Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölkədə qiymət artımı mütləq baş verəcək"
"Ölkədə qiymət artımı mütləq baş verəcək"

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasında 62 milyon 877,4 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox olub. Belə ki, həmin dövrdə ölkədə istehsal olunan ÜDM 52 milyon 74 min manat həcmində olub.

Bizimyol.info rəsmi statistikaya istinadən xəbər verir ki, neft-qaz sektorunda əlavə dəyər 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb. Ötən ilin eyni dövründə neft-qaz sektorunda əlavə dəyərin 6,4 faiz, qeyri neft-qaz sektorunda isə 2,4 faiz azaldığı qeydə alınıb.

  • Bəs bu artım iqtisadi inkişafa və artımının əhaliyə təsiri necə olacaq?
  • İstehsal artımının ölkədə bahalaşmaya səbəb olacağını gözləmək olarmı?

1992-1993-cü illərdə Azərbaycan Respublikasının sabiq maliyyə naziri işləmiş, hazırda Azərbaycan Mühəndislər Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru, professor Saleh Məmmədov Bizimyol.info saytına açıqlamasında, ÜDM istehsalında artımın olmasını müsbət hal kimi dəyərləndirdi.

Saleh Məmmədov Saleh Məmmədov

Bu artımın əhalinin sosial rifahına kömək edəcəyini deyən müsahibimiz, bununla belə 4,8 faizlik artımın Azərbaycan üçün yaxşı hal olmadığını diqqətə çatdırdı:

“Bu il, təkcə işğaldan azad olunmuş Qarabağın hesabına 4-5 faizlik artım baş verməliydi, amma bu artım baş vermədi. Çünki, aidiyyəti dövlət qurumları düzgün planlaşdırma aparmadılar”.

Müsahibimiz düşünür ki, ÜDM istehsalında artımın olması ölkədə bahalaşmaya səbəb olacaq: “Bahalaşmanın qarşısını almaq üçün müəyyən üsullardan istifadə etmək lazım idi, amma aparılan proqnozlaşdırma da əks istiqamətdə aparıldı və dövlət tərəfindən tənzimlənən məhsulların qiyməti artdı. Bu da iqtisadiyyatın inkişafına ziddir. Çünki, ilk növbədə ixracın həcmi azalır və inflyasiyanın səviyyəsi artır. Qonşu dövlətlərdə inflyasiyanın qarşısını almaq üçün genişləndirici siyasət həyata keçirilir. Bunun sayəsində də milli valyutaları dəyərdən düşür və iqtisadiyyat, xüsusilə də ixracat stimullaşdırılır”.

Müsahibimiz qeyd edib ki, iqtisadiyyatın inkişafı və ÜDM istehsalının artımı ilə bağlı rəsmi qurumlar tərəfindən verilən yanlış qərarlar ölkədə inflyasiyanın sürətlənməsinə ciddi təsir göstərdi: “Bütün hallarda iqtisadi artım inflyasiyanın tənzimlənən səviyyədə artması deməkdir. Yəni, qiymət artımı mütləq baş verəcək və bundan qaçmaq mümkün deyil”.

Qeyd edək ki, Dövlət Statisitka Komitəsinin hesabatında, məhsula və idxala xalis vergilərin ÜDM-in 9,1 faizini təşkil etdiyi əks olunub. Ötən ilin müvafiq dövründə isə bu həcm 10,2 faiz olub.

Açıqlamanı dəyərləndirən iqtisadçı-alim bildirdi ki, xalis vergilər bir qədər azalsa da, bu, iqtisadiyyatın inkişafına stimullaşdırıcı təsir göstərir: “Vergilərin həcmi azaldıqca, həm dövriyyədə olan pul olduğu kimi qalır, həm də yeni iş yerləri və istehsalat sahələri yaranır. Azərbaycanda resurslar çox böyük olsa da, təəssüf ki, müvafiq orqanlar tərəfindən bu resurslardan düzgün və səmərəli istifadə olunmur. Təxmini hesablamalara görə, Azərbaycanın 160 milyard manatlıq məcmu kredit ehtiyatları var. Ancaq bunun 14-15 milyard manatı kreditləşmədə istifadə olunur. Bu resursları da iqtisadiyyata cəlb etmək olar. Amma maliyyə manevrləri, qeyd edilən vəsaiti cəlb etmək üçün istənilən səviyyədə deyil. Bu vəsaitin böyük hissəsi evlərdə sandıqlarda, qeyri-rəsmi hesablaşmalarda, ayrı-ayrı təşkilatların bank hesablarında və xarici banklarda qeyri-qanuni saxlanılır. Əgər bunun 30-40 faizi ölkə iqtisadiyyatına cəlb olunsa, həddindən artıq böyük bir artıma səbəb olacaq”.

S.Məmmədovun sözlərinə görə, torpaqlarımız işğalda olan zaman hər il erməni əhali tərəfindən 3-4 milyon dollarlıq ÜDM istehsal olunurdu: “Artıq bunun qarşısı alınıb və əldə edilən vəsait ölkə büdcəsinə daxil olur. Bu vəsaiti də əhalinin sosial vəziyyətin düzəlməsinə və iqtisadi inkişafa sərf etmək olar. Ancaq iqtisadiyyatla bağlı rəsmi qurumlarımız düzgün proqnozlaşdırma aparmadılar və inkişaf proqramlarına salmadılar”.

Azərbaycanda illik ÜDM istehsalının 43 milyard manat səviyyəsində olduğunu deyən iqtisadçı-alimin sözlərinə görə, təkcə bunun 3-4 milyard manatı azad olunan torpaqlardan əldə edilən vəsaitlərdir: “Bu da ÜDM istehsalının artımına birbaşa təsir göstərir. Ancaq təəssüf ki, rəsmi orqanlar həm prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən, həm də müharibədən qalib çıxmağımızdan sonra ölkədə yaranmış şəraitdən yararlanmaq istəmirlər”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »