Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi prosesləri... avtomatlaşdıranlar...
Siyasi prosesləri... avtomatlaşdıranlar...

Dünən saytımızda “Müstəqillik qanunu və qanunun... müstəqilliyi” yazısını dərc etdirmişdim. Həmin yazıda “Müstəqillik günü” haqqında Milli Məclisdə ikinci oxunuşdan keçmiş olan qanun layihəsini şərh etmişdim. Daha doğrusu, orada olan bəzi məqamları.

Yazıda həmin məqamlar belə şərh olunurdu: “...28 Mayın adından “Respublika” sözü, 18 Oktyabrın adından “Dövlət” sözü götürülüb. Yəni, bu günlərin adları əvvəlki variantlarda təkcə müstəqilliyi deyil, dövləti və dövlət quruluşunu vurğulayırdı. Amma indi ümumi olaraq “müstəqillik” ifadəsi var. Yəni əvvəlki adlardakı “dövlət”, “respublika” sözləri belə bir gerçəyi qabardırdı ki, 20-ci əsrin əvvəlində kişilər, yox yerdən bir müstəqil dövlət qurub. Bu zaman dövlətin quruluşu ayrı bir əhəmiyyət kəsb edirdi. Çünki 1918-ci ildə Azərbaycan öz İstiqlalını arayanda monarxiya düşünməmişdi. Yeni yaranan dövlət - şahlıq, xanlıq deyildi. Çoxpartiyalı respublika qurulmuşdu.

Bax, bu fakt indiki Azərbaycan Respublikasının və bütövlükdə xalqın gerçək tarixə əsaslanan təbii piarı idi. Sadəcə: “Qərbdə çox ölkədə monarxiyalar olduğu zaman, biz çoxpartiyalı, demokratik respublika qurmuşduq” deyəndə, buna qarşılıq heç bir arqument olmurdu...”

Bu gün Milli Məclisin deputatı Soltan Məmmədov bu məsələ ilə bağlı apa-ya açıqlama verib. Həmin açıqlamada deyilir: “Ötən əsrin əvvəllərində elan edilən Azərbaycan Xalq Cümhuriyyəti mahiyyət etibarilə müstəqil dövlət qurmaq təşəbbüsünün nəticəsi idi”.

“SSRİ-nin tərkibində olduğu müddətdə də Azərbaycan Sovet Sosialist Respublikası kimi qəbul olunub” deyə tutarlı arqument gətirdiyini düşünən deputat, daha sonra belə davam edir: "Respublika anlayışı daha çox dövlət idarəetmə forması kimi anlaşılır və Cümhuriyyətin elan olunmasının tarixi əhəmiyyəti hansı dövlət idarəetmə formasının seçilməsi ilə deyil, məhz müstəqil dövlət qurulması ilə müəyyən olunur. 1918-ci ilin 28 mayında qəbul edilmiş İstiqlal Bəyannaməsinin 1-ci bəndində də məhz müstəqilliyin elan olunması əksini tapıb. İdarəetmə forması kimi Respublikanın seçilməsi həmin tarixi sənədin 2-ci bəndində göstərilib. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş sənəddə də məhz dövlət müstəqilliyinin bərpası ilə bağlı məsələlər öz əksini tapıb".

Soltan Məmmədov hüquqşünas deyil. Siyasətlə məşğul olmayıb və olmur da (bizim reallığımızda deputat siyasətlə məşğul olan deyil, siyasətin məşğul etdiyi adamdır; öz fikri olmur, verilən hazır direktivlərin, sadəcə, spikeri, ən yaxşı halda da Milli Məclisdə təsdiqləmə prosedurunun iştirakçılarından biridir).

Hörmətli Soltan Məmmədov zamanında Dövlət Neft Akademiyasında istehsal proseslərinin avtomatlaşdırılmasını öyrənib. Amma bu öyrəndikərini, sadəcə, yalnız qısa müddət Balaxanı Neft İdarəsində istehsal proseslərinə tətbiq etmək imkanı olub. Amma deputat olandan sonra adəti üzrə bu dəfə yanlış olaraq... siyasi proseslərin “avtomatlaşdırılması” ilə məşğuldur. Bu isə siyasi məntiq o yana qalsın, heç insani məntiqə də sığmır və təbii ki, sağlam düşüncəyə ziddir.

“Sağlam” demişkən, Soltan müəllim həm də Xəzər Universitetində ictimai səhiyyənin idarə olunmasının incəliklərini də mənimsəyib. Hətta o qədər dərindən mənimsəyib ki, Ümumdünya Səhiyyə Təşkilatına qədər gedib çıxıb (bu qurumun da mötəbərliyini pandemiya fonunda görürük). Adam nefti və səhiyyəni bilir; “Bəxtiyar” filmindəki: “Neftçidir, yoxsa xanəndədir?!” dartışması yadımıza düşdü.

Neft avtomatlaşdırıcısıdır, tibb meneceridir, hər kimdir. Ya siyasi zəlzələdən, ya da ictimai vəlvələdən gəlib deputat olub. Onun da siyasi-hüquqi proseslərə “avtomatlaşdırılmış” da olsa, öz mövqeyi ola biləcəyini danmırıq. Sadəcə olaraq, bu mövqenin zəif yerləri var.

Əvvəla, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından danışanda “əsrin əvvəllərində filan qurulmuşdu-filan” kimi ifadə üslubu adekvat deyil. Biz tarixin, həm də öz tariximizin çox mühüm bir hadisəsndən, əslində böyük bir hərəkatdan, mübarizədən danışırıqsa, onun tarixini ümumi sözlə deyil, konkret xronologiya ilə göstərməliyik. 1918-ci il. Dəqiq! Yeni elmi təsnifatda (hər halda bir versiyasında) tarix də dəqiq elm sayılır. Çünki hadisələrin baş verdikləri tarixi şərait onların obyektiv təhlili üçün ilk (ilkin) faktoloji bazadır. İkincisi, dövlət qurmaqla onun respublika quruluşunu qarşı-qarşıya qoymaq ən azı doğru deyil deyərdim (əgər xüsusi məqsədli deyilsə). Çünki 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövlətini yaratmağa təşəbbüs ediləndə ətrafda nələrin baş verdiyini də göz önünə gətirmək lazım idi. O şəraitdə müstəqil dövləti elan etmək özlüyündə nə qədər önəmli idisə, hansı dövlət quruluşunun seçilməsi də o qədər mühüm idi. Əvvəl də dediyim kimi müstəqillik elan edib demokratik respublika da qurmaq olar, konstitusiyalı, konstitusiyasız monarxiya da... Tarixdə və indiki zamanda nümunələr də var. O dövrdə, bu coğrafiyada o seçimi etmək! Bunu əhəmiyyətini azaltmaq deputata niyə belə gərək olub?!

Deputat deyir ki, İstiqlal bəyannaməsinin birinci bəndində müstəqillik elan edilib, ikinci bəndində respublika quruluşu. Necə etməli idilər?! Hələ elan edilməmiş dövlətin quruluşunu birinci yazmalı idilər?! Bunu bilmək üçün hüquqşünas olmaq da lazım deyil (bir daha xatırladım ki, Soltan Məmmədov heç hüquqşünas da deyil).

Üçüncüsü, Soltan Məmmədov belə bir “arqument” də gətirir ki, “SSRİ-nin tərkibində olanda da Azərbaycan Sovet Sosialist Respublikası idi”. Bu, artıq köhnədəbli bir yanaşma olsa da, yenidən ortaya gəldi deyə, bir daha aydınlıq gətirməyə çalışaq. Hörmətli Soltan müəllimin siyasi, daha doğrusu, siyasətsiz kimliyi burada da özünü göstərib. Nəticədə çox mühüm bir tarixi-siyasi gerçək dərk edilməmiş qalıb. Bu da ondan ibarətdir ki, əgər 1918-ci ildə Azərbaycan dövləti Respublika kimi elan edilməsəydi və reallıqda da Respublika qurulmamış olsaydı, 1922-ci ilin dekabrında SSRİ yarananda Azərbaycan onun tərkibinə də respublika adı və ayrılmaq hüququ ilə daxil ola bilməzdi. SSRİ – Sovet Sosialist Respublikaları İttifaqı, “könüllü” daxil olanlar isə, “müttəfiq respublika” adlandırıldı. Əgər 1918-1920-ci illərdə bizim gerçəkdən müstəqil dövlətimiz (həm də respublika quruluşunnda) olmasaydı, bizi SSRİ-nin tərkibinə Bakı quberniyası, Gəncə quberniyası, Lənkəran quberniyası və sair formada, yaxud Azərbaycan quberniyası kimi daxil olacaqdıq. Bəxtimiz gətirsəydi, Muxtar Respublika statusu veriləcəkdi. İndi Rusiyanın tərkibində Samara vilayətindən və ya Dağıstan Muxtar Respublikasından bir fərqimiz qalmayacaqdı. Fərq isə ən başlıcası ayrılmaq hüququnda ifadə olunur. Və bu hüququmuz olmasaydı. 1991-ci ildə SSRİ-dən çıxa bilməzdik və indi bəlkə də Gürcüstana, ya Ermənistana həsədlə baxardıq. Həm də əgər Soltan müəllim SSRİ tərkibindəki o zaman “müttəfiq” “respublika” ilə dünyada müstəqil dövlət olaraq tanınmış respublika arasında bərabərlik işarəsi qoyursa, bu, deputatın, yumşaq desək, siyasi məlumatsızlığının göstəricisidir.

Və nəhayət, biz arqument gətirmişik ki, “28 may - Respublika günü” deyəndə, bu, bizim 1918-ci ildə (yeri gəlmişkən, “ötən əsrin əvvəlləri” ifadəsi, bax, burada yerinə düşür) Şərqdə ilk çoxpartiyalı respublika qurmağımız kimi bir tarixi gerçək göz önündə canlanır, təbii piarımıza işləyir (ən azı bir fakt gətirim: dünya dövlətlərinin başçıları hər il həmin gün Azərbaycan dövlətinin başçısına təbrik göndərirdi).

Hörmətli Soltan Məmmədov bu arqumentə qarşılıq olaraq apa-ya açıqlamasında görün, nə deyib: “Azərbaycan xalqı ötən müddət ərzində dünyada kifayət qədər nüfuz və etibar qazanmış, regional proseslərə təsir imkanlarına malik, öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməyi bacaran dövlət qurmağa nail olub”.

Cümləni oxumağa başlayanda, ümid etdim ki, Soltan müəllim son 30 ili nəzərdə tutur. Ümidim doğru çıxdı. Ancaq və lakin... Soltan Məmmədovun burda yanıldığı başqa nöqtə var: Azərbaycan, deputatın dediyi kimi, indiki zamanda öz müstəqil siyasəti nüfuz qazanırsa, bu, o deməkdirmi ki, ona nüfuz qazandıran tarixi faktlardan və faktorlardan imtina etməlidir?! Ölkə nüfuz qazanırsa, bu, konkret olaraq bu gün atılan addımlarla bağlı deyil yalnız, keçmişi və gələcəyə baxışı ilə də sıx bağlıdır. Bəzi insanlar (illah da ki deputat və sair yüksək dövlət təmsilçiliyi ranqı daşıyan adamlar) bu günü keçmişə, gələcəyi bu günə qarşı qoymasınlar. Bu həm anlamsızdır, həm də amansızlıq olar...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› Rusiya Telman İsmayılovun ekstradisiyasını tələb edib
››› Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
››› Putin Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışlarına münasibət bildirib
››› Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
››› Ermənistanın cinayət ortağı ifşa olundu
››› 40 yaşlı kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
››› Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
Son xəbərlər
Bütün xəbərlər »