Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”

Bu günlərdə Göyçay rayonu İnçə kənd sakini şəhid anası Abdulxalıqova Solmaz Heydər qızı tərəfindən xəbər saytlarında Azərbaycan prezidenti İlham Əliyevə şikayət məktubu ünvanlanıb.

Bizimyol.info xəbər verir ki, şəhid anası məktubunda, Göyçay RİH başçısı Mehdi Səlimzadənin onun müraciətlərinə cavab vermədiyini diqqətə çatdırıb. Oğlu Teymur Abdulxalıqovun 7 yanvar 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu yazan S.Abdulxalıqova, min bir zəhmətlə tikdiyi evinin 30 may 2021-ci il tarixdə elektrik qısaqapanmasından içindəki əşyaları ilə birlikdə tamamilə yanaraq külə döndüyünü qeyd edib.

Həmin gündən çöllərdə qaldığını vurğulayan şikayətçi, bir neçə il əvvəl şəhid anası kimi ev növbəsinə dayandığını və qeydiyyata alındığını bildirir:

“Ancaq hələ də növbəmin çatmamasını əsas gətirib mənə mənzil verməyiblər. Evim yandıqdan sonra bir neçə dəfə Göyçay icra başçısı Mehdi Səlimzadənin qəbulunda oldum. Ona, evim yandıqdan sonra çöllərdə qaldığımı nəzərə alaraq mənə növbədənkənar yeni mənzilin verilməsini və ya inşa edilməsini xahiş etdim. Ancaq icra başçısı hər dəfə məni get-gələ salaraq başından etdi”.

İcra başçısının onu heç cür başa düşmək istəmədiyini yazan 80 yaşlı şəhid anası üzünü dövlət başçısına tutaraq, övladının I Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olduğunu diqqətə çatdırır:

“Övladım torpağını, millətini qoruyaraq şəhid olub. 80 yaşım var, uzun illər dişimlə-dırnağımla tikərək yaşadığım evimin yanması həyatımı tamam məhv etdi. Cənab prezident cənab İlham Əliyevdən xahiş edirəm, şəhid anası olduğumu, evimin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədənkənar mənzil verilməsinə (inşa edilməsinə) köməklik göstərəsiniz”.

Qeyd edək ki, şikayət məktubu ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətindən şikayətə cavab verilib. Cavabda, I Qarabağ müharibəsi şəhidinin anası Solmaz Abdulxalıqovanın rayon icra başçısı Mehdi Səlimzadə tərəfindən qəbul olunduğu qeyd edilib.

“Artıq şəhid anası mənzillə təmin olunması üçün RİH başçısının sərəncamı ilə güzəştli mənzil uçotuna alınıb” – deyə cavabda vurğulanır.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »