək”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »