Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ-nın “yaşıl strategiya"sı yoxsa enerji böhranını aradan qaldırmaq zərurəti...
Aİ-nın “yaşıl strategiya"sı yoxsa enerji böhranını aradan qaldırmaq zərurəti...

Oktyabrın 31-dən noyabrın 12-nə qədər Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransında (COP26) dövlət rəsmiləri və ekspertlər iştirak edəcək.

Tədbirdə atmosferin orta hərarətinin sənayeləşmədən öncəki dövrə nisbətən artımını 1,5 dəfə çərçivəsində saxlamaq məqsədilə karbon qazı tullantılarının ixtisarına dair yeni öhdəliklər müzakirə olunacaq.

Bu mötəbər tədbir qazın Avropada 4 dəfə, ABŞ-da 2 dəfə bahalaşması, eləcə də kömür qıtlığı nəticəsində yaranmış kəskin enerji böhranı ilə eyni vaxta təsadüf edir.

Avropa qaz bazarındakı böhran daha çox 2020-ci ildə koronavirus pandemiyası üzündən işgüzar fəaliyyətin səngiməsilə bağlı hasilatın azalması, sərmayə yatırımlarının kasadlığı, habelə yeraltı qaz anbarlarının yetərsizliyilə bağlıdır. Belə ki, Böyük Britaniyadakı qaz anbarlarının tutumu illik ehtiyacın cəmi 6%-ni, Almaniya, Fransa, İtaliyada isə 20%-ni ödəyir.

Bu ilin yay aylarında havaların durğun keçməsi üzündən bir çox ölkələrdə yel elektrik stansiyalarının fəaliyyəti orta səviyyədən az olub. Eyni zamanda karbon tullantılarını azaltmaq üçün kömür hasilatının da xeyli ixtisar olunması enerji qıtlığını artıraraq Avropada yeraltı mənbələrdən əl çəkməyin hələlik tez olduğunu göstərib.

Avropa İttifaqı (Aİ) ölkələrinin adətən yeraltı anbarlara qaz vurmağı başa çatdıraraq qaz idxalına dair fyüçers sazişləri imzaladığı avqust – sentyabr aylarında regionun əsas qaz təchizatçısı olan Rusiya qaz nəqlini minimuma endirib. Bu addım həmin ölkənin Baltik dənizinin dibi ilə Almaniya ilə birləşdirəcək “Şimal axını-2” qaz kəməri layihəsinə razılıq almaq üçün təzyiq vasitəsi kimi dəyərləndirilir.

“Bloomberg” mütəxəssislərinin qənaətincə, Şimal dənizindəki qaz yataqlarında pandemiya ilə bağlı fasilələrdən sonra aparılan təmir işləri, LNG ehtiyatlarını isə Asiya ölkələrinin daşıyıb aparması üzündən Avropa ölkələrinin Rusiya qazına alternativ tapa biləcəyi sual altındadır. Buna görə qarşıdan gələn qış mövsümündə region ciddi enerji böhranı ilə üzləşə bilər.

“Report”la söhbət zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Avropa enerji böhranı ilə məşğul olan eksperti deyib: “Avrozonadakı mövcud çətinliklərin onlarla səbəbini sadalaya bilərəm. Bunlar tələbatın yarıtmaz planlaşdırılmasından tutmuş Aİ-dəki hüquqi məhdudiyyətlərə qədər ən müxtəlif amillərdir. Fikrimcə, COP26-də bütün bunlara dair söhbət açılacaq. Hazırkı böhran da sübut edir ki, həm bərpa olunmayan enerji mənbələri ilə bağlı işlərə, həm də yaşıl təşəbbüslərə mümkün risklərlə bağlı əl gəzdirilməlidir”.

2020-ci ildə dünyanı cənginə alan pandemiyadan sonra güclə dirçəlməyə başlamış işgüzar fəaliyyətlərin indi də Aİ-da və Asiyada, xüsusilə də Çində baş verən yanacaq böhranı nəticəsində axsayacağı artıq şübhə doğurmur.

Ekspertlər indidən Aİ ölkələrində inflasiya artımını, hətta ərzaq qıtlığını belə istisna etmirlər (gübrə istehsalı üçün təbii qaz mühüm xammaldır). “Nomura” maliyyə qrupunun Çin eksperti Tinq Lu “Financial Times" nəşrinə müsahibəsində bildirib ki, “Çində yanacaq qıtlığı və elektrik enerjisi istehsalındakı çətinliklər bütün dünya üçün fəsadlar doğurur. Dünya bazarlarında toxuculuq məmulatları və oyuncaqlardan tutmuş maşın hissələri və strateji məhsullara qədər qıtlıq baş verəcək”.

"Hazırda bütün dünyada nəhəng gəlirlər əldə edən qaz istehsalçılarının pula pul demədiyi bir vaxtda Aİ ölkələri enerji şirkətləri və ev təsərrüfatları üçün dövlət yardımı tətbiq etmək məcburiyyətində qalır. “Soyuq qış günlərində isinmə qəbzlərindəki rəqəmlərin sürətlə artacağı barədə narahatlıq əksər insanlar üçün iqlim dəyişikliyilə bağlı tədbirlərdə əsas götürülən qəliz rəqəmlərdən, hesablardan daha böyük xof yarada bilər” – bu qənaətə isə “Washington Post” nəşri gəlib.

İsrailin Haifa Universitetinin professoru, enerji eksperti Brenda Şafer “Foreign Policy” nəşrindəki yazıda qeyd edir: “Hazırkı Avropa Komissiyası enerji siyasətini iqlim siyasətinin adi bir parçasına çevirərək təhlükəsiz tədarük, enerji istifadəsinin asanlığı kimi məsələlərə lazımı diqqət yetirmir”.

“Yaşıl” və “mavi” hidrogenium istehsalı baha başa gəldiyi üçün Aİ-nin yaşıl təşəbbüslərində enerji istifadəsinin asanlığı böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, aparılan tədqiqatlara görə, metan havanı karbondan da çox çirkləndirir. Bu da sənayedəki tullantılarla bağlı əlavə məhdudiyyətlərin tətbiqinə gətirib çıxara bilər ki, nəticədə bir çox ölkələrin iqtisadiyyatı üzərinə əlavə yük düşəcək.

Avropa Komisiyasının Avropa Yaşıl Sazişi üzrə icraçı vise-prezidenti Frans Timmermans bu həftə bildirib ki, yanacaq böhranına ən düzgün cavab tədbiri bərpa olunan enerjinin tətbiqini ləngitmək yox, bu tətbiqə daha da təkan vermək və onu artırmaq üsullarını tapmaqdır.

ABŞ-ın dövlət katibi Antoni Blinken da dünyanın hazırda müxtəlif bərpa olunan enerji mənbələrinin tətbiqi və yeraltı mənbələrdən imtina etmək mərhələsində olduğunu dilə gətirib.

Rusiyalı ekspert Tamara Safronovanın fikrincə isə, Avropanın özündə belə karbon tullantılarının ixtisarı, kömürdən qaz yanacağına keçməklə bağlı proqramlar heç də tam həcmdə icra olunmur.

Bu ilin dekabr ayında Aİ-nın karbohidrogenlərin gələcəkdə istifadəsinə dair mühüm qərarlar verəcəyi gözlənilir. Hələlik isə cari enerji böhranına əncam çəkməyə çalışan Aİ ölkələri qaz və kömür idxalını hər vəchlə artırırlar. Nəticədə qazın dekabr fyüçersləri 1 900 dollar/1 000 kubmetr həddini keçib.

Son xəbərlər
Bütün xəbərlər »