Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan və İran münasibətlərini lobbi təsirindən xilas etmək lazımdır”
“Azərbaycan və İran münasibətlərini lobbi təsirindən xilas etmək lazımdır”

Artıq avqust ayından etibarən İran-Azərbaycan münasibətlərində gərginlik artan xətt üzrə böyüməkdədir və bu, hər iki tərəfin maraqlarına zidddir.

Bu sözləri Bizimyol.info saytına siyasi analitik Gülsel Səfərova bildirib.

Gülsel Səfərova Gülsel Səfərova

Onun sözlərinə görə, bu münasibətlərin gərginləşməsində daha çox maraqlı olan xarici qüvvələr, o cümlədən erməni lobbisidir.

“Dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ-da, Rusiyada, Fransada erməni lobbisi həmin dövlətlərin müxtəlif dairələri ilə dərin əlaqələrə malikdirlər. Onlar İranda da diaspor vasitəsilə müəyyən təsir gücünə malikdir və bu güc vasitəsilə, İranla Azərbaycanı üz-üzə qoymağa çalışırlar. Etiraf etməliyik ki, iki dövlət arasındakı münasibətlər heç də xoşa gəlməyən şəkildə inkişaf edir. Və bu münasibətləri lobbi təsirindən xilas etmək lazımdır”.

G.Səfərovanın sözlərinə görə, İranda bəzi siyasi dairələr də bu təsirə aludə olublar: “Onlar düşünürlər ki, Tehran və Bakı arasında gərginlik yaratmaqla, hansısa divident əldə edə bilərlər. Lakin uzaq perspektivdə bu gərginlik heç bir yaxşı nəticə vəd etmir. Əlbəttə ki, İran Azərbaycana nisbətən böyük və güclü dövlətdir. Lakin unutmaq lazım deyil ki, İran əhalisinin böyük hissəsi ilə biz soydaşıq. Bizim regionda bir problemimiz, bir düşmənimiz olub. O da, ərazilərimizi işğal edən Ermənistandır. Azərbaycan dövlət olaraq heç vaxt İranın daxili işlərinə qarışmayıb, İranda gedən siyasi proseslərə təsir göstərməyə çalışmayıb. Digər tərəfdən, Azərbaycanın Türkiyə və Pakistanla müdafiə sahəsində imzaladığı sazişlər var. Həmçinin, Azərbaycan bir sıra beynəlxalq layihələrin gerçəkləşdiyi ölkədir. Beynəlxalq ictimaiyyət Azərbaycanın hər hansı hücuma, təzyiqə məruz qalmasına susmayacaq. Yəni, İran tərəfi üçün Azərbaycanla münasibətləri qaydaya salması üçün ən yaxşı variant dialoqdur”.

Analitikin fikrincə, Azərbaycan özünün İsraillə münasibətlərinə də balanslı yanaşır: “Azərbaycanda yəhudi icması yaşayır və bu icma indiyə qədər hər hansı məsələdə Azərbaycan xalqından və dövlətindən şikayət etməyib. İsraillə Azərbaycanın münasibətlərində bu icma, daha doğrusu, Azərbaycanın tolerantlığı mühüm rol oynayır. Bu münasibətlər dövlət başçısının da dediyi kimi, üçüncü tərəfə qarşı yönəlməyib və yönələ bilməz”.

Gülsel Səfərova əlavə edib ki, əslində münasibətləri normallaşdırmaq üçün yetərincə rıçaqlar var.

“O qədər də ciddi şeylər baş verməyib ki, iki dövlət bir-birinə düşmən kəsilsin. Bizim əslər boyu davam edən milli-mədəni bağlarımız var. Düşünürəm ki, tezliklə İran rəhbərliyi təşəbbüsü ələ alacaq və bütün məsələləri danışıqlar masasında həll etməyə çalışacaq. Azərbaycan sübut edib ki, müstəqil dövlətdir və suveren şəkildə öz siyasətini yürütməyi bacarır. Hər hansı bir xarici qüvvənin nə istəməsindən asılı olmayaraq, rəsmi Bakının bu istiqamətdə praqmatik mövqe yürüdəcəyinə inanıram. Məhz bu mövqe özünü İran səfirinin Prezident Administrasiyasına dəvət edilməsində də göstərmişdi. Azərbaycan bu məsələni ritorikasız, qalmaqalsız həll etməyə çalışır. Ayrı-ayrı şəxslərin nə deməsindən asılı olmayaraq, bu iki dövlət arasında kompromis və dialoq ümdə amillərdəndir. Ümid edirəm ki, qarşı tərəf də eyni yanaşmanı sərgiləyəcək”, - deyə analitik əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »