Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda qış təkərlərinin taxılması haqqında qanun varmı?
Azərbaycanda qış təkərlərinin taxılması haqqında qanun varmı?

Dekabr ayının 1-dən Türkiyədə şəhərlərarası yük və sərnişin daşıyan nəqliyyat vasitələrinə məcburi şəkildə qış təkərləri taxılmalıdır. Bu qaydaya əməl etməyən sürücülər isə, 885 lirə cərimə ediləcək. Manat qarşılığı ilə desək, 164 AZN. Qış təkərlərinin taxılma müddəti isə, aprel ayının 1-nə qədər davam edir. Qeyd edək ki, Türkiyə Yol hərəkəti Qanununa görə ancaq ictimai nəqliyyat vasitələri qış aylarında bu qanuna əməl emtəlidir. Yəni, bu qanun fərdi avtomobillərə şamil edilmir.

Azərbaycanda da qış aylarında havalar çox soyuq keçir, bəzən qar yağmasa belə güclü şaxtalar yolları dondurur. Yəqin ki, ötən illərdə şəhərin yollarındakı buz qatlarının üzərində avtobusların yallı oynamasına siz də şahid olmusunuz.

  • Azərbaycanda qış təkərlərinin taxılması haqqında qanun varmı?
  • Qış təkərləri hansı halda məcburdur?
  • Üstünlükləri varmı? Varsa, nədir?

Öncə qeyd edək ki, Azərbaycanda qanunvericilikdə qış təkərlərinin qoyulması ilə bağlı xüsusi tələb və təftiş yoxdur. Bu isə Azərbaycanda qışın sərt keçməməsi ilə əlaqələndirilir. Ancaq "qışın oğlan çağında" Azərbaycanın bütün bölgələrinə gedən yollar buz bağlayır, sürücülər saatlarla yollarda qalmalı olur. Bu dövrdə avtomobil qəzalarının baş vermə ehtimalı da artır. AAYDA və bölgələrdəki nümayəndəliklər problemi aradan qaldırmağa çalışır, ancaq nə qədər uğurlu alınırsa, onu bircə özləri bilir.

Qış təkərləri nəyə görə vacibdir?

Avtomobil ustası İlqar Əliyevin sözlərinə görə, qış təkərləri ağır və xüsusi keçidlərə malik olduğu üçün, qışda buz bağlamış yollarda və güclü qar yağan zaman avtomobillərin rahat hərəkətini təmin edir, qəzaların baş verməsini isə minimuma endirir.

"Düzdür, qış təkərləri o qədər də önəmli deyil deyənlər də var. Amma keçən qış yadınızdadırsa, Bakının bir çox ərazilərində sürücülər yollarda qalmışdı. Qarın yağması, bəzi yolları keçilməz vəziyyətə salmışdı. Qış təkərləri, yolu təhlükəsiz şəkildə hərəkət etmək üçün işə yarayır" - deyən usta bildirib ki, avtomobilə uyğun olaraq təkərlərin qiymətində də fərqlilik müşahidə edilir. Ancaq sürücülər avtomobillərinə qış təkəri taxdırmaq istəyirlərsə, bazara gedərkən bu işi bilən biri ilə getməyə çalışsınlar. Çünki bəzən avtomobil hissələri satılan bazarda, sürücülər bəzi dələduzlar tərəfindən aldadıla bilər. Təkərlər, öz dəyərindən baha qiymətə satıla və yaxud zərif təkər verilə bilər.

İ.Əliyev deyir ki, qış təkərləri əsasən 7 dərəcə aşağı hava tempraturu üçün nəzərdə tutulub. Bu zaman yollarda gölməçələr, palçıq, yolların buz bağlaması və s. baş verir. Qış təkəri olan avtomobillər, belə yolları asanlıqla keçə bilir.

"Qış təkərlərinin üzərində olan naxışlar və yarıqlar daha dərin olur. Qış təkəri də, yaz təkəri də kauçukdan hazırlanır. Amma materiallarında da sərtliyinə görə fərqlilik olur. Qış təkərləri əyləc məsafəsini azaldır. Qəzaların baş verməməsi üçün də qış təkərləri vacibdir" - deyə usta qeyd edib. Onun sözlərinə görə, qış təkərləri bir qədər baha olduğu üçün, sürücülər çox da bu məsələyə önəm vermirlər. Ancaq qışın ortasında güclü qar və şaxtada yolda qalmağı heç kim istəməz.

Qarşıdan qış gəlir. Meteoroloqlar, qışın sərt keçəcəyini iddia edir. Seçim isə sizindir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »