Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün dünyanın danışdığı serialın zəng qalmaqalı
Bütün dünyanın danışdığı serialın zəng qalmaqalı

Sosial şəbəkələrdə fəalsınızsa, bu günlərdə, heç olmasa, bir dəfə “Squid Game” adını görmüsünüz. “Netflix”də yayımlanan Cənubi Koreya serialından bütün dünya danışır. Mənası “kalmar oyunu” və ya “molyusk oyunu” olan ekran nümunəsi Asiya ölkəsində bir qalmaqalın əsasını qoyub.

Bizimyol.info xəbər verir ki, səhnələrdən birində kağız parçasında mobil telefon nömrəsi görünür. Filmə baxanların bəzisi sonradan bu nömrəyə zəng vurmağa başlayıb. Məlum olub ki, həmin mobil xətt, həqiqətən də, var.

Telefonuna tanımadığı şəxslərdən ardıcıl zənglər gələn koreyalılar təşviş içindədir. Çünki filmin qəhrəmanları həyatını riskə ataraq böyük mükafat üçün mübarizə aparır. Telefon zəngləri mobil nömrə sahiblərinə həmin səhnələri xatırladır.

Mətbuat 26 yaşlı Seul sakinindən danışır. Ofis işçisi olan Hanne Kimin telefonuna tanımadığı adamlar ardıcıl zəng vurur. Halbuki onun nömrəsi serialda görünəndən 2 rəqəmlə fərqlənir. Ona hətta Kolumbiyadan da zəng vururlar. Əksəriyyət Hannenin səsini eşidən kimi dəstəyi asır. Bir neçəsi bu nömrənin “Squid Game” layihəsinə məxsus olduğunu düşünüb.

Seul sakini artıq “Netflix”ə və “Siren Pictures” prodüser şirkətinə müraciət edib. Ona deyiblər ki, hər hansı kompensasiya ödəməyi düşünmürlər. Zənglərin isə ardı-arası kəsilmir. Serialın “YouTube” portalındakı təqdimat videosuna baxış sayı 22 milyonu keçib.

Cənubi Koreya serialında siniflər arasındakı bərabərlik prinsipinin pozulmasından daha çox danışılır. Oyuna qoşulanlar həm həyatda qalmağa, həm də təxminən 40 milyon dollarlıq mükafatı əldə etməyə çalışır.

Cənubi Koreyada 40 yaşlı sahibkar daha böyük problemlə üzləşib. Serial yayımlanmağa başlayandan ona gündə ən azı 4000 zəng gəlir. Hər 20 saniyədən bir telefonu əlinə götürməli olur. Koreyalı hətta gecələr də yata bilmir.

Zəng vuranlar, adətən, “Squid Game” layihəsinə qoşulmaq istədiklərini bildirirlər. Sahibkar daha zənglərə cavab vermir. Pis odur ki, mobil nömrəni də dəyişmək olmur. Çünki koreyalının bütün biznesi bununla bağlıdır. O deyir ki, indiyə qədər həmin seriala baxmayıb.

Hollivud filmlərində mobil nömrələrə həssas yanaşırlar. Adətən, filmlərdə görünən nömrələr saxta olur. Beləcə, heç bir dinc sakinə problem yaranmır.

Cənubi Koreyada kollecdə təhsil alan 22 yaşlı tələbə qız isə serialın yaradıcılarından üzr tələb edir. İndi o, iş axtarışındadır. Gün ərzində gələn 100 zəngin arasında real iş təklif edən şirkətin nümayəndəsi də ola bilər. Serialın pərəstişkarları isə tələbənin həyatını alt-üst edib. Halbuki bir az diqqətli olsalar, telefonda rəqəmləri doğru yığmadıqlarını görə bilərlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »