Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müstəqillik qanunu”, qanunun... “müstəqilliyi”...
“Müstəqillik qanunu”, qanunun... “müstəqilliyi”...

“Müstəqillik günü haqqında” qanuna Milli Məclisdə baxıldı. 28 may əvvılki kimi “Respublika” günü deyil, “Müstəqillik günü”, 18 oktyabr isə “Dövlət Müstəqilliyi günü” deyil, “Müstəqilliyin bərpası günü” adlanacaq. Milli Məclis sədrinin birinci müavininin çıxışından belə məlum oldu ki, 18 oktyabr bayram günü və istirahət günü sayılmayacaq.

Əlbəttə, Milli Məclisə qədər artıq bu qanun fikrən, felən qəbul edilmişdi və hazır gəlmişdi. Onun müzakirələri isə, sadəcə, prosedur xarakteri daşıdı. Deputatlar bu məsələlərlə bağlı ciddi fikir bildirmədilər, mübahisələndirmək istəmədilər. Ayrı-ayrı fraqmentar halları çıxsaq, layihə ciddi etiraz doğurmadı. Ya da dilə gətirilmədi.

Əlbəttə, bu dəyişikliklərin hansı zərurətdən doğub-doğmadığı haqda geniş təhlil aparmaq olar. Ancaq artıq bu qanun ikinci oxunuşdan da keçdi. Milli Məclisin deputatları belə öz fikirlərini demədisə, bunun üzərində bəlkə də geniş dayanmağa ehtiyac yoxdur. Daha doğrusu, mənası da olmayacaq. Sadəcə, bəzi mühüm saydığımız nüanslara diqqət yetirməklə kifayətlənək.

Bu nüanslardan biri budur ki, 28 Mayın adından “Respublika” sözü, 18 Oktyabrın adından “Dövlət” sözü götürülüb. Yəni, bu günlərin adları əvvəlki variantlarda təkcə müstəqilliyi deyil, dövləti, dövlət quruluşunu vurğulayırdı. Amma indi ümumi olaraq “müstəqillik” ifadəsi var. Yəni əvvəlki adlardakı “dövlət”, “respublika” sözləri belə bir gerçəyi qabardırdı ki, 20-ci əsrin əvvəlində kişilər, yox yerdən bir müstəqil dövlət qurub. Bu zaman dövlətin quruluşu ayrı bir əhəmiyyət kəsb edirdi. Çünki 1918-ci ildə Azərbaycan öz İstiqlalını arayanda monarxiya düşünməmişdi. Yeni yaranan dövlət - şahlıq, xanlıq deyildi. Çoxpartiyalı respublika qurulmuşdu.

Bax, bu fakt indiki Azərbaycan Respublikasının və bütövlükdə xalqın gerçək tarixə əsaslanan təbii piarı idi. Sadəcə: “Qərbdə çox ölkədə monarxiyalar olduğu zaman, biz çoxpartiyalı, demokratik respublika qurmuşduq” deyəndə, buna qarşılıq heç bir arqument olmurdu.

Müstəqilliyin elan edilməsi, qazanılması, yaşadılması – bunlar çox önəmli məsələlərdir. Ancaq bu, necə bir müstəqil dövlətdir. Afrikanın da yaxın tarixinə baxsanız, çoxlu sayda “müstəqillik” günləri görəcəksiniz. Bəli, İmperiyanın tərkibində müstəmləkə idilər, İmperiyadan çıxdılar (ya da İmperiya dağıldı), müstəqil... diktaturalar oldular, elə deyilmi?! Ancaq Azərbaycan Xalq Cümhuriyyəti, elə deyildi axı. Cümhuriyyət idi, Cümhuriyyət!

O üzdən bu məqam nəzərə alınsaydı, yaxşı olardı.

Uzağa getməyək. Elə qardaş Türkiyə Respublikasına baxaq: 29 oktyabr günü nə az, nə çox, məhz “Cümhuriyyət bayramı” elan edilib. Yəni, dünyada ən uzunömürlü İmperiyanın varisləri Cümhuriyyət qurduqlarını BAYRAM edirlər. “Cümhuriyyət”, yəni “Respublika” adına xüsusi vurğu salaraq. Sadəcə, millətin taleyində xoş bir tarixi məqam deyil, Bayram olduğunu qabardaraq. Biz isə həmin tarixi günlərin adındakı “dövlət”, “respublika” sözlərini sildik. “Bayram” isə, elə əvvəldən yox idi.

Narahatlıq doğuran bir məsələ də var: Milli Məclisdə də yenidən, məqsədli kontekstdə vurğulandı ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşayıb. Bu, yeri gəldi-gəlmədi, tez-tez vurğulanır. Sanki o tarixi olayın önəmini azalatmaq üçün belə edilir. O dövrün, Cümhuriyyətin tarixini araşdıranlar yəqin ki, bu məsələyə ətraflı şərh verə bilərlər (o 23 ayda nə etmək mümkün idi və nə edilib deyə). Ancaq bircə faktı qeyd edək.

İndiki Azərbaycan Respublikası özünü Bakı xanlığının və ya Sentrakaspi diktaturasının hüquqi varisi elan etməyib axı. Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Bəli, haqlısınız, o respublika 23 ay yaşadı, indiki Azərbaycan dövləti isə, çox şükür, 30 ildir ayaqdadır. Üstəlik də qalib dövlət kimi daha da gücləndi, güclənməkdə davam edir. Ancaq bəs əgər bizim Azərbaycan Xalq Cümhuriyyəti kimi tarixi gerçəyimiz, hüquqi sələfimiz olmasaydı?! Təsəvvür etməyə çalışaq.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli hüquqşünasdır. Ancaq bu məsələyə siyasi mövqedən yanaşır. Həm də öz kiçik “pəncərəsindən” baxır. “23 ay” məsələsini xüsusi vurğulayır.

Bu, mənim fikrimcə, yanlış yanaşmadır. Azərbaycan Xalq Cümhuriyyətinin də nöqsanları və bütövlükdə o dövrün ziddiyyətləri də vardı – danılmazdır. Necə ki, indi də nöqsanlar və təzadlar var. Dövlət dediyin canlı orqanizmdir; nəticədə İlah deyil ki. Adamlardır. Səhvlər də olacaq, ziddiyyətlər də, zəiflik anları da. Ancaq Millətin tarixində və taleyində o Cümhuriyyətin oynadığ rola nəzər salanda, ən azı siyasi gələcəyimizi necə dəyişdirdiyinə baxanda, onun 23 ay yaşayıb süqut etməsi də “bağışlanan” görünür. Bu cür tarixi məqamlara ifrat təftişçi yanaşma nə verir ki bizə?! Məncə, yaxşı heç nə.

Bunlar, əlbəttə ki, mənim şəxsi düşüncələrimdir.

Əminəm ki, böyük aydınımız Şirməmməd Hüseynov həyatda olsaydı, mütləq bu məsələyə daha fərqli, daha dolğun və daha tutarlı mövqe bildirərdi...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »