Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizi özümüzlə vuruşduracaqsınız?!
Bizi özümüzlə vuruşduracaqsınız?!

Daha əvvəl də yazdığım kimi: media günün şəklidir, gündəm ədəbiyyatıdır. Bu, jurnalistin qədəridir; istəsə də, qaça bilməz. Həm də niyə qaçsın ki? Çörəyidir axı...

Bu son həftələrdə İran bizdən çox yazdı, biz də İrandan yazdıq. Yazılır da hələ. Dünya mediasına da burdan yaxşı “yavanlıq” çıxdı; yaz ki yazasan. Həm iki qonşu ölkə arasında gərginlik azalmır ki, artır. Getdikcə sanki daha geridönməz xarakter almış kimi görünür. Qarşı tərəfdən (həm də dövlətin zirvəsindəkilərdən) gələn bəyanatlar heç yaraşan deyildi. Bəlkə onlara yaraşar. Bizə yaraşan deyildi. Vəziyyətin bu həddə gəlməsinin səbəbkarı biz deyildik (Bu arada xatırladım ki, 30 illik Ermənistan-Azərbaycan münaqişəsini başladan da biz deyildik, ancaq biz bitirdik). Həm sanki İranla Azərbaycanı vuruşdurmağa maraqlı hansısa gizli əl, hansısa xüsusi maraq var. Ola bilsin, İranın rəhbərliyinə içəridən, ya kənardan bu yöndə təsirlər, yaxud birbaşa göstəriş var. Çünki nə qədər təhlil edirsən-et, bu gərginliyin Azərbaycandan daha çox İranın zərərinə olduğu qənaətinə gəlirsən.

Yox, bu heç də subyektiv qənaət deyil, obyektiv gerçəkliyin konstatasiyasıdır. Hazırda hirslə qalxmış Tehranın bir müddətdən sonra zərərlə otura biləcəyini proqnozlaşdırmaq da çətin deyil.

Bəli, Tehran özünə düşmən bildiyi güclərin onunla Azərbaycan arasına girdiyini, öz sərhədlərinin yaxınlığına gəlib çıxdığını düşünə bilər. Bunu öz təhlükəsizliyinə təhdid də saya bilər. Hərçənd məsələ bu deyil; daha böyük məsələlər var. Bununla belə Azərbaycanla münasibətləri gərginləşdirmək, hələ pozmaq, hansısa münaqişəli vəziyyət yaratmaq necə nəticələnə bilər?! Bu da hesaba alındımı?!

Bu gün ehtimal və ya daha pisi uydurma şəklində qurulan ittiham üzərindən Azərbaycana hərblə yürüsələr, o təhlükə bildikləri amillər apriori yaranacaq. İndi yoxdur. Amma belə davam etsə, doğrudan da, kimlərsə buraya gəlməyə çalışar. Bəlkə hansısa beynəlxalq formatlarda, hansısa qərarlar əsasında gələrlər də.

Deyirlər, bölgədə filan rejim var, terrorçular var (bu, özülüyündə çox ağır ittihamdır – o başqa söhbətin mövzusu olsun). Ancaq o rejim, o terrorçu yoxdur axı. Kimdir? Hardadır? Ortaya konkret faktlar qoymaq lazımdır. Ümumi cümlələrlə, yaxud şəxsi mülahizələrlə olmaz. O terrorçu hansı sərhədlərdən, necə keçib gəlib? Hanı?! Bunu bir il bundan qabaq da deyirdilər. Əlbəttə, hansısa müxbirin sualına “bükərək”. Ancaq bir il keçdi. Ortaya faktlar qoyuldumu?! Xeyr! O halda bu stəkanda fırtına, Şekspirsayağı desək, “heç nədən hay-küy” kimə lazımdır?! Şübhəsiz ki, Azərbaycana lazım deyil. Əminəm ki, İrana da lazım deyil. Bəs kimə?! Deyirlər, kimsə gəlib... Əgər sən münaqişə yaradarsansa, bölgə xaosa bürünərsə, hə, o zaman o dediyiniz rejim gerçəkdən gələr. O terrorçular da gələr. Ancaq indi belə bir şey yoxdur. Ölkənin daha çox xarici təhdid altında olan sərhədlərindən hərbi qüvvələri çıxarıb ən sakit, ən təhlükəsiz şimal sərhədinə daşıyarsansa, o təhlükə, doğrudan da, gələr. Həm də elə ən çox da o boş buraxılan sərhədlərdən.

Bu risqi gözə almadan yürüdülən şeyin adı siyasət olsa da, özü siyasət deyil. İranla Azərbaycan arasında bu qədər bir-birini birləşdirən nöqtələr varkən, nə üçün ayıran nöqtələri axtarıb tapır, qaşınmayan yerdən qan çıxarırlar ki?! Onu anlamaq olmur. Hətta qaşınan yerdən qan çıxarmaq lazım deyil, o da ola qaşınmayan yerdən. Ancaq görünən odur ki, bəziləri həddən çox qaşınmağı sevir...

Bu məsələnin içində başqa məsələlər var. Ən böyük narahatlıq yaradan da odur. Hər halda bizi narahat edir. Düzü, indi adını xatırlamıram, ancaq hansısa məşhur Azərbaycan siyasətçisi yaxşı bir söz demişdi: “Türkiyədəki Türklər qardaşımızdır, Güneydəki (İrandakı-red.) Türklər isə biz özümüzük”.

Bəli, o doğru sözdür. Bizim bu gün müstəqil dövlətimiz var; 11 gündən sonra müstəqilliyin bərpasının 30 illiyi olacaq. Ancaq biz bu dövlətin vətəndaşlarıyıq. İranın isə əhalisinin çoxu bizik. İran Türkləri yəni. Orda da varıq. Həm də burdakından 3 dəfə çox!

Zamanında Arazı ayıranlar, indi bizi bir-birimizə qarşı buyura bilməzlər; qardaşı qardaşla toqquşdura, vuruşdura bilməzlər. Bunu bacarsalar belə, özlərinin də sonu gələr. Əllərində hansı hakimiyyət olursa-olsun.

İranla Azərbaycan arasında ciddi iqtisadi-ticarət əlaqələri var; tarixən formalaşıb. Birgə həyata keçirilən, yaxud reallaşdırmağa niyyətləndikləri çox layihələr, planlar var. İnsani ilişkiləri hələ demirəm; İranın Azərbaycanla olduğu qədər başqa bir ölkə ilə təbii insani əlaqələr potensialı varmı?! Yoxdur. Azərbaycanın Türkiyə və Rusiya ilə belə münasibətləri varsa da, İranla bir başqadır. Rusiyada oğullarımız var, Türkiyə qardaşımızdır. İrandakı on milyonlar isə özümüzük. Nədir yəni?! Bizi özümüzlə vuruşduracaqsınız?! Bunu kim bacara bilər ki?!

Ortada nəhəng regional əməkdaşlıq layihəsi (layihələri) var. İranın bu layihələrdə iştirakı daha məqbul deyilmi?! Bütövlükdə İran üçün. Və həm də Güney Azərbaycandakı biz üçün. Əlbəttə ki! Bunun alternativi yoxdur. Heç kim bu bölgədən heç yerə gedəsi də deyil. Obyektiv proseslər var; Türkiyə bölgəyə gəlir. Regionun başqa ölkələri buna mane ola bilirmi?! Xeyr! Mane olmaq mümkün olsaydı, Rusiya olardı. Ləngidə bilər, amma geri çevirə bilməz axı. Türküstanda milli oyanış var, Türk birliyinə canatım var. Qarşısını almaq olurmu?! Yox! Xalqlar öz inkişaf vektorunu, tale yönünü seçir. Hə, bu İrandakı Türk toplumuna təsir edirmi və ya edəcəkmi?! Qaçılmazdır. Dünyanın şəkli dəyişir, bölgənin şəkli dəyişir. Tehran da Ankara, Bakı, Moskva, Tiflis kimi bu proseslərə ayaq uyğunlaşdıracaq. Başqa yolmu var?!

Hətta İrəvan aşkar-gizli manevrlər edir, yaranmış vəziyyətdə öz xeyrini axtarır, ya da daha az zərərlə çıxmaq istəyir. Bütün tərəfləri və cəhətləri ilə hər halda İran kimi bu qədər qədim və zəngin dövlətçilik təcrübəsi olan bir ölkə, o ölkədə yaşayan xalqlar özlərini niyə cırtdan Ermənistanın kaprizlərinə təslim etsin ki?! Münaqişə varsa, sonu bəllidir; mütləq tərəflərdən biri qazanır. Ya da hər ikisi itirir. Ayrı-ayrılıqda itirməkdənsə, birlikdə qazanmağın yollarını aramaqda fayda var. Azərbaycan və İran – yaşlarından asılı hər ikisinin müstəqil dövlətlər kimi xalqlarının qarşısında məsuliyyəti var. Elə deyilmi?! Bəlkə kimsə bu məsuliyyəti hiss etmir, o başqa məsələ...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »