Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İlham Əliyev öz siyasəti ilə Sarqsyan hakimiyyətinin iflasına təkan verdi”
“İlham Əliyev öz siyasəti ilə Sarqsyan hakimiyyətinin iflasına təkan verdi”

Prezident İlham Əliyev Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bəzi xarici dairələrin onu devirmək planlarından danışıb.

“Neçə dəfə bizi devirmək istəmişdilər? Bunu Azərbaycan xalqı yaxşı bilir, bunu mən yaxşı bilirəm, çünki bəzi xarici dairələr bəzi yerli satqınların əli ilə məni devirmək istəyirdilər. Alınmadı. Nə üçün? Xalq dəstəkləmədi", – deyə Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev Ermənistanda baş verən 2018-ci il inqilabını da xatırladıb: “Mən demişdim ki, heç vaxt əməkdaşlıq etməyəcəyik, mən demişdim ki, nəyin bahasına olursa-olsun Ermənistanı iqtisadi cəhətdən çökdürəcəyik. Bütün neft-qaz kəmərləri, nəqliyyat xətləri, dəmir yolu – hamısı Ermənistandan yan keçdi. Yəni, nəhayət Ermənistanı çökdürdük. İqtisadi cəhətdən artıq bizimlə rəqabət apara bilmədi, hərbi cəhətdən apara bilmədi, müftə alsa da, yenə də o istədiyi silahları ala bilmədi. Beləliklə, Ermənistanda daxili böhran artıq qaçılmaz idi, xalq qalxmışdı, nifrət etdiyi Sarkisyan rejiminə qarşı qalxmışdı və dəyişiklik oldu. Mən o vaxt demişdim, bəli, o dəyişiklikdə bizim əlimiz olub, əlbəttə ki, birbaşa yox. Biz yalan danışmamalıyıq. Bizim birbaşa yox, amma dolayısı ilə. Əgər Ermənistan inkişaf edən ölkə olsaydı, xalq ayağa qalxardı? Əlbəttə ki, yox. Ona görə, bu hakimiyyət dəyişikliyində bizim rolumuz kifayət qədər böyük idi”.

Prezidentin sözlərini Bizimyol.info saytına şərh edən siyasi-hərbi icmalçı Ramil Məmmədli bildirib ki, zaman-zaman Azərbaycanda xarici qüvvələr istər siyasi, istərsə də dini baxımdan müxtəlif ideologiyaları yaymağa, qruplar yaradıb onları gücləndirməyə çalışıblar.

Ramil Məmmədli Ramil Məmmədli

“Lakin Azərbaycan xalqı öz adətlərinə bağlı xalqdır. Bu xalqın insanları əsrlər boyu bir-birilə dini və ya etnik zəminə görə yox, insani münasibətlərə görə ünsiyyət qurub. Və artıq günümüzdə Azərbaycanda dünyəvi dövlət formatı oturuşub. Bundan sonra hansısa qruplar fəallaşsalar belə, onların cəmiyyətin əksəriyyəti tərəfindən dəstəklənəcəyini düşünmürəm. Hətta siyasi müxalifətlə dini-siyasi müxalifət yaratmağa çalışan bəzi qrupların da mövqeləri fərqlənir və onların hər hansı ortaq mövqedə birləşəcəyi real görünmür”.

R.Məmmədli qeyd edib ki, Azərbaycan xalqı 44 günlük müharibə zamanı inanılmaz birlik nümayiş etdirib.

“Xalqımızın sadə insanları da anlayır ki, Azərbaycan bir çox xarici qüvvələrin maraqlarının kəsişdiyi ölkədir və burda hər kəs prosesləri hansısa istiqamətdə yönəltməyə çalışır. Əlbəttə, müəyyən mənada sosial-iqtisadi problemlər var və bu istiqamətdə ciddi addımlar atılmalıdır. Lakin cəmiyyət olaraq, Azərbaycanda iğtişaşların və müxtəlif rəngli inqilabların baş qaldıracağı, uğur qazanacağı real deyil”.

R.Məmmədli bildirib ki, Azərbaycan-İran münasibətlərinin də tezliklə yaxşılaşacağını, gərginliyin bitəcəyini gözləyir: “Hər iki tərəfdən bəzi şəxslər bilərəkdən və ya bilməyərəkdən öz sərt açıqlamaları ilə gərginliyi artırır. Düşünürəm ki, yaxın zamanlarda bu gərginliyə ən yüksək səviyyədə siyasi dialoq yolu ilə son veriləcək”.

İcmalçı Prezidentin Ermənistandakı hakimiyyət dəyişilməsindəki rolundan da danışıb.

“Bu, Ermənistanı beynəlxalq layihələrdən kənardan qoymaq, onun siyasi və hərbi baxımdan fiaskoya uğraması üçün şərtlər yaratmağı ehtiva edir. Əlbəttə ki, biz başqa ölkənin daxili işlərinə qarışmırıq. İlham Əliyevin sözlərindən onu anlamaq olar ki, Robert Köçəran və Serj Sarqsyan hakimiyyətləri öz uğursuz​ siyasətləri dalana dirəniblər və bu istiqamətdə Azərbaycanın atdığı düşünülmüş addımlar da rol oynayıb. Bu gün Azərbaycan Ermənistanın şimal qonşusu Gürcüstanla da yaxşı münasibətlər qurub. 44 günlük müharibə dövründə Gürcüstan tərəfi sərhədləri nəzarətə aldı və Ermənistana silah daşınmasına mane oldu. Bu, uzun illər aparılan siyasətin nəticəsidir. Həmçinin, Ermənistan regionda təkləndi və hətta Rusiyadan aldığı silahlar belə ona kömək etmədi. İlham Əliyev öz xarici siyasəti ilə Sarqsyan hakimiyyətinin iflasına təkan verdi”,- deyə R.Məmmədli əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »