Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çox az qalıb, belə getsə, Bakı tezliklə "keçəl" qalacaq...
Çox az qalıb, belə getsə, Bakı tezliklə "keçəl" qalacaq...

AAYDA...

Bakı, mənim sevimli şəhərim... Heyf səndən. Uşaqlıqda müxətlif bədii kitablarda regionlardan Bakıya gəlib təhsil alan, işləyən şəxslərin yataqxanalarda qaldığı barədə çox oxuyurdum. O zamanlar Bakıda yaşadığımın fərqində deyildim. Bakı kitablarda sevimli şəhər, arzuların, xəyalların şəhəri kimi təsvir edilirdi. Mən də elə o kitablardan tanıyırdım Bakını. Bakıda yaşaya -yaşaya... Bakının gözəl şəhər olduğu haqqında kitablardan oxuduqca doğma şəhərimi görməyə can atırdım.

Böyüdüm. Mən böyüdükcə Bakıda gözəlliyini, özəlliyini itirdi. Yaşıllıqlarını məhv edib, yerində çoxmərtəbəli binalar tikdilər. Dənizini hasarlayıb malikanələr, saraylar, villalar...

Bir neçə yerdə də gözdən pərdə asmaq üçün parklar yaratdılar. Montində olan meşəlik yoxa çıxdı. Əhmədlidə olan parka Gənclik parkı adı verib yenidən bərpa etməyə çalışsalar da, illərlə yağmalanmış, hissə-hissə kəsilib satılmış parkın da park olması üçün azı 20-30 il lazımdır.

Yadıma gəlir, Mətbuat prospektində "Ovçular evi" deyilən bir yer vardı. Bir gün həmin binanın söküldüyünə şahid oldum. Bir neçə gün sonra isə, ərazidə olan ağacları böyük texnika ilə qazıb çıxardıqlarına. Sonra yerində süni bir park salıb bir də kafe tikiblər.

Əhmədlidə, Neftçilər metrosu yaxınlığında, neçə-neçə ərazidə ağaclıqlar məhv edilib yerində obyektlər, binalar tikildi. Kimsə pul qazanacaq deyə, bizi təmiz havadan məhrum etdilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də hərzamanki kimi iş işdən keçəndən sonra əraziyə baxış keçirib zərər dəymiş ağacları hesablayaraq protokolunu tərtib edib cəriməsini yazıb getdi. Olan da həmin ərazilərin yaxınlığında yaşayan zavallı insanlara oldu. Çağırışlarını, bağırışlarını heç kim eşitmədi. Nazir dəyişdirilir, guya vəziyyət dəyişəcək deyə... yenə köhnə hamam, köhnə tas. Xeyr. Məqsədim ETSN haqqında danışmaq və ya nazirliyi tənqid etmək deyil. Sadəcə Bakımın problemlərini sadalayıram.

AAYDA...

Bir neçə aydan bir bu quruma ölkə başçısı küçələrin, yolların salınması, bərpası, təmiri və s. ilə bağlı vəsaitlər ayrırır.

Küçələrimizin vəziyyəti isə göz önündədir. Bir balaca yağış yağan kimi yollardan keçməyə qayıq axtarırsan. Küçələr salınarkən düzgünmü layihələndirilmir və yaxud pul yeyintisi olsun deyə düzgün təqdim edilən layihələr düzgün şəkildəmi həyata keçirilmir, deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, küçələrimiz və yollarımız bu gün təmir edilir, iki gün sonra yeni eyni vəziyyətdə olur.

Elə Nəsimi rayonu Ceyhun Səlimov küçəsini götürək. Küçə bir neçə gün öncə "əsaslı" təmir edilibmiş... İki gün öncə isə, yolun altında keçən elektrik xəttində qəza baş verib və yol yenidən sökülüb.

Sual verən lazımdır - bu yolu çəkərkən, bərpa edərkən, təmir edərkən, layihələndirmə işləri apararkən yoxlamalar aparılmırmı? Hə, AAYDA deyə bilər ki, yoxlamanı aidiyyatı qurum aparmalıdır. Tamam razılaşdıq. Bəs AAYDA aidiyyatı qurumdan bunu tələb edibmi? Qısacası; bu təmir deyilən nə mənə şeydirsə, ancaq müvəqqəti görüntü xarakteri daşıyır.

Hələ bir neçə il öncə ölkə başçısı Bakı ətrafı qəsəbələrin abadlaşdırılması ilə bağlı vəsait ayırmışdı. Görülən iş isə göz qabağındadır. Məsələn; Zabrat qəsəbəsində Zabrat dairəsi deyilən yer var. Bir balaca yağış yağan kimi kəndə gedən yolu keçmək üçün qayığa ehtiyac olur. Hələ qəsəbənin daxili yollarını demirəm.

Və yaxud Pirşağı qəsəbəsində daxili yollar. Balaxanı qəsəbəsinin daxili yolları, Binə, Binəqədi. Hansısnı deyim?

Hələ Bakı-Quba yolunun kələ-kötürünü, yamağını-çala-çuxurunu demirəm... Yağış yağır, küçələrdə gölməçələr yaranır deyirəm. Burda təkcə AAYDA-mı günahkardır? Xeyr!.

Hər dəfə yağışlardan sonra "Azərsu" ASC-nin müvafiq əməkdaşı çıxıb deyir ki, bəs əməkdaşlarımız baxır, monitorinq keçirir, yağış normadan artıq yağıb və s. Sovet dövründən qalan, çökməkdə olan Bakının kanalizasiya sistemini nə zaman yenilədiniz? Yeni binalar tikilir, şəhər böyüyür. Kanalizasiya sistemi isə eynən dəyişilməz olaraq qalır. Bir gün görəcəksiniz ki, artıq kanalizasiya suları küçələrdə axır. O zaman nə deyəcəksiniz?

Kanalizasiya suları küçələrdə axır, dedim yadıma yenə Bakı ətrafı qəsəbələrin kanalizasiya dərdi düşdü. Ay balam, XXI əsrdə yaşayasan, dövlət başçısı dövlət büdcəsindən sənə vəsait ayırsın ki, get Bakı ətrafı qəsəbələrin kanalizasiya problemini, su problemini həll et, sən də gözdən pərdə asmaq məqsədi ilə bir neçə iş görüb, əlində bayraq et ki, bunu etdim, onu etdim.

Sual edirəm: vəsait ayrılıbsa, niyə Zabrat, Maştağa, Nardaran, Pirşağı qəsəbələrinin kanalizasiya sistemi işləmir?

Yayda bu qəsəbələrdə sakinlər içməli suyu da pulla alırlar...

Bilirəm, indi bu yazını oxuyanda deyəcəksiniz ki, "bax sənə nə var?"... Mən də bu ölkənin vətəndaşıyam. Və ölkə başçısı hər dəfə bu işəyaramaz qurumlara vəsait ayıranda istər-istəməz adama təsir edir ki, heç olmasa bu vəsaitin 80 faizini nəzərdə tutulan işlərə xərcləyin də.. Çox az qalıb. Belə laqeyidliklə, Bakı tezliklə "keçəl", kanalizasiya sularında qərq olmuş, çirkli və kələkötür bir şəhər olacaq. Yollarında avtomobillər qalaq-qalaq, nəfəs almağa hava çatmır...

Hanı mənim xəyallarımın şəhəri???

İlahin, Bizimyol.info

Paylaş »
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
Son xəbərlər
Bütün xəbərlər »