Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...

Ötən əsrin axırında “İzvestiya” qəzetində bir karikatura çıxmışdı. Adamlar ailə-uşaqlar zooparka gediblər, şirin qəfəsi qarşısında dayanıb baxırlar. Şirin qabağında böyük bir ət parçası var. Karikaturanın altında elə-belə də yazılmışdı: “Onlar hər gün bura ətə baxmağa gəlirlər”...

Bu gün də Bakıda hamı axışıb heyvanxanaya. Ayrı vaxt yanından ötüb keçəndə ağız burunlarını tuturdular. “Şəhərin ortasında da heyvanxana olar?! İydən boğulduq” deyənlər də az deyildi. Hətta zooparkın iyindən narahat olanlar səhər-axşam gəzişdikləri “Dədə Qorqud” parkından da “soyumuşdular”.

Sonra bir ara xəbər çıxdı ki, zoopark Qobuya köçürüləcək. Camaat arasına vəlvələ düşdü; Qobu uzaqdadır deyə giley-güzar başladı, hay-haray qopdu. Bu arada zooparkın yolunu heç tanımayanlar hamıdan bərk qışqırırdı. Qobu söhbəti də yığışdırıldı. Yenə zooparkı unutduq; heyvanlara veriləsi əti-südü kimlər yeyir-içir, heç maraqlanmadıq.

İndi! Zooparkın “Evroremont”undan – rəsmi açılışdan sonra camaat axışıb ora. Bəlkə eləsi var ki, heç boşadığı qadına, atdığı uşağa, şikəst atasına, xəstə anasına, ac yatan qonşu yetimə, böyür-başındakı əlilə-zəlilə baxmır, amma durub gedib heyvanlara baxmağa - Amur pələnginə, Kamerun keçisinə, Afrika şirinə, Amerika yenotuna, Nil timsahına, şotland ponisinə, Ağdəniz tısbağasına...

Adama deyərlər, o tısbağa o Nildə ortalama 190 il yaşayır, bəs sən bu gözəlim ölkədə neçə il tab gətirə bilirsən, ay yazıq?!

Götür, Dövlət Statistika Komitəsinin məlumatını yaxşı-yaxşı oxu, bax! Görəcəksən ki, 2019-cu ildə sən Azərbaycanda ortalama 76,4 il ömür sürə bilirdin, 2020-də bu rəqəm 73,2-yə düşüb. Hə, pensiyanı o böhranlı 90-cı illərdəkindən 8-10 il gec alacaqsan, amma 2019-cu ildəkindən ən azı 3 il tez öləcəksən.

Sən bu 73,2 ilinlə durub orta hesabla 86 il yaşayan o filin qabağına necə gedirsən?! 100-200 il boyunca həyatın dadını çıxaran böyük kərtənkələnin nəyinə baxacaqsan?! Ki, onun gəncliyinə tamaşa etməyə sənin heç pensiya yaşın da çatmaz...

Sən get, insanlara bax!

Yaponiyada ortalama 81 ildən çox yaşayan kişilərə, orta yaşı 87-dən də ötüb keçən qadınlara bax. Qərbi Avropa, Şimali Amerika insanlarına bax. İmkan elə, Hindistana uç. 1835-ci ildən bu yana ayaqüstə gəzən Mahashta Murasinin qapısını döy. Əgər pandemiyadan sağ çıxıbsa, onu tap və de ki:

“Mən 65 yaşımda (qismət olsa) pensiyaya çıxacam, bəxtim gətirsə, 5-6 il 200 manat pensiya alacam.”

O “növcavan” Murasi qayıdıb soruşsa ki, bəs ayda 4000 pensiya yeyən Tağı Əhmədov, Hüseynbala Mirələmov kimdir elə?!

Özünü itirmə... Heç nə də demə. Sirrimizi yadlara açma. Sakitcə qayıt, gəl, yenə heyvanlara bax...

...Hə, bu arada yaltaqların nəzərinə: buqələmun nə qədər rəngdən-rəngə düşüb də, dondan dona girsə də, yenə ən yaxşı halda 5 il yaşayır, biləsiniz!

Qara Şəhərli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »