Bir neçə il əvvəl Azərbaycanda qəribə tendensiya yaranmışdı. Valideynlər övladlarının mütləq ali təhsil almasını arzulayırdı. Orta texniki və peşə təhsili çox da önəmli hesab hesab edilmirdi. Bir müddət sonra isə ölkədə diplomlu işszilər ordusu yarandı. Hətta xatırlayıram ki, qul bazarlarında ali təhsili olan çox sayda işsizlər də vardı. Bu gün əmək bazarında daha çox peşə təhsilli mütəxəssislərə ehtiyac var.
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Bizimyol.info saytına açıqlamasında bildirib ki, ümumiyyətlə "Ali təhsil almaq mütləqdir" yanaşması düzgün fikir deyil. Çünki Azərbaycan təhsilinin məqsədi təkcə məktəblərdə bilik vermək deyil və eyni zamanda mütləq şəkildə ali təhsil müəssisələrinə qəbul olacaq tələbə hazılığı ilə şərtlənmir. Azərbaycan təhslinin məqsədi, cəmiyyətin çox vacib istiqamətlərindən biri olan - peşəkar, səriştələrə malik vətəndaş yetişdirməkdir. Səriştələr dedikdə isə, burada daha çox peşə təhsili yada düşür: "Peşə təhsili məktəblərinin Azərbaycanda olmaması və az olması, xüsusilə müstəqillik illərində peşə təhsilinə münasibətin laqeyidləşməsi və peşə təhsili müəssisələrinin bir çoxlarının bağlanması, Azərbaycanda peşə təhsili infrastrukturunu çox bərbad bir vəziyyətə saldı. Amma son illərdə Təhsil Nazirliyi tərəfindən, eyni zamanda ölkəmizin başçısı tərəfindən peşə təhsilinə münasibət, peşə təhsilinin inkişaf etdirilməsi ilə bağlı qəbul olunmuş qərarlar, məhz dövlətin bu istiqamətdə yanaşması artıq peşə təhsilinin nə qədər vacib və əmək bazarı üçün nə qədər məhz bu istiqamətlərdə kadr hazırlanmasının önəmli olduğuna dövlətin münasibətini ifadə edir".
İ.Orucov vurğulayıb ki, bu baxımdan peşə təhsili mütəxəsislərinin hazırlanması olduqca vacibdir və mütləq deyil ki, məzunların hamısı ali məktəbə getsin: "Mən Bakı Təhsil Müəssisəsində Ali təhsilli şəxsin gəlib peşə təhsili müəssisəsində oxuması faktı ilə rastlaşmışam. O, düşünürdü ki, məhz peşə təhsilinə yiyələnməklə əmək bazarında özünə daha uğurlu, daha gəlirli, daimi iş tapa biləcək. İnsanlar peşə təhsilindən qorxmamalıdırlar. Əksinə, peşə təhsili mütəxəssislərimiz çox olsa, onlar əmək bazarında özlərinə daha çox yer tapa biləcəklər. Xüsusilə, müasir və klassik peşələrdən fərqli olaraq, gələcəyin peşələri var ki, bu istiqamətdə də kadr hazırlığı həyata keçirmək olduqca zəurudir və vacibdir. Bu baxımdan mən peşə məktəblərinə gənclərimizin doğru seçim edərək təhsil almağa getməyini dəstəkləyirəm",- deyə eskpert bildirib.
İ.Orucovun sözlərinə görə, uzun illər öncə Azərbaycanda ali təhsil almaqla bağlı dəb sindromu" yaşanırdı. Valideynlər mütləq şəkildə övladlarının ali təhsil almasını istəyirdi. Ali təhsilin dəb halına düşməsini zərərli tendensiya hesab edən ekspert bildirir ki, dəb xatirinə oxumaq və təhsil almaq düzgün fikri deyil: "Biz gələcəkdə əmək bazarında özümüzə rahat iş tapmaq uğrunda münasibətimizi ortaya qoymalıyıq. Bu gün mən ortabab biliklə ali təhsil müəssisəsinə daxil olub və oranı da alababat bitirib işsiz qalacağamsa, iş tapa bilməyəcəyəmmsə, o ali təhsil müəssisəsini bitirməyə dəyməz. Bunu insanlar nə qədər tez başa düşsələr yaxşıdır".
Elə peşələr var ki, bu gün əmək bazarında bu peşələrə böyük ehtiyac var. Əmək bazarının trendini tutaraq, məhz özünü orada sınamaq, orada daha peşəkar mütəxəssis olaraq formalaşmaq, daha uğurlu seçimdir. Valideynlər bu məsələdə diqqətli olmalı və övladlarına doğru istiqaməti verməlidirlər.
İlahin, Bizimyol.info