Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stəkanda Qum fırtınası və Azərbaycan sinergetikası
Stəkanda Qum fırtınası və Azərbaycan sinergetikası

Hazırda qonşu İranla Azərbaycan arasında gərginlik davam edir. Hadisələrin mənşəyinə çox varmasaq da, Tehrana bağlı, yaxud Tehranmeylli qrupların Azərbaycan içində də fəallaşmağa çalışdıqlarını gördük. Azərbaycanın təhlükəsizlik qüvvələri bu meyllərin qarşısını almağa çalışır. Ancaq etiraf etmək lazımdır ki, cənubdan hər cür təhlükə qalmaqdadır.

Buna bir neçə faktor təsir edir. Onlardan biri Azərbaycanın qonşuları arasında ən uzun sərhəddi İranladır. Bir il bundan əvvələ qədər həmin sərhədlərin 120 kilometrlik hissəsi Ermənistanın işğalı altında idi; ora Azərbaycan dövləti nəzarətini 2020-ci ilin payızında bərpa etdi. 27 il ərzində İranın həmin ərazilərdən keçərək Qarabağdakı erməni separatçılarına, eləcə də, işğalçı Ermənistana dəstək göstərməsi haqqında çoxsaylı, təkzibolunmaz faktlar və dəlillər var. İnsani əlaqələr, din faktoru və sair buna təsir edir.

Başqa sözlə, bir sıra dövlətlərin yarımgizli və gizli şəkildə Azərbaycan ərazisində dini, etnik, sosial və sair zəminlərdə münaqişələri körükləməsi məlumdur. O cümlədən, İrandan da qaynaqlanan belə kədərli təcrübələr var.

İran-Azərbaycan gərginliyi də başlayandan bəri Azərbaycana qarşı açıq, ya da gizli təhdidlərin arasında etnosiyasi qarşıdurmalar, dini münaqişə yaratmaq mesajları da var. Azərbaycanın cənubunda yaşayan xalqın adından yararlanmağa da çalışdılar. Ancaq buna nail ola bilmədilər. Ölkəni zəiflətmək istəyənlər, milli və dini hisslərlə oynamaqdan heç zaman çəkinməyiblər. Azərbaycanın yenicə müstəqillik qazandığı, hələ dövlət olaraq tam ayaq üstə durmağa macal tapmadığı dövrdə - 1990-cı illərdə bu cür münaqişələri yaratmağa, körükləməyə və “istisinə qızınmağa” çalışan xeyli xarici dairələr, hətta dövlətlər vardı. Onlar aşağı-yuxarı hələ də var (deməyə söz tapmayanda cinsi azlıqların hüquqlarını önə çəkənlər də bir başqa mövzudur).

Hətta ideoloji təxribatdan tutmuş fiziki terrora qədər hər cür yollara əl atılıb. Ancaq Azərbaycanı nəinki 90-cı illərdə deyildiyi kimi, Livana, 2010-cu illərdə deyildiyi kimi, Suriyaya, indi İrandan gələn səslərdə deyildiyi kimi, Əfqanıstana çevirmək mümkün oldu, əksinə Azərbaycan bu gün Cənubi Qafqazda iqtisadi, siyasi, hərbi və mədəni baxımdan ən güclü dövlətə çevrilib. Eyni zamanda dinlərarası, mədəniyyətlərarası dialoqun mərkəzi halına gəlib.

Bəli, Azərbaycanın da ərazisində etnik münaqişə vardı; 1988-ci ildə Qarabağda başlamış erməni separatizmi 1991-1994-cü illərdə iki dövlətin – Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmişdi. Nəticədə hər iki tərəfdən on minlərlə insan həlak olmuş, yüz minlərlə etnik Azərbaycanlı Ermənistandan qaçqın, Qarabağdan köçkün düşmüşdü. 2020-ci ilin 27 sentyabr-10 noyabr aralığında Azərbaycan ordusu hərbi əməliyyatlarla bu münaqişəyə son qoydu.

Maraqlı nüans budur ki, Azərbaycanın bu münaqişədə uduzduğu illərdə - o qarışıq, bulanıq dövrlərdə də qonşu dövlətlərin xüsusi xidmət orqanlarının təhriki ilə istər ölkənin şimalında, istərsə cənubunda etnik zəmində münaqişələr yaratmaq cəhdləri nəinki baş tutmadı, əksinə həmin bölgələrdə yaşayan xalqlar, ümumiyyətlə, Azərbaycanda yaşayan bütün xalqlar, etnik qruplar da Azərbaycanın ərazi bütövlüyü uğrunda davasında iştirak etdi. Yəni, kənardan ərazi bütövlüyümüzü pozmağa çalışanlara ərazi bütövlüyümüzü hamılıqla qorumağa qalxmaqla cavab verə bildik. Bütün xalqlar olaraq. Azərbaycana məxsus bu sinerji bədxahların planlarını pozmaqda, ölkənin bütövlüyünü qoruyaraq inkişafına zəmin yaratmaqda çox mühüm faktor oldu.

Bilirsiniz ki, dünyada 5000-dən çox etnos var. Onun 269-unun sayı 1 milyondan çoxdur. Bu xalqlarln da 90 faizi çoxmillətli dövlətlərdə yaşayır. Təkcə Rusiyada 1000-dən çox azsaylı xalq, etnik qrup var. Və əgər bu zəmində münaqişələr daha da artarsa, dünya elə ölkələrin titul xalqlarından qabaq orada yaşayan azsaylı xalqlar üçün yaşanmaz hala gələr. Polietnik dövlətlərdə xoşbəxt vətəndaş olanların çox gözəl nümunələri var. Eyni zamanda da monoetnik ölkələrdə bədbəxt olanlar. Məsələn, Ermənistanı götürək. Yalnız bir xalqın Vətəni olmağı seçdi. Ancaq o xalqa necə bir Vətən oldu?! Özünü və həmin o monoetnik cəmiyyətini hansı çıxılmazlıqlara saldı, hansı fəlakətlə üzləşdirib hansı itkilərə məruz qoydu – göz qabağındadır.

ABŞ, Kanada, Böyük Britaniya, həmçinin Fransanın, Almaniyanın özləri, eləcə də, siyasi sistemindən, dövlət quruluşundan irəli gələn problemləri sərf-nəzər edəcək olsaq, Çin, Rusiya kimi dövlətlər... Bunlar, etnik mozaikası rəngarəng olan ölkələr deyilmi?! Ərazilərində çox müxtəlif xalqlar, etnik qruplar, eləcə də, müxtəlif dini konfessiyalar var. Ancaq bu rəngarənglik onların inkişafına mane olmayıb. Eləcə də, qardaş Türkiyə. Ərazisindəki münaqişəni səngidib seperatizmi və terrorizmi önləyən kimi inkişafının önü açılıb və bu gün artıq Türkiyə haqqında regional dövlət deyil, qlobal güc olaraq danışılmağa başlanıb.

Çoxlu misallar gətirmək olar. Ancaq həqiqət birdir: dövlət zəifləyəndə, bu, təkcə onun titul xalqının zəif düşməsi demək deyil, eyni zamanda onun ərazində yaşayan azsaylı xalqların da daha zəif, daha köməksiz duruma düşməsidir. Ölkə inkişaf edəndə də bunun eynisi olur: hər kəs daha güclənir. Azərbaycanda həm titul xalq – Azərbaycan Türkləri, həm də başqa xalqlar bu gerçəyi çoxdan və bütün dərinliyi ilə dərk və qəbul edib. Ona görə də Azərbaycanlılar olaraq ölkəsinin xarici təcavüzdən müdaxiləsində də, daxili sabitliyinin qorunmasında da, inkişafında da iştirak edir. Bu üzdən İrandan gələn dağıdıcı təsirlər Azərbaycanda qarşılıqsız qaldı. Yadmeylli, beyninə QUM doldurulmuş marginal qrupları istisna etsək, Azərbaycanın bütün vətəndaşları vahid fikirdədir: öz xalq(lar)ını mövhumat, xurafat qaranlığına məhkum edənlər başqa xalqlara işıqlı gələcək gətirə bilməzlər. Sadəcə, vəd edərlər. Səadət deyib fəlakət gətirərlər. Öz vətəndaşlarının haqlarını heçə sayanlar başqa ölkə vətəndaşlarına olsa-olsa haqdan-hüquqdan moizələr oxuyarlar. O qədər!

Seyid Əhmədli, Bizimyol.info

Bu məqalə Medianın İnkişaf Agentliyinin onlayn media subyektlərinə (vebsaytlara) maliyyə dəstəyi çərçivəsində hazırlanıb

İstiqamət: 6.3.15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf istiqamətləri

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »