Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nooldu, “Abdullahiyan”?!
Nooldu, “Abdullahiyan”?!

İranın xarici işlər naziri vəzifəsinin adını səhv başa düşüb: diplomatiyada “xaric notlar” vurur. Ermənistanın xarici işlər nazirini “hüzura” qəbul edəndə Ararat Mirzoyanın təzimləri onu lap da çaşdırıb. Adam elə bilib ki, bütün Yaxın və Orta Şərqin Əmiridir. Ancaq anlamayıb ki, onun, vur-tut adı Əmirdir. Ya da öz soyadından “təkərə düşüb” – “Abdullahian”ı “Abdullahiyan” bilib. Bir növ özünü Araratdan daha çox erməni hiss edib. O Roma Papasından daha artıq katoliklər var ha! Onun kimi.

Mirzoyan özünü Tehrana çatdırıb, Abdullahianın əmrlərinə “beçeşm” deyəndən sonra da İranlı vəzir qane olmayıb. Görüb, Ermənistandan ortada bir şey qalmayıb – bir vəzir, bir də Məmmədnəsir! Durub Moskvaya və: “Ağaye Lavrov, vaveyla, Qafqaz əldən gedir” deyə qışqırıb. O da qulaq asıb, heç nə deməyib. Abdullahyan da çıxıb çölə, jurnalistlər başına toplanıb ki: “Ağaye, ehvale-şoma çetohur est?!” Bu da qayıdıb ciddi-ciddi nə desə yaxşıdır: “Rusiyadan bölgə ölkələrinin sərhədlərində baş verə biləcək dəyişikliklərə, terrorçuların varlığına və sionist rejimin hərəkətlərinə reaksiya verəcəyini gözləyirik”. Falan-filan...

Türkiyəli qardaşlarımız demiş: “Çok beklersin!”

Bu nazir əməlli-başlı xəstədir. Halüsinasiya görür. Onu regionda qara basır. Bəlkə də əvvəlki nazir müavini postunda Afrika ilə məşğul olduğundandır, nədir. Bilinmir. Ancaq maraqlıdır ki, Azərbaycan tərəfə baxanda terrorçu görür, sionist görür. Başa düşürük, ağayi Abullahian, ya da Abdullahiyan. Leonid Qaydayın “Qafqaz əsiri” filmində baş psixiatrın dediyi kimi: “Narahat olmayın, biz Sizi müalicə edərik. Bu... bizim profilimizdir”. Yəqin eyni sözü Sergey Lavrov da deyib, kim bilir?!

Soruşursunuz ki, Abdullahianın bu naxoşluğu nəmənədir?! Deyim: halüsinasiya – qarabasma şizofreniyanın, psixozların, psixonevrozların simptomudur. Adamın gözünə normal qonşuları “terrorçu”, “sionist” görünür. Gərçi, İranın özünü dünyada çoxları həm də çoxdan “terroru dəstəkləyən dövlət” adlandırıb. Ancaq indi durub başqa yerdə terrorçu axtarırlar. Necə deyərlər, Abdullahiyan baxıb güzgüyə, adın qoyub özgəyə.

Və də terror dövləti Ermənistanı hüzura qəbul edib, bəh-bəhlə qarşılayıb, cəh-cəhlə yola salan - Abdullahiankən bir anda dönüb Abdullahiyan olan zat, terrorçunu başqa səmtdə axtarır. Bu da dəlilik əlamətidir: başı qaçmış bir molla gecə işıq dirəyinin altında təsbehini axtarır. Soruşurlar:

- Burda itirmisən?

- Yox.

- Bəs burda niyə axtarırsan?

- Çünki hər yer qaranlıqdır, amma bura işıqlıdır.

Amma bu Abdullahiyan (onu belə adlandırmaq xoş olar yəqin) o molladan da betərdir ki! Gəlib, nazir olub, düz-əməlli bir kitab üzü açmayıb. Konfutsini oxusaydı, aydınlanardı. Konfutsi elə bu Abdullahiyanlar haqqında deyib ki, qaranlıq otaqda qara pişiyi tapmaq çətindi, üstəlik orda heç pişik yoxdursa. Bunun ağlına bax da! Özü pişiyi tapa bilməyib, qaçıb Moskvaya – Lavrovun ayağına düşüb yalvarıb ki, gəl, mən şam tutum, sən bölgədə o pişiyi tap. Şam tutmaq da bunların köhnə peşəsidir axı. Nə isə...

Nooldu, Abdullahiyan?! Bəs özünü Şir sayırdın. Şir Meşənin şahıdırsa, niyə çətinə düşən kimi Şimal Ayısının qapısına qaçdın?! Nə olub?! Quyruğun qapı arasında qalıb?!

Qara Şəhərli, Bizimyol.info

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »