Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Muratovun “Nobel”i və ya düşüncə dualizmi...
Muratovun “Nobel”i və ya düşüncə dualizmi...

Filippinli və Rusiyalı jurnalistlər Mariya Ressaya və Dmitri Muratova Nobel mükafatı verildi. “İfadə azadlığının qorunması sahəsində səylərinə görə”. Nə gözəl!

Azad sözə verilən mükafatdır əslində. Sözlə işləyən hər kəsə o ödülün mənəvi tərəfindən pay düşür əlbət!

Gözümüz, qulağımız öyrəşmişdi ki, Nobel mükafatını, adətən, ya astrofiziklər alardı, ya da mikrobioloqlar... Ya analitik kimyaçılar, ya da tətbiqi riyaziyyatçılar və əlbəttə, Bellou... kimi “psixoloji”, Soljenitsın, Pamuk kimi dövrünə “asi”  ədəbiyyatçılar. Bir də özü “cızdığı” münaqişələri özü də “poza bilən” “sülhməramlı” siyasətçilər...

Nelson Mandela xoşbəxt istisnadır yəqin ki. Hərçənd, ömrünün 20 ilini Aparteid türməsində “çürüdən” adama, bilmirəm, necə “xoşbəxt” demək olar...

Yenə dönək Nobelə.

Mediadan da kimlərinsə belə yüksək səviyyəli mükafatlar alması bir tərəfdən çox sevindiricidir. Ancaq bir tərəfdən.. Mən başqa tərəfinə baxacam axı...

Baxıram, Rusiyada nəşr olunan, bir zamanlar çox nüfuzlu “Nezavisimaya qazeta” da Dmitri Muratovu təbrik edib.

“Nəyə sevinirlər ki?!” deyə düşünməmək olmur. Muratovun şəxsi uğurunadırsa, bəli. Ancaq Muratovun və başqalarının Rusiyada “ifadə azadlığının qorunması sahəsində səylərinə görə” “Nezavisimaya qazeta” nə qədər “невасимая” (tərcüməsi: müstəqil) oldu ki?! Üstəlik, təbriklədiyi laureatın Qarabağda separatizmə qarşı mövqeyini nə dərəcədə bölüşdülər bu “nevazisimiya qazeta”lar?!

Yaxud... Bu qədər siyasətçiyə bu qədər sülh mükafatı verildiyi zaman Dünya hibrid müharibələrin, etnosiyasi münaqişələrin, sosial qarşıdurmaların, beynəlxalq terrorizmin, məzhəb davalarının girdabına daha çox yuvarlanmadımı?!

Ruslar demiş, опять двадцать пять?!

İfadə azadlığı boğulur ki, kimsə də ona görə mükafat alır, elə deyilmi?! Daha doğrusu, o azadlığın qorunmasına görə.

Baxırsan, necə əyilməz fikir dissidentləri, necə yenilməz haqq mübarizləri ordusu yetişib bizim ölkələrdə. Necə Söz cəngavərləri yaşayıb! Və də... ölüb (öldürülüb) həm də. Dağılan tifaqlar, yıxılan xəyallar, pozulan planlar, kəsilən nəfəslər... Və buna görə nə qədər bəh-bəhli mükafatlar, cəh-cəhli mərasimlər... Paylanan qrantlar, döşünə döyən “qarant”lar...

Və?!

Sonuc?!

Sıfır üstəgəl sıfır, əldə var – Sıfır!

Dünyanın o tərəfində bəlkə Azadlığa söz yox! Amma bu tərəfində Sözə Azadlıq yox...

Nəticə aşağı-yuxarı eyni.

Bir də ki belə baxanda O Tərəfdə də durum bir baxımdan burdakından çoxmu fərqlidir, sanırsınız?! Ən azad ölkədə ən azad Sözə də inam faizi yüzdə 40-ın altında!

Bəşəriyyət bəlkə artıq Sözə inanmağın başını buraxıb?!

Hər halda çoxları düşünür: “Bu Dünyada həqiqət axtarmaq nəyimə lazım?! Tapıb nə edəcəm ki?! Əgər o, heç kimə lazım deyilsə...”

Yalana həqiqətdən daha çox inanıldığı Dünyada Muratova, Ressaya verilmiş Nobel ödülünün dəyəri elə həmin o tək milyon ABŞ dolları olaraq qalacaqmı, deyirsiniz?!

...“Nezavisimaya qazeta” Muratova üç-beş tərifli epitet göndərdi. Sonra da qaldığı yerdən birgedişli “Putin yolunda” hərəkətinə davam edəcək, elə deyilmi?! Hamımıza aiddir: Sözə “birtərəfli bilet” almışıq. Dünyanın bu tərəfində normadır sanki.

Və o kəlmə kələkbazlığı, Söz janqlyorluğu, o lənət düşüncə dualizmi təkcə danışanın, çəkənin, yazanın içində deyil, oxuyanın  (dinləyənin, izləyənin) içində də “bardaş qurub oturub”. Adamlar bir cəsur youtuberi izləyib: “Pah! Filankəs nə onluğa vurdu!” deyə “vizual ekstaz” keçirir, ancaq veriliş qurtaran kimi, o da...

Nə isə artıq!

Miloş Formanın məşhur filmindəki Makmerfi kimi, heç olmasa, cəhd göstərəydi...  Xeyr ha! “Dostumuz” durub öz həyatına qaldığı yerdən davam edəcək. Bayaq rüşvəti “qılınclayana” əl çalmışdı. Ancaq indi  durub gedəcək çalıb-çapmağa - rüşvət almağa (ya da rüşvət verməyə)...

Üzümüzə gələn yayda ailəsinə İbiza sözü var axı. Nəyinə lazım, Söz azadlığı var, ya yoxdu?!

Hə! Nəymiş?! Yalançı təkcə yalan yazan deyilmiş. Həm də yalandan oxuyan imiş...

P.S. Amma, yox! Demirəm, Azadlıq üçün savaşmağın xeyri yoxdur (Şərlə savaşın adı həmişə “Xeyir” idi). Azadlıq – onun üçün hamı savaşanda var. Tənha döyüşçülər isə, sadəcə, dissident statusuna sığınacaq; qartal qürurunu sabaha daşıyacaq. İndilik qaragün toplumunda “ağ qarğa” sayaq dolaşsa da...

P.S. Mövzuya tərs tərəfdən “həmlə” etdik ki, bəlkə düzünü idrak edək. Düzünə yazılanın tərsinə yozulduğu yerdəyik axı...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »