Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...

Türkiyədə Mərkəzi Bankın faiz endirimindən sonra sürətlə yüksəlməyə başlayan dollar rekord ardınca rekord qırır. Dolların qiyməti, necə deyərlər psixoloji həddi keçib. Belə ki, hazırda ölkədə dolların məzənnəsi artıq 9 Türk lirəsini keçib. Bu da o deməkdir ki, təkcə sentyabrın əvvəlindən etibarən lirə 8 faizə yaxın ucuzlaşıb. İllik inflyasiya 19,58 faiz səviyyəsindədir və bu, son iki il yarım ərzində ən yüksək göstərici hesab edilir.

Türkiyədə dolların rekord həddə bahalaşması Azərbaycana necə təsir edəcək? Dollar Azərbaycanda da bahalaşa bilərmi?

"İlin əvvəlindən bəri pandemiyanın təsiri nəticəsində, qlobal əmtəə və maliyyə bazarlarında şokların baş verməsinə baxmayaraq ölkədə makroiqtisadi sabitlik qorunur. O cümlədən hökumətin və Mərkəzi Bankın sıx koordinasiya şəraitində doğru vaxtda gördüyü qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında tarazlıq təmin edilib. Bu şəraitdə son aylar dollarlaşmanın azalması müşahidə edilir".

Bu barədə Bizimyol.info saytına Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev məlumat verib. O, bildirib ki, dünya bazarında neftin qiymətinin artmağa meyil göstərməsi də tədiyə balansını və bazar iştirakçılarının gözləntilərini yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Neftə qlobal tələbin təkliflə müqayisədə daha sürətlə artması, qiymətin artım meyilinin davam etməsini şərtləndirir.

"Brent markalı neftin orta qiyməti oktyabr ayında 82 ABŞ dollarını üstələmişdir. Bütövlükdə, cari ilin sonuna qədər qlobal neft bazarında tarazlığın olacağı gözlənilir" - deyə N.Əliyev əlavə edib.

Namiq Əliyevin sözlərinə görə, I yarımillikdə tədiyə balansının cari əməliyyatlar hesabında 1.9 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun 8%-i səviyyəsində profisit olub. Əlverişli neft qiymətləri və qeyri-neft ixracının yüksək sürətlə artması ilin sonuna tədiyə balansının profisitli olacağını proqnozlaşdırmağa əsas verir: "Profisitli tədiyə balansı valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir".

Qısacası, hələ ki, ölkədə dolların məzənnəsinin sabit qalacağı qeyd edilir.

Bir müddət əvvəl ölkədə neft gəlirlərinin 2 qat olduğu qeyd edilirdi. Mütəxəssislərin fikrincə, Azərbaycanın əsas gəliri neft məhsullarından olduğu üçün dolların məzənnəsi də birbaşa neftin qiyməti ilə əlaqəlidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »