Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çalış, salamat qal, salamat qal ki, çalış...
Çalış, salamat qal, salamat qal ki, çalış...

İndi 7-dən 70-ə hamı COVID-19 səksəkəsi içindədir. Hamı koronavirusdan qorxur. Yeni tiplisindən. Çünki koronavirusun çox növü var. Bu dəfəki daha “ölümcül” çıxdı. Bu ajiotaj başqa xəstəlikləri sanki unutdurub. Onlardan biri də ürək-damar sisteminin xəstəlikləridir. Hərçənd, korona tutanlarda qan qatılaşması üzündən nə qədər insan elə ürəkdən gedir.

Bəli, hamı koronadan qorxur. Amma Beynəlxalq Ürək Federasiyasının məlumatına görə, ildə 18 milyon adam ürək-damar xəstəliyindən ölür. Bütün ölümlərin 3-də biri. Böyük rəqəmdir! Həm də qorxunc!

Rusiyada nəşr olunan “Arqumentı i faktı” nəşrinin dərc etdiyi araşdırmada göstərilir ki, bu ölkədə ürək-damar xəstəlikləri 1 milyon insanın həyatına son qoyur. Hər 100 min adama düşən “ürəkdən ölüm” statistikasına görə, Rusiyada vəziyyət Avropa ölkələrindəkindən ortalama 2 dəfə, Dünya üzrə 1,5 dəfə pisdir.

Ürəyi qorumağın yollar haqqında məlumatlar internetdə aşıb-daşır. Ancaq ən yaxşısı həkimə mürüciət etmək, müayinə, gərəkirsə, müalicə və əməliyyat olunmaqdır. Ancaq ürəyin profilaktikası haqda tibb hər kəs üçün ümumi tövsiyyələr də verir.

Çox maraqlıdır ki, ürək xəstəliklərini “beşikdə boğmaq” üçün verilən tövsiylərdən biri də... ünsiyyətdir. Britaniyada dərc olunmuş bir tədqiqat nəticələrinə görə, dost-tanışı daha az olan insanlarda ürək xəstəliyinin yaranması riski 29 faiz, ürəktutma riski isə 32 faiz daha artıqdır. İsveçdə 10 il müddətində davam etmiş bir tədqiqatın nəticəsi isə, daha prozaikdir: iş yerində rəhbərliklə münasibətlərin pis olması ürəyin zədələnməsi təhlükəsini 40 faiz artırır. Bu cür yüzlərlə araşdırma var. Amma hələ araşdırılmayıb ki, sosial şəbəkə platformalarındakı dostluq və tanışlıqlar... necə nəticələnir: ürəyin ömrünü uzadır, yoxsa qısaldır. Eləcə də, pandemiya zamaı evdə işləmək – müdiriyyətdən uzaq olmaq insan “mühərrik”inə nə kimi fayda verib?! Əgər fayda veribsə. Çünki müdirdən qaçdığın yerdə ev dır-dırlarına tuş gəlmisənsə, bu da ürəkdə iz buraxacaq.

Amma hər halda bir işədüzəltmə elanlarında səndən az qala malay ingilis dilinin Zelandiya şivəsi ilə yanaşı stressədavamlılıq da tələb olunacaq. Sanki divar sobası üçün odadavamlı kərpic axtarırmış kimi. İş bildirişlrində əvvəldən subliminal mesaj ötürülür ki, səni yüksək maaşla yanaşı həm də yüksək stress gözləyir. Yəni: “Ürəyini yükləyəcəyik, çalış, salamat qal və salamat qal ki, çalış...”

Bəs necə çalışacaqsan? Yəni həm iş yerin üçün, həm də... salamat qalmaq üçün. Bu ikisini heç də həmişə bir arada tutmaq olmur.

Ancaq... Ürəyi qorumağın yollarından biri ünsiyyətdirsə, onun da əsasını yumor tutur. Ürəkdən gülməyin ürəyi, yəni insanın ömrünü necə uzatdığını əlavə etməyə gərək görmədik. Bu haqda çox araşdırmalar var. Piyada gəzmək, fasiləsiz 6-8 saatlıq yuxu, yağsız-duzsuz yeməklər və sair və ilaxır... Çox üsullar təklif, daha doğrusu, tövsiyə olunur. Buna baxmayaraq, hətta ən sağlam həyat tərzi keçirənlərin də “ürək şıltaqlıqları”ından əziyyət çəkdiyi faktdır. Bu da stresslə bağlıdır. Stressdən uzaq durmağın yollarını hələ axtarıb tapan yoxdur. Tapan varsa da, bu cür axtarışdan sonra artıq özü yoxdur.

Yenə də... Nə olursa-olsun, ürəyin ömrünü uzatmaq lazımdır. Bunu necə edirlər?! Stressli zamanınızı qısaltmaqla. Avropada iş həftəsini qısaldırlar məsələn... Ancaq bizim ölkədə... Çox işləyib az qazanan adamlar, az yatıb çox çalışanlar, ya da çox yeyib az gəzənlər... necə qoruyacaq ürəyini?! Bir də ki, həkimlər təmiz hava deyir. Hardan tapacaqsan?!

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »