Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizim repertuarımızda hər zaman "Xocalı" mövzusu olub"
"Bizim repertuarımızda hər zaman "Xocalı" mövzusu olub"

Oktyabr ayının 1-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti qərarı ilə teatrların fəaliyyətinə icazə verildi. Artıq bir çox teatrlarımızda yeni tamaşalar, yeni afişalar hazırlanır. Bəs, 2 il müddətində teatrın nə olduğunu unutmuş tamaşaçı yenidən teatrlara gələcəkmi? Bu artıq başqa məsələdir, ancaq teatrların yenidən fəaliyyətə başlaması aktyorlarımızı çox sevindirib.

"Pantomima" Teatrının aktyoru və direktoru, əməkdar artist Elman Rəfiyev, Bizimyol.info saytına açıqlamasında bildirib ki, teatr incəsənətin əlifbası, məktəbidir. Teatrda olan məşqlər, aktyorları daim formada saxlayır.

"Teatrların açılması bizi çox sevindirdi. Amma bir probem var ki, iki ildir aktyorlar səhnədən uzaq düşüblər. İki ildə unutqanlıq yaranıb. Nə qədər professional olsan belə, xatırlamaq üçün aktyora müddət lazımdır. Bizim teatrımız fərqli olduğu üçün; mimika, jest və hərəkətlər üzərində qurulduğu üçün, həmin hərəkətləri yenidən yada salmaq, onları bir-birinə uyğunlaşdırıb birləşdirmək və onun musiqi ilə, işıqla məşq etmək üçün bizə uzun müddət lazımdır. Bir tamaşada 1000-2000 hərəkət olur. Buna görə də biz hələ ki, tamaşaçıları sevindirə bilmirik. Teatrımıza gələn tamaşaçılar, hər zaman bizdən mükəmməl iş gözləyiblər. Biz də həmin mükəmməl işi başa çatdırıb onlara təqdim edəcəyik. Buna görə də, ayın 1-dən teatrımızda məşqlər gedir. Aktyorlarımız teatrımızda məşqlərə gəlib yenidən əvvəlki formalarını bərpa etmək üçün çalışırlar. Tamaşaçılarımız biraz daha səbrli olsunlar. Ən əsası odur ki, teatrlarımız açıldı".

E.Rəfiyev deyir ki, bu 2 illik fasilədə tamaşaçılar da teatrlardan uzaq düşüblər. Hər teatrın öz tamaşaçısı olduğunu deyən aktyor, tamaşaçıların yenidən teatrlara üz tutacağına ümid edir. Elman Rəfiyev qeyd edir ki, bu gün hamının dilində "pandemiya" sözü olduğu üçün teatra zəng edən bəzi tamaşaçılar, "Pantomima" sözünü "pandemiya" ilə qarışdırır.

Elman Rəfiyev qeyd edir ki, teatrın repertuarına İkinci Qarabağ müharibəsi ilə bağlı mövzular da daxil ediləcək: "Bizim repertuarımızda hər zaman "Xocalı" mövzusu olub. Biz çalışmışıq ki, Xocalıda baş verənləri hamıya çatdıra bilək. Ancaq çox güman ki, ölkəmizin bütün teatrlarının repertuarında vətənpərvərlik və İkinci Qarabağ müharibəsi mövzularına da yer veriləcək".

Elman Rəfiyev, vətənpərvərlik mövzusunda şerlər səsləndirir. 44 günlük müharibə dövründə də aktyor, "Avto FM"-ə dəvət edilib və vətənpərvərlik mövzusunda şerlər səsləndirib:

"Vətən müharibəsi dövründə və Anım günündə vətənpərvərlik mövzusunda yazılan şerlər səsləndirmişəm. Mənim öhdəmə bu düşür, edirəm, edəcəyəm də. Teatrımızda da, bu mövzuya geniş yer ayrılacaq".

E.Rəfiyev həmçinin qeyd edib ki, "Pantomima" Teatrının ilk və klassik tamaşalarından biri, Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı, bədii rəhbəri və baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadənin "Nağaraçılar" əsəridir. Bu klassik bir əsərdir. Və hər zaman teatrın aktual tamaşalarındandır.

"Biz 2002-ci ildə Hollandiyanın Amsterdam şəhərində bu tamaşanı oynadıq. Tamaşamızı izləməyə gələn qonaqlardan Marsel Marsonun tələbəsi, amsterdamlı pantomimaçı Rob van Reyn bizə dedi ki, "Bu, sizin brilyant nömrənizdir". Teatrımızın brilyant nömrəsi "Nağaraçılar"-dır. Eləcə də, "Muğam Trio-Dizlər" adlı tamaşamız da var. Biz bu tamaşalarla bir çox ölkələr gəzib Azərbaycan muğamını təbliğ etmişik. Bu əsər, əməkdar artist Qurban Məsimovun ideası idi. Bu tamaşa çox rəğbətlə qarşılanmışdı. Hətta biz Türkiyədə olanda bizi TRT-1 kanalına dəvət etdilər. İranda olanda belə, bizi kanallara dəvət etdilər. Sonradan İranda bu tamaşanın başqa cür oynanıldığını da öyrəndik".

Elman Rəfiyev

Aktyor deyir ki, illər keçsə də, "Pantomima" Teatrının repertuarında yüzlərlə tamaşalar olsa belə, "Nağaraçılar" və "Muğam Trio-Dizlər" hər zaman repertuarımızın ön sıralarında dəyişilməz olaraq qalacaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »