Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Körpələrə düzgün qulluq necə olmalıdır...
Körpələrə düzgün qulluq necə olmalıdır...

Körpəniz yeni dünyaya gəlib və onunla necə davranacağınızı bilmirsiniz? Necə narahat olduğunuzu hiss edə bilirəm. Buna görə narahat olmayın, bu mövzuda öz təcrübələrimi sizinlə paylaşacağam.

Əvvəlcə körpənizə qulluqla bağlı hər şeyi sıralayacağam. Sonradan siz bunu adət halına çevirəcəksiniz.

1. Yeni doğulan körpəmi necə geyindirməliyəm?

Bu sual yeni ana olmuş bütün qadınları maraqlandırır. İstər dədə-babadan qalmış qundaq üsulu olsun, istərsə də müasir üsul, körpə üçün ona uyğun olan geyim seçilməlidir.

  • Unutmayın ki, yeni doğulmuş körpəniz üçün geyim seçən zaman təri əmən, dərinin hava almasına yardım edən, tüklü olmayan, pambıq parçalara üstünlük verməlisiniz.
  • Yumşaq az tikişli və mümkün qədər üzərində metal və möhkəm detallar olmayan geyimlərə üstünlük verməlisiniz.
  • Körpənizin ilk aylar alt geyimi üçün tulumlara üstünlük verməlisiniz. Yeni doğulmuş körpənizə papaq, corab və əlcək geyindirməlisiniz.

Körpələrin əlləri və ayaqları daima soyuq olduğu üçün üşüyüb üşümədiyini kürəyinə əlinizi vuraraq müəyyən edə bilərsiniz. Böyüklərlə müqayisədə uşaqlar daha çox geyindirilməlidir. Körpələr yatdığı zaman üstlərini örtmək mütləqdir.

Geyim seçərkən çox diqqətli olmalısınız. Körpənizin hərəkətlərinə mane olmayan geyimlərə üstünlük verməlisiniz. Unutmayın, möhkəm qundaqlama, uşağın nəfəs almasına mane ola bilər. Bundan başqa, ayaqlarının inkişafına da mane ola bilər.

2. Körpənizin yatdığı otağın havası necə olmalıdır?

Yeni doğulmuş körpələr üçün uyğun istilik 24 və 26 dərəcə olmalıdır. Bir neçə aydan sonra 22-24 dərəcə olmalıdır. Körpələr, 2-3 aylıq olana qədər ətraflarında olan istilik dəyişikliyindən tez təsirlənirlər.

  • Açıq qapı və pəncərələrdə hava axımının olmamasına diqqət etməlsiniz.
  • Körpənizi sobaya yaxın yatırmamalısınız.
  • Körpənizin olduğu otaq işıqlı olmalı, içəri günəş şüaları düşməlidir.
  • Körpənizin olduğu otaq, gündə 15 dəqiqə otaq havalandırılmalıdır. Otaq havalandırılması, səhər saatlarında hava təmiz olarkən edilməlidir.

3. Yeni doğulan körpə necə əmizdirilməli və qazı necə çıxarılmalıdır?

Yeni doğulan körpə, 24 saatda 8-12 dəfə, yəni 2-3 saatdan bir ana südü qəbul etməlidir. İlk günlər ana südü çox olduğuna görə, hər saat ona ana südü verə bilərsiniz. Hər dəfə əmizdirəndən sonra körpənizi çiyinizin üzərinə qoyub və ya qucağınıza qoyub kürəyinə yavaş-yavaş vuraraq qazını çıxara bilrəsiniz. Əgər əmizdirdikdən sonra körpə ağzından qazını çıxarmasa, yan uzadaraq kürəyini masaj edə bilərsiniz. Körpəniz uzun müddər əmirsə, əmizdirmə ortasında və sonunda 2 dəfə qazını çıxara bilərsiniz. Bir çox körpələr qaz çıxararkən əmdiyi südün bir qismini kəsmik şəklində çıxara bilər. Bu normal haldır və narahat olmamalısınız.

4. Yeni doğulan körpənin göbəyinə necə qulluq edilir?

Yeni doğulan körpənin göbəyi 5-10 günə öz-özünə quruyaraq düşür. Bu müddət 15 gün də davam edə bilər. Göbək düşənə qədər hər gün göbəyi 70 faizli spirtli kompress etməlisiniz. Bunun üçün göbəyin hər tərəfini steril spirtlə isladılmış yumşaq parça ilə silməlisiniz. Spirtin dəriyə zərər verməməsinə diqqət etməlisiniz. Göbəyin sulu qalmaması üçün təmiz steril bezlə qurulaya bilərsiniz. Beləcə, körpənin göbəyi təmiz qalmış olacaq. Göbək düşənə qədər uşağı çimdirməmək, göbəyə qulluq prosesi üçün çox önəmlidir. Buna görə də körpənin bədənini silərək təmizləyə bilərsiniz. Əgər çimdirməyiniz çox önəmlidirsə, göbəyə su dəyəməməsinə çalışın.

Göbək düşdükdən sonra iki gün daha spirtli parça ilə silməyiniz tövsiyyə edilir. Göbəyin ətrafında qızartı axıntı, pis qoxu və ya qanama müşahidə edilərsə, mütləq həkimə müraciət edin.

5. Yeni doğulan körpə necə yuyulmalıdır?

Yeni doğulan körpələrin dərisi üzərində vermiks adlanan ağ rəngli, qoruyucu, sürüşkən maddə olur. Dünyaya gələn kimi bunun təmizlənməsinə ehtiyac yoxdur.

Körpəni çimdirmək üçün göbəyinin düşməsini gözləməyiniz vacibdir. Bu müddət ərzində körpənin üzü və bədəni silinərək təmizlənməli, geyimləri tez-tez dəyişdirilməlidir.

Körpənin göbəyi düşdükdən sonra hər gün çimdirə bilərsiniz. Köpəni yedirməmişdən öncə və ya yemək verdikdən 1-1,5 saat sonra çimdirə bilərsiniz. Körpənizi çimdirən zaman yanınızda yardımçı olmasına ehtiyac var. İlk 1-2 həftədə çimdirmək üçün su, əvvəlcədən qaynadılıb və ilıq olmalıdır.

  • Körpənizi çimdirən zaman üzü aşağı baxacaq formada sinə və ya qarnından tutmaq lazımdır. Arxası üstə tutduğunuz zaman başını da tutmağı unutmayın.
  • Körpənizi yuyunduran zaman, körpələr üçün nəzərdə tutulmuş vasitələrdən istifadə etməlisiniz.
  • Körpənin yaxşı yuyundurulması və qurulanması önəmlidir.
  • 36,5 və ya 37 dərəcə su ilə çimdirilməli və otağın istiliyi 24-26 dərəcə olmalıdır.

6. Yeni doğulmuş körpənin gözlərinə necə qulluq etməli?

Körpənizim gözündə axıntı və ya hərhansı bir problem varsa, steril parçanı ilıq suda isladıb gözü daxildən çölə sıxmadan silmək lazımdır. Bununla yanaşı, gündə bir neçə dəfə buruna yaxın göz ətrafını masaj edə bilərsiniz. Ancaq gözdə şişlik, qızartı və axıntı çoxdursa, həkimə müraciət edin.

Yeni doğulan körpənin qulaqları da çox zərif olur. Körpənin qulağına təmizləmə məqsədilə heç bir yad vasitə istifadə etməyin. Sadəcə qulağın arxasını və xarici qulağı silməyiniz yetərlidir.

7. Yeni doğulan körpənin burnuna necə qulluq etməli?

Yeni doğulan körpənizin burnunu, müxtəlif damlalarla nəmləndirə bilərsiniz. Xaricdən görünən qalıqlar, yumşaq pambıqlı parça ilə götürülə bilər. Burun çox tıxanıbsa, nəmləndirdikdən sonra burun aspiratoru ilə təmizləyə bilərsiniz.

8. Yeni doğulan körpənin ağzına və dərisinə necə qulluq etməli?

Dil və ağız boşluğu normal görünürsə, xüsusi qulluğa ehtiyac yoxdur. Ağıza qulluq edəcəksinizsə, steril təmiz parçanı ilıq suda isladıb ağız içində bir dəfə silə bilərsiniz. Əgər körpənin ağzında ağ şişkinlik varsa, həkimin tövsiyyə etdiyi ağız içinə və süd vəzisinin ucuna qulluq edilməlidir.

Yeni doğulan körpənin dərisinə də qulluq vacibdir. Yeni doğulan körpənin dərisi çox həssas olur və dərinin təmiz olması çox vacibdir. Qaynadılmış ilıq su ilə onun dərsini silə bilərsiniz.

Körpənin alt geyimləri hər gün dəyişdirilməlidir. Çox qalın geyindirilmiş və çox istidə qalan körpələrdə yanma və qızartı meydana gələ bilər.

9. Yeni doğulmuş körpənin cinsiyyət üzvünə də xüsusi qulluq lazımdır. Bunu necə etmək olar

Körpəniz gündə 6-8 dəfə bezini islada bilər. Onların bez bağlanmış bölgələri uzun müddət islaq qaldığı zaman təhriş ola bilər. Bu səbəblə körpənin bezi 3-4 saatdan bir dəyişdirilməlidir. Ümumiyyətlə, körpənizi əmizdirdikdən sonra altını təmizləməlisiniz. Hər dəyişdirmədə körpənizin altını pambıq və su ilə təmizləyib mütləq qurulamalısınız.

  • Körpəniz qızdırsa, təmizləmə öndən arxaya aparlmalıdır. Altı təmizləndikdən sonra bir müddət açıq saxlamaq məsləhət görülür.
  • Körpələrin cinsiyyət üzvlərində "pişməcə" yaranıbsa həkimin tövsiyyə etdiyi sink-oksit tərkibli kremlərdən istifadə edə bilərsiniz.
  • Qız körpələrdə bir neçə həftə ağ axıntı gələ bilər və bu normaldır.
  • Oğlan körpələrin sünnət dərisini geri çəkib təmizləməyə çalışmayın. Bu olduqca səhv addımdır.

Cənnət Ana, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »