Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəblərdə din tədrisi lazımdırmı...
Məktəblərdə din tədrisi lazımdırmı...

"Hər şeydən əvvəl onu qeyd edim ki, bəlkə də ölkəmizin təhsil təcrübəsində ikinci elə bir hal olmayıb ki, “orta məktəblərdə dinin tədrisinə ehtiyac varmı” sualı kimi bir məsələ ətrafında bu qədər mübahisə və müzakirələr aparılmasın. Zaman-zaman, təkrar-təkrar gündəmə gətirilməsin. Diskusiyalara, debatlara və ya polemikalara səbəb olmasın, özünə bu qədər tərəfdar və əleyhdar toplamasın, bir çoxlarını tərəddüddə saxlamasın".

Bu barədə Bizimyol.info saytına danışan təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov qeyd edib ki, tolerantlıqda bütün dünyaya nümunə göstərilirik. Beynəlxalq miqyaslı ən nüfuzlu və mötəbər dini toplantılara ev sahibliyi edirik. Məscid və kilsələrin təmiri və bərpası gündən-günə geniş vüsət alır. Qafqazın ən böyük məscidi ölkəmizdə inşa olunub. Dini bayramlarımızı isə digər millətlərə və xalqlara xas olmayan, xüsusi bir coşqu ilə qeyd edirik. Dini mərasimlərin təşkilində və dini ayinlərin icrasında çoxlarını üstələmişik. Dini abidələrə, ibadətgahlara, ziyarətgahlara axın edirik. Bəlkə, az qala yarıdan çoxumuz cavan və ahıllığımızdan asılı olmayaraq, namaz qılır ya da oruc tutur.

Nadir İsrafilov Nadir İsrafilov

"Digər tərəfdən “Dini etiqad azadlığı haqqında” Qanun qəbul etmişik. Vətəndaşlarımıza istədikləri dildə təkbaşına, ya da kollektiv şəkildə din öyrənmək və dini təhsil almaq hüququ vermişik. Dini mərkəz və idarələr təsis etmişik. Onlara din xadimləri və dini ixtisaslar üzrə digər kadrların hazırlanması üçün dini təmayüllü tədris müəssisələri - mədrəsələr yaratmaq səlahiyyəti vermişik. .Respublika Dini Araşdırmalar Mərkəzi, müxtəlif dini icmalar, ictimai birliklər və çox sayda cəmiyyətlər fəaliyyət göstərir. Daha nələr, nələr" - deyə ekspert əlavə edib.

Ekspertin sözlərinə görə, dini mariflənmə, gənclərin və yeniyetmələrin dini təhsil məsələləri kampaniya xarakteri daşımaqdan o yana gedə bilməyib. Dövlət və dini qurumların yetkililəri, millət vəkilləri və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik olsa belə, məsələnin həlli istiqamətində konkret və praktik addımların atılmasının şahidi olmamışıq: "Bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar dinin tədrisinin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu və əslində, çoxdan həyata keçirilməsi gərəkən bir məsələ kimi dəyərləndirirlər:

“İnsanlar, öz xalqının ədəbiyyatını və tarixini, hətta musiqisini də məktəblərdə öyrənirsə, dinini niyə öyrənməsin?”, “İnsanların öz mənəvi irsini məktəbdə öyrənməsinə niyə haqqı olmasın ki?” kimi suallar qoyanların, “Nə qədər yeniyetmə və gəncimiz radikal-ekstremist, yaxud destruktiv dini cərəyanların təsiri altına düşüb, çünki məktəblərdə dini öyrətməyiblər”, “Uşaqların din haqqında bilikləri, məlumatları məktəblərdə alması həm onların mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini təsadüfi adamlardan öyrənmələrinin qarşısını almış olur” fikrində olanların, gec-tez orta məktəblərdə dini dərslərin tədris olunacağına əminlik bildirənlərin sayı yetərincə olub, günü-gündən durmadan artmaqdadır".

N.İsrafilov hesab edir ki, bununla belə, məktəblərdə dinin tədrisi ilə bağli hər hansı bir fikir ortalığa atılanda, müəyyən bir təklif irəli sürüləndə dərhal məsələni siyasiləşdiririk, ölkə Konstitusiyasını önə çəkirik, təhsilin dünyəviliyini qabardırıq, dərsi necə keçək, kimlər dərs desin, ədəbiyyat haradan götürülsün, proqram necə tərtib olunsun, maliyyə haradan tapılsın və s. bu kimi problemlərlə üzləşirik: "Əsas arqumentlər isə ondan ibarətdir ki, “Orta məktəblərdə dinlər, ilk növbədə isə İslam dini, İslam dininin tarixi şəxsiyyətləri, islam mədəniyyəti, islam mənəviyyatı ilə əlaqədar məlumatlar “Həyat bilgisi” fənni vasitəsi ilə şagirdlərə çatdırılır. İslam dininin bəşəri mahiyyəti, insanlara təlqin etdiyi mənəvi dəyərlər, humanitar fənnlərin tədrisində də uşaqlara mənimsədilir. Ümumi təhsil pilləsinin hər bir səviyyəsində tədrisi nəzərdə tutulan fənlər, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədində, ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənn nəzərdə tutulmayıb”".

Mütəxəssisin fikrincə, Təhsil Nazirliyinin mövqeyi ilə razılaşanlar və anoloji fikirdə olanlar da hesab edirlər ki, orta məktəb elm ocağıdır. Elmdə maarifləndirmə də kifayət qədərdir. Din tarixini şagirdlərə ətraflı tədris etməyə ehtiyac yoxdur. Bu gün məktəbdə uşaqların dərs yükü kifayət qədər yüksəkdir. Onların dini mövzularla daha da yüklənməsi, onsuz da artıq olan dərs yükünün daha da çoxalmasına yol açar.

"Belə görünür ki, problem heç də yuxarıda sadalananlardan ibarət deyil. Problem, fikir ayrılığının olmasında və məsələyə birmənalı yanaşılmamasındadır. Problem pedaqoqların, təhsil üzrə mütəxəssislərin, tanınmış ziyalıların və din xadimlərinin bir araya gələrək məsələni birdəfəlik çözmək istəyinin olmamasındadır. Bəlkə hesab edirik ki, dinin tədrisi dini təriqətlərə, cərəyanlara, sektalara qoşulanların sayını bir az da artırar? Bəlkə də, elə gündən-günə artmaqda olan bu proseslərin qarşısını almaqda ən optimal variant məktəblərdə dini dərslərin keçilməsidir?" - deyə ekspert əlavə edib.

Ekspertin fikrincə, orta məktəblərdə dini biliklərin verilməsi heç də bir çoxlarının fikirləşdiyi kimi, dini simvolların təhsil ocağına daşınması demək deyil və ya dindarlar ordusu yetişdirmək demək deyil. Gəncləri mollalaşdırmaq demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşması, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsi, cəmiyyətin qütbləşməsi demək deyil... Bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir: "Böyük alman filosofu İmmanuil Kant deyirdi ki, "Uşaqlara Ali Varlıq haqqında bəzi anlayışları təlqin etmək lazımdır ki, onlar başqalarının dua etdiklərini görəndə, bunun kimə münasibətdə və nə üçün edildiyini bilsinlər”.

Fridrix Hegel də məsələyə fərqli müstəvidə yanaşırdı: "Din və əxlaq inama əsaslanan vasitəsiz bilik olsalar da, hər halda yenə də tərbiyə və təhsillə vasitələnirlər.”

Bir müddət əvvəl, Milli Məclisin növbəti iclaslarından birində “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılarkən inkişaf etmiş İngiltərə və Finlandiya kimi ölkələrdə dini dərslərin tədris edilməsi nümunə gətirilərək, orta məktəblərdə din tədrisinin vacibliyi vurğulanmış, hətta ölkədə dinlə bağlı ikinci universitetin yaradılması təklif edilmişdi. Türkiyə bir yana, bir çox ölkələrdə, o cümlədən, qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur.

"Bu sahə ilə məşğul olanlar, həmçinin az-çox maraqlananlar yəqin bilməmiş olmazlar ki, heç bir Qanun, normativ-hüquqi akt və ya digər qanunvericilik sənədi orta məktəblərdə dinin əsaslarının tədris olunmasını qadağan etmir və eyni zamanda bu təcrübə demək olar ki, bütün dünya ölkələrində tətbiq olunur. Bu barədə kifayət qədər deyilib və yazılıb. Əksinə, qanunvericilikdə göstərilir ki, dini-idraki, dini-fəlsəfi, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər" - N.İsrafilov əlavə edib.

O ki, qaldı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədindəki ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənnin nəzərdə tutulmamasına, elə isə bu yaxın zamanlara qədər standartlarda və proqramlarda nə “İnformatika”, nə də “Həyat bilgisi” fənləri nəzərdə tutulmuşdu. Hər kəsə məlumdur ki, təhsilin forma və məzmunca yeniləşməsi və təkmilləşməsi fonunda standartlar və proqramlar da zaman-zaman dəfələrlə dəyişib və bundan sonra da dəyişəcək.

Söhbət əlbətdə ki, dinin tədrisinə, məhz bu gün və ya sabahdan başlanmasından, onun ayrıca fənn kimi yaxud fakultativ və ya maraq adlandırılan kurs şəklində öyrənilməsindən, dini tədris sadəcə İslam dinini yoxsa dünya dinlərini əhatə etməlidir sualının qoyuluşuna münasibətdən, fənnin adının məhz dinlə əlaqələndirilməsindən getmir. Söhbət, dinin bəşəri və mənəvi dəyər kimi artıq həyat tərzimizə çevrilməsi ilə nəhayət razılaşmalı olduğumuzdan, daim gündəmimizdə olan məsələ ətrafında orta məxrəcə gəlməməyimizdən, nəhayət mental dəyərlərə fərqli yanaşmalara son qoymaqdan gedir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »