Əslində bilirəm ki, belə mövzular oxunmur. Camaatımız ciddi məsələlərə maraq göstərmirlər. Yenə də yazıram ki, bəlkə oxuyan ola. Və bəlkə də biz – yazarlar özümüz də durumu dramatikləşdirirk. Bəlkə də elə ciddi şeyləri az adam oxuyanda daha təsirlidir. Bir var, çox adam oxuyub anlamasın, təhrif edərək başqalarına danışsın. Bir də var anlayan adam oxusun, ətrafını aydınlada bilsin. Ya da ola bilsin, yazdığımız heç o qədər də ciddi deyil, sadəcə, biz elə görünür.
Hər nə isə artıq!
Hansısa araşdırmada oxumuşdum ki, məsələn, Braziliya kimi böyük və mürəkkəb bir cəmiyyətdə ölkədə vəziyyəti kökündən dəyişəcək cəmi 500 adama ehtiyac var. Yüksək erudisiyası, vətandaş yanğısı ilə yanaşı canından keçəcək qədər fədakar 500 nəfərdən söhbət gedir.
Halbuki 8,5 milyon kvadrat kilometrlik ərazisi olan Braziliyada 200 milyondan çox insan yaşayır. Və bu 200 milyonun içində... 500!
Bəlkə də mövzuya girişi çox uzun biləcəksiniz. Amma zahirən belədir. O 500 nəfər o 200 milyona elə mesajlar ötürə bilər ki!.. Yer yerindən oynayar.
Uzağa getməyək. Bu gün keçmiş prezident Saakşvilinin Gürcüstana qayıtması və həbs edilməsi 100-150 minlik mitinqlərə səbəb olub. Bu 100-150 min isə milyonlarca gürcünün fikir, hiss və münasibətinin ifadəsidir. Bir nəfər öz ətrafındakı bir neçə yüz adamla bütün cəmiyyəti ayağa qaldıra bilir.
Saakşvilinin və həmfikirlərinin gücünün qaynağı onların topluma verdiyi mesajlardadır. Şüurlara, hətta təhtəlşüura ötürdükləri doğru siqnallardadır. “Həbs olunacağımı bilə-bilə, sizi azad etməyə gəlirəm”. Bu, beyinlərdə özünün fədakar obrazını yaratmaq, yaxud yenidən yaratmaq kimi siyasi priyomdur – özündən aşırma kimi...
Əslində Saakşvilinin Gürcüstanda rəqibi Qaribaşvili deyil. Heç İvanaşvili də deyil. O, bu saat Tiflisdə... Putinlə “güləşir”. Rusiya Prezienti cüdoçudur; güləşin bu növündə ağrıdıcı, boğucu fəndlərə izn var. Saakşvili isə “güləş döşəyi”nə... sambo ilə çıxıb...
Boğulacağını, ağrıyacağını da bilərək. Xilaskar obrazı burdan başlanır.
Hamı fədakar olmadığı üçün hanmının xilaskara həmişə ehtiyacı var. Ən azı belə bir obraza. İnsanlar obrazlarla düşünür; Şərq poeziyası nədən qadının çiyinlərinə mələk qanadları taxır, bilirsiniz. Məkrin obrazları isə küpəgirən qarılar, eybəcər ifritələrdir; animasiyalarda da qara qarğa, çalağan görünüşündədir.
Niyə?!
Çünki biz dünyanı obrazlarla tanıyırıq. Adamlara sevgimiz də, nifrətimiz də onların bizə buraxdıqları obrazlaradır, bəlkə də fiziki varlıqlarına deyil. Şərq insanının olayı bəlkə də budur.
Qeys də Leyliyə olan sevgisindən Məcnun olmuşdu, onu dəli edən Leylinin özü deyildi yəqin ki. Leyliyə olan sevgisini Leylinin özündən daha çox sevirdi! Çünki “könül sevən göyçək olar”. Sevginin gözü bu səbəbdən kor idi. Elə nifrətin də.
Bizim bir çoxumuz, ya da elə çoxumuz (bilmirəm artıq!) 18-20 il bundan qabaq da Gürcüstana həsədlə baxırdıq. Bu gün də tarix təkrarlanır. Nəymiş?! Ya bu 18-20 ildə bizim şüurumuzun bir küncündə də olsa, fədakar xilaskar obrazı yaranmadı, ya da belə bir obraza ehtiyac duymadıq. Daha doğrusu, xilaskara. Və yəqin ki, bunun əsas səbəbi gələcəyə də hər zaman keçmiş üzərindən fokuslanmağımızda “gizlənib”. Biz hər zaman “indikindən daha yaxşı olsun” xəyalına köklənmək yerinə, “indikindən daha pis olmasın” fobiyasına yenildik.
Amma indi orta statistik azərbaycanlının şüuruna, ya da təhtəlşüuruna hazır, canlı xilaskar obrazı ötürülüb. Bizi – toplum olaraq çox məsələlər ayırırdı, hətta qarşı-qarşıya gətirirdi. Bizi parçalayan çox nöqtə var (və ya vardı). Amma hər zaman bir nöqtədə birləşirdik (birləşirik də). Bu da torpaqdır. Torpağımızın əlimizdən alınması təhlükəsidir. Bu mənada Qarabağ bir rəmzdir. Onu bizə qaytaranı isə, toplum olaraq fədakar xilaskar obrazında görmüşük və görürük. “Torpaqdan pay olmaz”ın həmişə bir arxa anlamı vardı: itirilmiş torpağı kim qaytarsa, ona hər şey halaldır kimi...
O üzdən Gürcüstana bir daha həsədimiz, yəqin ki, sadəcə, keçici “siyasi ekstaz” olaraq bitəcək. Saakşvili qalib gəlsə də, məğlub olsa da, görünür, çoxları olayı, sadəcə, öz Olimpiya marağının və emosional enerji boşalmalarının fürsətinə çevirəcəyik...
Çox böyük ehtimalla Tiflisdəki o mitinqlərə baxıb-baxıb, bu dəfə də deyəcəyik: “o Əjdəhadan xaricdə varsa, olsun. Bizə Əjdəha lazım deyil”...
Doğrudan da, düzünü deyin: bizə Əjdəha lazımdır?!

Bahəddin Həzi, Bizimyol.info