Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir çox göllərə kanalizasiya suları axıdılır"
"Bir çox göllərə kanalizasiya suları axıdılır"

Adətən yaz-payız-qış aylarında Masazır gölü daşar, bütün yolu su basardı. Yayda isə su nisbətən geri çəkilər, duzlar üzə çıxardı. Bu il isə Masazır gölündə suyun azalması müşahidə edilir.

Qeyd edək ki, Masazır gölünün yaxınlığında "Azəriduz" şirkəti olmasına baxmayaraq, ətraf qəsəbələrin kanalizasiya suları iri borular vasitəsilə gölə axıdılırdı. Bunun qarşısını almaq isə qeyri-mümkün idi. Çünki qeyd olunan ərazilərdə yaşayış məntəqələri yeni salınmış və "Azərsu" ASC-nin açıqlamasına görə, ərazi onların balansında deyildi. Yəni bir tərəfdə duz istehsal edilir, digər tərəfdə isə gölə kanalizasiya axıdılırdı. Və bu proses uzun illər idi ki, davam edirdi. Daha sonra göl, hissə-hissə quruldumağa başladı. Bu gün isə vəziyyət nisbətən yaxşıdır.

Bu günlərdə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Araşdırmalar Mərkəzinin direktoru Rafiq Verdiyev deyib ki, gölün suyunun azalmasına əsas səbəb əvvəllər gölə axıdılan çirkab suların qarşısının alınmasıdır. Onun sözlərinə görə, son illər Masazırda su-kanalizasiya sistemləri yaxşılaşdırılıb və bu da duz gölünə çirkab suyun axıdılmasının da qarşısını alıb. Buna görə də göldə suyun səviyyəsi ötən illərlə müqayisədə azdır.

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, bu il iqlim şəraiti və quraqlıq müşahidə edildi. Bu da göllərin suyunun azalması ilə özünü göstərir. Ekoloq həmçinin bildirib ki, təkcə Masazır gölü deyil, bir çox göllərə kanalizasiya suları axıdılır. Və payız-qış aylarında yağıntıların düşməsi ilə göllərdə suyun səviyyəsi qalxır, subasmalar müşahidə edilir.

"Uzun illər bəzi Bakı kəndlərində kanalizasiya sistemləri olmadığı üçün həyətlərdə şambolar qazılıb və sular şambolara axıdılıb. Bəzi ərazilərdə isə sular birbaşa göllərə axıdılıb. İndi aidiyyatı qurum yavaş-yavaş işini görür. Göllərin suyu da bu səbəbdən azalır" - deyə ekspert bildirib.

Mütəxəssislərin fikirncə, kanalizasiya sularının göllərə axıdılması ətraf mühit və insanların sağlamlığı üçün də təhlükəlidir. Xüsusən yay aylarında sular buxarlandığı zaman, kanalizasiya sularının tərkibi havaya yayılır. Göllərin ətrafında yaşayan insanlar, bunu səhər saatlarında havadan gələn qoxu ilə hiss edə bilirlər.

Qeyd edək ki, Masazır gölü, Bakıdan 21 km uzaqlıqda, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşir. Sahəsi 10 km² olan göl; duzlu, xloridli və yüksək konsentrasiyalı sulfat suya qırmızı rəng verir. Duzluluğun yüksək səviyyəsi ilə əlaqədar, bitki və fauna aləmi praktik olaraq yoxdur.

1813-cü ildən göldən duz çıxarılmağa başlanıb. Statistikaya görə, gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir.

Uzun illərdir ki, Masazır gölünə, əsasən Masazır və Novxanı kəndlərinin məişət-kommunal suları axıdılır. Bir müddət əvvəl gölün suyunun şəfalı olduğu iddia edilirdi. Bura Bakının müxtəlif qəsəbələrindən gəlir, duzlu suda çimirdilər. Su revmatizma, qoturluq və müxtəlif dəri xəstəliklərinin dərmanı hesab edilirdi. Bununla yanaşı, müxtəlif qəsəbələrdən gəlib göldən duz yığıb aparanlar da olurdu. Bu duzdan məişətdə istifadə edilirdi.

Bir neçə il əvvəl göl dəmir barmaqlıqlarla hasara alındı və daha heç kimə göl ərazisində daxil olmağa icazə verilmədi. Gölün ərazisində, yaxınlıqda yerləşən duz zavodunun əməkdaşlarını görmək mümkündür. Bir də gölün içərisinə qədər uzadılmış kanalizasiya borularını...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »