Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Deyirdi ki, torpaqlarımız azad olunandan sonra rahat yaşayarıq" - Şəhid anası
"Deyirdi ki, torpaqlarımız azad olunandan sonra rahat yaşayarıq" - Şəhid anası

"Elvin çox vətənpərvər uşaq idi. İnanın, mən onu saxlaya bilmədim. Xəstə idim. Qardaşı da hərbi xidmətdə idi, dedim Elvin, qardaşın gəlsin sonra sən gedərsən. Məni həkimə o aparırdı. Dedi, ana 6 ay çox müddətdir. Mənim xəyallarım var, gələcəyimi qurmalıyam"... Belə başlayır şəhid Elvin Namazovun hekayəsi...

Şəhid Elvin Nazimoğlu Namazov, 1997-ci il oktyabrın 11-də Şəmkir rayonunda dünyaya göz açmışdı. Şəhid Elvin Namazov haqqında Bizimyol.info saytına şəhidin anası Ruhəngiz xanım danışıb.

Elvin hərbi xidmətə yollananda anası göz yaşlarını saxlaya bilmir. Elvin anasının boynuna sarılıb ona təsəlli verir, bir il altı ayın tez keçəcəyini deyir. Söz verir ki, hərbi xidmətdən sonra anasının bütün arzularını həyata keçirəcək.

Elvin hərbi xidmətə gedən zaman Şəmkirdə bütün dostları onu yola salmağa gəlmişdi. O, hərbi xidmətini Füzuli rayonunun Horadiz qəsəbəsində keçirirdi. Ana deyir ki, Elvin hərbi xidmətdə olduğu müddətdə bir dəfə də olsun bir problem yaşamamışdı. İstiqanlı, vətənpərvər, intizamlı olduğu üçün hamının sevimlisi idi. Ana övladı ilə sonuncu dəfə 2017-ci il aprelin 8-i danışır. Aprelin 7-si dayı olmuşdu. Atasına zəng edib təbrik edir.

"Az qalıb, prezidentin sərəncamı ilə ayın 10-u evdəyəm. Gəlib işləyim, sənin bütün borclarını verəcəyəm. Bizi artıq buraxıblar" - deyə Elvin atası ilə danışanda bildirib. Ayın 10-u Elvin gəlmir, Elvinin qara xəbəri gəlir.

Şəhid Elvin Namazov

"Həmin gün Elvini naryada yazıblar,"vışka"-nın başında növbədə olub. Elə balamı orda öldürüblər. Onun haqqında o qədər danışa bilərəm ki. Oğlum idmançı idi. Hər zaman birinci yeri tutmağa çalışırdı. İkinci-üçüncü yerləri tutanda qanı qara olurdu. Elvin, özünü yaxşı inkişaf etdirmişdi. Ancaq vətən sevgisi tamam başqa idi. Hər zaman deyirdi ki, torpaqlarımız azad olunandan sonra rahat yaşayarıq. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz istəsək də, xoşbəxt yaşaya bilmərik" - deyə anası danışır.

Aradan 4 ildən çox zaman keçsə də, ana övladının ölümü ilə hələ də barışa bilmir. Bəzən şəkilləri ilə danışır. Övladını görmək istəyir, ona sarılmaq və qoxusunu hiss etmək. Amma sarıldığı soyuq məzar daşı olur. Hələ çox illər keçəcək Ruhəngiz ana heç bir zaman bir də Elvininə sarıla bilməyəcək. Məzarı ilə təskinlik tapacaq.

Ruhəngiz ana kimi çox ana var, balasına sarıla bilməyən və oğul həsrətilə yanıb qovrulan. 30 illik müharibə minlərlə Elvinləri uddu, minlərlə anaları gözü yaşlı qoydu. Bu gün torpaqlarımızı geri almışıq. Amma heç bir zaman torpaqlarımızın şəhidlərimizin qanı, analarımızın gözyaşı ilə yoğrulduğunu unutmamalıyıq. Bu gün biz, Şuşada başımız dik şəkildə gəzə biliriksə, bunun üçün vətən torpağının altında uyuyanlara və onların həsrətilə yanıb qovrulanlara borcluyuq.

Tanrı şəhidlərimizə rəhmət eləsin!

İlahin, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »