Məlum olduğu kimi, sentyabr ayında Qazaxıstanın Türküstan şəhərində TÜRKPA-nın 10-cu plenar iclası keçirilib və iclasın sonunda Türküstan Bəyannaməsi qəbul olunub.
Azərbaycanın nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik edib. Bəyannamənin imzalanmasında Azərbaycanla yanaşı, Qazaxıstan, Türkiyə, Qırğızıstan respublikalarının parlamentlərinin nümayəndə heyətləri iştirak edib.
Sözügedən hadisə ilə bağlı Bizimyol.info saytına danışan Milli Məclisin deputatı, həmin iclasda iştirak etmiş Fazil Mustafa qeyd edib ki, sonradan Özbəkistan parlamentinin rəhbərliyi də həmin bəyannaməyə qoşulduğunu bildirib.

“Bu bəyannamə yetərincə önəmli sənəddir. Sənəddə TürkPA üzvü olan ölkələrin pandemiyaya qarşı mübarizədə birgə addımları, terrorizmə qarşı əməkdaşlıq, habelə siyasi və iqtisadi məsələlərlə bağlı sıx tərəfdaşlıq niyyəti əks olunub. Bundan başqa, bu sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, ölkəmizin haqlı mübarizəsi alqışlanıb. Sözügedən iclas yetərincə pozitiv və ideyalarla, təkliflərlə zəngin bir mühitdə keçdi. Hiss olunurdu ki, qardaş ölkələrin deputatları da türkdilli xalqlar arasında əlaqələrin inkişafı və daha güclü, daha çoxşaxəli tərəfdaşlığa dayanan bir birlik arzulayırlar. Bu iclas və qəbul olunmuş bəyannamə xalqlarımızın gələcəyi naminə atılan mühüm addımlardan biri kimi dəyərləndirilməlidir”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, artıq hərbi sahədə də ölkələr arasında sıx tərəfdaşlıq var.
“Keçmiş sovet ölkələri olan Azərbaycan, Qırğızıstan, Özbəkistan və Qazaxıstan ayrı-ayrılıqda ordularını müasirləşdirmək üçün istərTürkiyə ilə, istərsə də bir-birilə sıx tərəfdaşlıq edir. Lakin burada alyansdan daha çox əməkdaşlıqdan söz gedir. Düşünürəm ki, Türkdilli dövlətlərin siyasi birliyi təmin olunub, qalan məsələlər üçün zaman lazımdır. Türküstan bəyannaməsi bir siyasi iradəni ortaya qoydu. Bir növ proqram olaraq. Bundan sonrakı proses isə hökumətlərdən asılıdır”, - deyə F.Mustafa vurğulayıb.
Deputat əlavə edib ki, türkdilli ölkələrin yaxınlaşmasına qısqanc yanaşan xarici güclər var.
“Zaman-zaman bu güclər öz təsirini göstərir, hər hansı məsələdə müdaxilə etməyə çalışır. Lakin biz bu çətinliklərə baxmayaraq, xalqlarımız arasındakı bağları qorumalı və münasibətləri yaxşılaşdırmalıyıq. Hazırda təhsil, elm, səhiyyə, logistika və bir sıra iqtisadi məqamlarda sıx əməkdaşlıq etmək üçün münbir şərait var. Bu fürsətləri əldən qaçırmaq olmaz. İstərdim ki, bizim hökumət də bu istiqamətdə öz səylərini artırsın”,- deyə Fazil Mustafa söyləyib.
Rüfət Əhmədzadə, Bizimyol.info