Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran mövqeyini dəyişir?
İran mövqeyini dəyişir?

İran-Azərbaycan gərginliyi son bir neçə gündə pik həddə çatdı. Dünən baş verən mühüm hadisələr artıq yeni vəziyyət yaradır. Artıq əvvəlki yazılarımızda da yazdığımız kimi, İran Zəngəzur dəhlizinin və Türkiyənin Cənubi Qafqazda möhkəmlənərək Türküstana (Mərkəzi Asiyaya) keçməsinin əleyhinədir. Bu, hələ Türkiyənin və Azərbaycanın mərhum prezidentləri Turqut Özalın və Əbülfəz Elçibəyin irəli sürdüyü geosiyasi “Türk zolağı” ideyasının reallaşdırılmasında çox mühüm addım olar. Artıq Qırğız dövlətində, Qazaxıstanda, Özbəkistanda müşahidə olunan tendensiyalar da bu baxımdan çox maraqlıdır.

İranın bu proseslərdən narahat olması təbiidir; Tehranda anlayırlar ki, Türkiyənin bölgəyə gəlişi, burada qərarlaşması, Azərbaycanın güclənməsi İranda - Güney Azərbaycanda yaşayan Türklərə də təsir edəcək. Rəsmi Tehranın bundan əndişələnnəsini, qarşısını almaq istəməsini anlamaq olar. Ancaq onun bu baş verənlərə reaksiyası adekvat olmadı.

Əslində hər kəsə məlumdur ki, İsrailin Azərbaycana yerləşməsi və sair iddialar aldadıcı manevrlərdir. Azərbaycanda – İran sərhədlərinin yaxınlığında terrorçuların olması haqqında deyilənlər isə aşkar təxribatdır. İranın sərhədlərində, bəli, 2020-ci ilin sentyabrın sonuna qədər terrorçular var idi; həmin ərazilərdə Ermənistandan gəlmiş terror qrupları (həm yerli, həm muzdlu) var idi. Azərbaycan İranla sərhədlərində yerləşən Füzulini də, Cəbrayılı da, Zəngilanı da azad etdi. Həmin terror qruplarını zərərsizləşdirdi və qalanları da oradan çıxmağa məcbur etdi. Azərbaycan kimi terrordan ən çox əziyyət çəkmiş dövləti öz ərazisində terrorçuları barındırmaqda ittiham etmək ən azı ədalətsizlikdir.

Nə baş verdi? İran Azərbaycana, Türkiyəyə, ümumilikdə bölgəyə yönəlik siyasətində ciddi səhvlərə yol verdi. Əvvəlcə, Azərbaycanı hərbi təlimlərlə, verbal təhdidlərlə çəkindirmək istədilər, alınmadı. Daha sonra Azərbaycanın içindəki iranmeylli marginal qrupları ayaqlandırıb ölkə hakimiyyətini və bu məsələdə hakimiyyəti tam dəstəkləyən cəmiyyəti qorxutmaq, geri çəkilməyə məcbur etmək imkanlarını zondaj etdilər (qadınların dili ilə təhdid etmək isə heç yaraşan hərəkət deyildi). Bu da effektsiz oldu. Bundan sonra daha bir yanlış addım atdılar: Qərbi Zəngəzura – Ermənistanın Sünik adlandırdığı bölgəsinə qoşun yeritmək istədilər. Bu məqsədlə Ermənistanın xarici işlər naziri Ararat Mirzayanı Tehrana çağırdılar. O, isə bu məsələnin Rusiyadan asılı olduğunu bildirəndən sonra İran xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Moskvaya – Rusiyalı həmkarı Sergey Lavrovla görüşə getdi, ancaq təbii ki, mənfi cavab aldı. Rusiya nəinki Qərbi Zəngəzura qoşun çıxarmağa Tehrana icazə verdi, əksinə İran Silahlı Qüvvələrinin Azərbaycan sərhədləri hərbi təlimlərdə təxribatçı niyyətləri pislədi. İrana, yumşaq desək, tövsiyə olundu ki, Türkiyə Prezidentinin təklif etdiyi “3+3” formatına qoşulsun. Burda İranın yeni rəhbərliyinin ölkəsini diplomatik tələyə saldığı bir daha ortaya çıxdı. İranlı jurnalistin Azərbaycanın Türkiyə ilə birgə Xəzərdə hərbi təlimlər keçirməsinin Xəzərin statusu haqqında konvensiyaya zidd olduğu haqda gedişinə Lavrovun cavabı belə oldu: “Konvensiya bunu qadağan edir. Ancaq İran parlamenti bu Konvensiyanı ratifikasiya etmədiyi üçün qüvvəyə minməyib”. Başqa sözlə, özü yıxılan ağlamaz. Göründüyü kimi, özü qüvvəyə minməsini əngəllədiyi, qüvvədə olmayan Konvensiyaya istinad edənlər, bütün dünya qarşısında komik duruma düşdülər.

Buna baxmayaraq. Tehran səhv buraxmaqda davam etdi; İran üzərindən Naxçıvana hərbi yük təyyarələrinin uçuşuna qadağa qoydu. Bu və bundan əvvəlki səhvlərin nəticəsi olaraq Tehran özü özünü nəqliyyat blokadasına saldı və ya bu təhlükə ilə üzləşdi. Gürcüstan, İran və Ermənsitan yük maşınlarına sərhədini bağlamışdı, Türkiyə də bağladı. Azərbaycan daha əvvəl Gorus-Qafan yolunda addımlar atmışdı. Beləliklə, onsuz da permanent sanksiyalar altında olan ölkə özünü bölgə ölkələrinin logistik qadağaları ilə üzbəüz qoydu.

Ola bilsin ki, bu, daha çox subyektiv amillərlə izah olunmalıdır; İran yeni seçkidən çıxıb. Ölkənin Prezidenti, hökuməti, o cümlədən, xarici işlər naziri, müdafiə naziri yeni adamlardır. Hələ işləri yenicə təhvil alan kimi belə ciddi çağırışlarla üzləşiblər və ya təcrübə azlığından, ya başqa səbəblərdən ən doğru qərarları verə bilməyiblər. Ancaq Tehrandan səslənən son bəyanatlar bu yanlışların idrak olunduğuna işarədir: İranın xarici işlər naziri Abdollahian, Azərbaycana və Ermənistana səfər etmək niyyətini açıqladı. Eyni zamanda, Azərbaycanın xarici işlər nazirinin də Tehrana səfərini arzu etdiyini bildirdi. Belə bir niyyət rəsmi, əvvəlki mövqedən imtina ediləcəyinə və praqmatik siyasi kurs seçiləcəyinə ümidlər yaradır. Hüseyn Əmir-Abdollahianın və Ceyhun Bayramovun qarşılıqlı səfərləri gerçəkləşərsə, bu gərginliyin aradan qaldırılmasına, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinə geri dönüşə yol açacaq. Bu ümidləri, İranın Prezidenti Seyid İbrahim Rəisinin bəyanatı da artırır. İranın Azərbaycandakı səfirliyindən Bizimyol.info saytına daxil olan məlumatda deyilir ki, Prezident Rəisi “qonşuluq siyasətinin İran İslam Respublikası üçün həmişə əsas olduğunu” bildirib. Prezident Rəisi deyib: “Qonşuluq siyasəti xoş niyyət, mehriban qonşuluq və konstruktiv əməkdaşlıq ruhuna bağlıdır”.

Səfirlikdən daxil olan məlumatda İran Prezidentinin bəyanatı belə şərh olunur: “O, konstruktiv əməkdaşlığı bölgədəki bütün xalqların iqtisadi inkişafının və rifahının əsas amili hesab edərək əlavə etdi: Qafqaz bölgəsi, sıx əməkdaşlığın yaxşı bir nümunəsi olma potensialına malikdir”.

Prezident Rəisi, regional təhlükəsizlik məsələsinə də toxunub. Saytımıza daxil olmuş məktubda Prezident Rəisidən belə bir sitat var: “Regional təhlükəsizlik çoxtərəfli regondaxili mexanizmlər vasitəsilə təmin edilməlidir, şər və ambisiyalı ünsürlərin müdaxiləsi xalqların maraqlarının ziyanınadır”.

Bu bəyanatdan da göründüyü kimi, İran Prezidenti, mehriban qonşuluğu və iqtisadi əməkdaşlığı ön plana çəkir. “Qafqaz bölgəsi” deyərkən, Cənubi Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan, Ermənistanla yanaşı Türkiyənin, Rusiyanın, İranın özünün də iştirakı ilə “çoxtərəfli regiondaxili mexanizmlər” haqda danışır. Bu, əslində İranın “3+3” formatına müsbət yanaşacağı ehtimalını yaradır. Eyni zamanda bəyanatda “sionist rejim”, “terrorçular” ifadələri də yoxdur, bunlar “şər və ambisiyalı ünsürlər” ifadəsi ilə əvəzlənib. Və bu da, şübhəsiz ki, həftələrdir sürən İran-Azərbaycan gərginliyinin arxada qalacağını düşünməyə ümid verir. Çünki bu gərginlik hər iki ölkəyə zərər verir. Ən çox da İranın özünə. Bu baxımdan, Tehranın öz mövqeyini dəyişməsi və ya ən azı ritorikasını yumşaltması müsbət qiymətləndirilməlidir.

Həyatda yalnız dəlilər və ölülər fikrini dəyişmir. İranın yeni hökuməti, əlbəttə, siyasi iradə bolluğu nümayiş etdirsə də, bəlli ki, beynəlxalq diplomatiyada təcrübə azlığı hiss edir. Yəqin ki, son hadisələr bu baxımdan Tehran üçün arzuolunmaz da olsa, hər halda bir təcrübədir.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »