Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidlərin əmanətinə sahib çıxan “Xarıbülbül fidanları”
Şəhidlərin əmanətinə sahib çıxan “Xarıbülbül fidanları”

Bir neçə gün əvvəl Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları ilə bağlı rəqəmlər açıqlandı. Məlum oldu ki, bu bir il müddətində 102 şəhid övladı dünyaya gəlib.

Bu rəqəm olduqca böyükdür. Çünki həmin 102 körpə ata sözünün, sevgisinin, nəvasişinin, qayğısının, isti qucağının nə olduğunu bilmədən, bütün bu duyğulardan məhrum böyüyəcək. Atalarını yalnız şəkillərdən öpə, qucaqlaya biləcəklər.

Lakin həmin körpələrin doğulduğu gündən bəri yanlarında olan, atasızlığı onlara hiss etdirməməyə çalışan bir komanda var idi. “Xarıbülbül fidanları”...

“Xarıbülbül fidanları” yalnız könüllülərdən ibarət bir komandadır. Onlar, bir çox şəhid övladının xəstəxana çıxışında iştirak edərək, həmin ailərə ən çox lazım olan mənəvi dəstəyi verən insanlardır.

Böyük ürəyə sahib insanların toplaşdığı “Xarıbülbül fidanları” və gördükləri işlərlə tanış olmaq üçün qrupun təkşilatçısı Nərgiz Süleymanlı ilə söhbətləşdik. O bildirdi ki, “Xarıbülbül fidanları” 5 dekabr 2020-ci ildə tam könüllü şəkildə yaranıb.

“Bu ideyanı verən isə mənim balaca oğlum olub. Onun həmin vaxt 6 yaşı var idi. Zəfər günündən etibarən, televiziyalarda nümayiş olunnan Xarıbülbül simvolu onun diqqətini çəkmişdi. O, bütün gün Xarıbülbülün rəsmini çəkirdi. Sonuncu dəfə çəkdiyi isə çox gözəl alınmışdı. Həmin rəsmi mənə göstərib bildirdi ki, “ana bu bala Xarıbülbüldür”. Daha sonra isə mənə dedi ki, "ana, hazırda şəhidlərin balaları çox üzgündür. Bəlkə biz onlara hədiyyələr hazırlayaq?”. Bu sanki mənim beynimdə qığılcımlar yaratdı. Bu fikir beynimə batdı və biz “Xarıbülbül fidanları”nı yaratdıq.

Daha sonra elanlar yaymağa başladıq. Beləliklə bir çox şəhid ailəsi bizdən xəbərdar oldu və balaca fidan balalar bizə məktublar yazmağa başladı. Keçən ilin yeni ilində bir çox şəhid övladlarını sevindirməyi bacardıq. Övladı dünyaya gələcək olan şəhid xanımları ilə əlaqələr yaratdıq və atasını görə bilməyəcək olan həmin körpələr üçün xəstəxana çıxışları hazırlamağa başladıq. Yeni itki vermiş bir ana təbii ki, həmin hazırlıq prosesini heç cürə düşünmürdü, düşünmək istəmirdi. Biz onların əvəzinə hər şeyi hazırladıq. Uşağın çıxışı üçün dekorlar, hədiyyələr, xonçalar, plakatlar və s. Bunların hər birini də təbii ki, könüllü şəkildə edirdik və sadə vətəndaşlar bizə dəstək olurdu.

Atalarının vəfatından sonra dünyaya gələn körpələr demək olar ki, ümumi statistikada 102 uşaqdır. Amma biz hardasa 50-60 uşaqğın doğuluşundan xəbərimiz olub. Çünki bizim mənbəyimiz sadəcə ətrafımızdakı insanlar idi.

Hər şeydən əlavə biz ilk növbədə psixoloji dəstəyə yönəlmişdik. Mən özüm ixtisasca psixoloqam. Bu səbəbdən də ilk növbədə çalışırdım ki, mənəvi cəhətdən yanlarını doldurum. Çünki şəhid ailəsinin heç bir maddiyyata, əşyaya, hədiyyəyə ehtiyacı yox idi. Amma heç tanımadığı insanların onların yanında olması, onları əli dolu qarşılaması, şəhidin adını uca tutaraq, onun adına plakatlar qaldırması onlar üçün çox böyük dəstək idi. Onlar bu zaman özlərini güclü hiss edirdilər. Dəfələrlə bizə məlumatlar daxil olurdu ki, bu xanımlar bildirirlər ki, gələndə heç nə gətirməyin, amma özünüz gəlin.

Bundan əlavə biz iftarlarda kiçik yığıncaqlar təşkil edirdik. Beləliklə biz şəhid xanımları arasında ünsiyyət yaranmasına da səbəb olurduq. Düşünürdük ki, biz təbii ki, onların yanındayıq, amma onların bir-birinə dəstək olması tamamilə başqa bir təsir edəcək. Çünki eyni dərdi, acını paylaşırlar, eyni itkini yaşayırlar”.

Nərgiz xanımın sözlərinə görə, ilk dəfə şəhid Vüsal Məmmədovun övladının xəstəxana çıxışında iştirak ediblər.

“Xanımı biz yoldaşı şəhid olmadan öncə tanıyırdıq. Çünki bu xanım bizim mərkəzdə psixoloji dəstək alırdı. Xanımın yoldaşı müharibə başlayan zaman ilk cəbhəyə yollanan şəxslərdən idi. Xanım isə hamiləliyini çox ağır keçirirdi. Qeyd edim ki, evliliklərinin heç bir ili bitməmişdi. Sevgiləri çox böyük idi. Yaşadığı itkidən sonra xanımın vəziyyəti çox ağır idi. Övladı doğulanda düşündük ki, bu xanım üçün nəsə edək. Onun əvəzinə düşündük və videorolik, fotosessiya təşkil etdik. Bu anlar çox unudulmaz idi.

Bizim niyyətimiz o idi ki, bu xanımlar xəstəxanadan boynu bükük çıxmasın, özlərini tənha hiss etməsin. Çalışırdıq ki, gələcəkdə həmin xanımlar düşünməsin ki, mən bunu edə bilmədim. Çünki bu onların ilk və həyat yoldaşlarından geriyə qalan tək övladı olacaqdı.

Bu fəaliyyətimiz zamanı həqiqətən bir möcüzə ilə rastlaşmışdıq və heç zaman bunu unutmuyacam. Deməli, bir şəhid xanımı var idi və ağır depressiyada idi. Hətta deyirdi ki, yaşamaq istəmirəm. Yatdığı xəstəxanadan bizə bildirmişdilər ki, xanıma psixoloji dəstək lazımdır. Biz daim onunla əlaqədə idi. Bir gün bildirdi ki, “mən daim üsyan edirəm. Sübhana yalvarıram ki, əgər məni görürsənsə, burdasansa, xəstəxana çıxışında mənə bunu bildir”.

“Xarıbülbül fidanları” “Xarıbülbül fidanları”

Təsəvvür edin ki, çıxış vaxtı xanım ayağını xəstəxanadan çölə atan an çox güclü bir leysan başladı. Xanım yerində dayana bilmirdi. Gözlədiyi işarə ona gəlmişdi. Həmin an o xanım üçün unudulmaz, əvəzolunmaz idi. Bu hadisədən sonra həmin xanım həyata tutunmağa çalışdı. Bu möcüzənin şahidi olmaq bizim üçün də bir şans idi.

Bu proseslər zamanı bizim komandanın yaşadığı çox maraqlı, dəyərli anlar olub. Komandamızda könüllü olaraq çalışan xanımların isə haqqı danılmazdır. Onlar lazım gəldikdə plakat tutublar, lazım gəldikdə şəhid xanımlarının ayaqqabılarını geyindiriblər. Buna görə də mən çox şanslıyam ki, ətrafımda bu misssiyanı dərindən başa düşən, hiss edən, vətən sevgisi ilə dolu qəlbləri olan xanımlar var”,- deyə bildirb.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »