Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qaraciyər xəstələri koronavirus zamanı diqqətli olmalıdır"
"Qaraciyər xəstələri koronavirus zamanı diqqətli olmalıdır"

Koronavirus xroniki xəstəliyi olan şəxslərdə nisbətən ağır keçir. Bu da daha çox şəkərli diabet, böyrək çatışmazlığı və qan-damar xəstəlikləri zamanı daha ağır müşahidə edilir.

Terapevt Mətanət Cəfərova Bizimyol.info saytına açıqlamasında bildirib ki, koronavirus. qaraciyər hepatiti zamanı da ağır keçə bilər: "Virus hepatitləri həm kəskin, həm də xroniki gedişat göstərir. Xroniki hepatit xəstələri müalicə qəbul edir. Məsələn; xroniki hepatit C xəstələrində müalicə 3 və ya 6 ay olub. Bu 3 və ya 6 ay müddətində koronavirusa yoluxubsa, mütləq şəkildə hepatit dərmanlarını qəbul etməlidir".

Həkim bildirib ki, xroniki hepatit daşıyıcıları, bir gün də olsun dərmanlarını qəbul etməyi buraxmamalıdır. Dərmanlara fasilə verildiyi təqdirdə qaraciyər xəstəliyi şiddətlənə bilər və bununla da koronavirusun da, xroniki hepatitin də gedişatı ağırlaşacaq. Xəstənin qaraciyər sınaqları normaldırsa, xəstədə kəskin xəstəlik yoxdursa, yalnız virus hepatiti varsa, belə xəstələrdə koronavirus xəstəliyi ağır keçməyə bilər.

"Bəzi koronavirus xəstələrində xəstəlik ağır və şiddətli müşahidə edilir. Bu zaman həm mədə-bağırsaq, həm də tənəffüs simptomları olur. Bu dönəmdə müəyyən qrup dərman preparatlarından istifadə edilir. Xüsusən antivirallar, steroid preparatlarının dozalanmasına xüsusi diqqət yetirmək lazımdır. Eləcə də, antibiotiklərdən diqqətli istifadə etmək lazımdır. Qaraciyərin funksional vəziyyəti, daima nəzarət altında olmalıdır" - deyə həkim qeyd edib.

Xroniki hepatit B və inaktiv daşıyıcıları (onlar dərman qəbul etmirlər) koronavirus keçirdikdən sonra həkimlərinə müraciət etməli və qaraciyərin funksional vəziyyətini öyrənməlidirlər. Çünki koronavirus qaraciyərin funksional vəziyyətini dəyişə bilir.

AÇF reseptorları qaraciyər toxumasında da tapılıb. Həkimin sözlərinə görə, AÇF reseptorları harda varsa, koronavirusun spaid proteini AÇF reseptoruna birləşir və xəstəlik törədir. Bu reseptorlar qaraciyər toxumasında da olduğuna görə, qaraciyərdə də dəyişikliklər törədə bilir. Bu qaraciyər xəstəliyi olmayan insanlarda belə, problemin yaranmasına səbəb ola bilər.

"Koronavirus dönəmində həm virusun özü, həm də müalicədə istifadə olunan antibiotiklər, antivirallar və steroidlər, yəni hormonlar qaraciyər toxumasına zərər verə bilir. Qaraciyər xəstələrində qanda laxtalanma sistemində dəyişikliklər baş verir. Qan durulaşır. Trombositlərin miqdarı aşağı olur. Koronavirus zamanı istifadə edilən qandurulducu preparatlar, antiaqreqantlar və antikoaqulyantlardır. Bu preparatların qəbulu trombositləri daha da aşağı salıb qanaxma riski yarada bilər. Buna görə də qaraciyər xəstələri koronavirus zamanı diqqətli olmalıdır. Qaraciyər xəstələrində qaraciyər sınaqları ilə yanaşı, qanın laxtalanma sistemi də yaxından izlənilməlidir" - deyən həkim, xüsusi olaraq vurğulayıb ki, antiaqreqantlar və antikoaqulyantlarla dozalanmaya diqqətli olmaq lazımdır. Bəzən belə xəstələrin evdə özbaşına müalicə olunduğunu qeyd edən M.Cəfərova onların qan durulduculardan istifadə etdiyini deyir.

"Kardiomaqnil, trombas kimi dərmanlardan və yaxud kleksan kimi iynələrdən özbaşına istifadə edirlər. Kleksan antiaqreqant, digərləri isə antikoaqulyantdır. Bunları özbaşına istifadə edirlər. Xəstədə trombosit azdırsa, o zaman kleksan, kardiomaqnil və s. bu qrupdan olan digər dərmanlar xəstəliyin vəziyyətini ağırlaşdıra bilir. Bu da daxili qanaxmaya səbəb ola bilər" - deyən həkim, xəstələrin sağlamlıqlarını qorumaq üçün mütləq mütəxəssislərə müraciət etməsini tövsiyyə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »