Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran hava məkanını qapatdı, Ermənistan... açdı
İran hava məkanını qapatdı, Ermənistan... açdı

Türkiyə də İranla sərhədi – Razi sərhəd-keçid məntəqəsini bağladı. Bundan əvvəl Azərbaycan İran maşınlarının öz ərazisindən Xankəndiyə yolunu bağlamışdı. Düz də etmişdi. İran qəzəblənib gələcək Zəngəzur dəhlizi yaxınlığında – öz ərazisində hərbi təlimə başladı. Azərbaycan bunun layiqli cavabını verdi; həm sözlə, həm də Türkiyə ilə birlikdə Naxçıvandakı təlimlərlə. Axı “şir”i sirkin arenasına çıxarmaq üçün təlim keçmək lazımdır. Tehran mollaları əmmamələrindən böyük danışdılar. Sillə-filan!

Və... Gürcüstan Ermənistanın və İranın yük avtomobillərinə sərhədini qapatdı. Sonra İran Azərbaycanın Naxçıvana yolunu – hərbi yük təyyarələri üçün hava məkanını bağladı. Ancaq sən saydığını say, gör, Fələk nə sayır; axı bir yandan bağlayanda, bir yandan da açar. Budur, Ermınistan Azərbaycana hava məkanını açdı! İrana bir şapalağı da... qardaşı Ermənistan vurdu.

Bölgədəki gedişatı hələ anlamayıblar. Cənub-şərqdə “Taliban” kimi qonşusu var, gəlib şimal-qərbdə terrorçu axtaran zehniyyətə baxın! Cənub-qərbində körfəz ölkələri ilə qanlı-bıçaqdı. İki normal qonşusu varsa, Azərbaycanla Türkiyədir. Allahına şükür eləmir. Anlamır ki, dünyada təklənmişdi, indi öz “ağlı”nın ucbatından bölgədə də təklənir. Rusiyadan mədəd umub! Gərçi mədəd ummağa bir Rusiya var (Çin belə xırda oyunlara baş qoşmaz). Tehranda anlamırlar ki, Rusiya da onları ciddi qəbul etmir. Dəfələrlə İranı məngənəyə salıb Amerika. Boğulanda Rusiya nə vaxt onun köməyinə gələ bilib?! Hər kəsin öz canı özünə şirindir. Rusiyanın da öz maraqları var həmişə. İran sıxıldıqca, Rusiyadan daha bərk yapışır deyə, Moskvada da ləzzətlə izləyirlər: “Qoy, hələ bir az da boğulsun” deyə. Zatən İranın əlindən yapışmağa bir dostu yox! Ermənistan vardı. Ona da etibar yox.

30 ildir. Ermənistana nəfəslik verdi, ancaq özünün alıb-verdiyi nəfəs... Azərbaycandır. Şimalı ilə, Cənubu ilə. Bu gün Tehranın Azərbaycan Respublikasına yönəlik ittihamları, təhdidləri təkcə bizə deyil, həm də bizədir. O, özünün on milyonlarla Azərbaycan Türkü vətəndaşını da təhdid və təhqir edir. Çünki İran onların tarixi Vətəni olduğu kimi, Azərbaycan Respublikası da onların dövlətidir. Azərbaycanın sivil dünyaya yolu İrandan keçmir, amma İranın Rusiyaya və Avropaya yolu Azərbaycandan keçir. Hələ Türkiyənin onun üçün ən azı hansı logistik anlam daşıdığını demirəm.

Tehran, bax, bu qədər yanlışın içinə özünü yuvarladıb; dost olan yerdə dostu itirib, düşmən olmayan yerdə düşmən axtarır. Bu qədər irrasional yanaşma! Əyalət mollasının təfəkkürü bundan artıq nəyə qadirdir ki?! Bu arxaik provinsial təfəkkürlə və qeyri-adekvat danışıq tərzi ilə durub Azərbaycanı, Türkiyəni hədələyir. 40 ildən çoxdur, İsraili hədələdiniz də nə oldu?! Tramp Qüdsü yəhudi dövlətinin paytaxtı kimi tanıyanda İsrailə bir paslı patron ata bildiniz?! Hərgah atdığınız da qayıdıb özünüzü vurur: hərbi təlim keçirirsiniz, bir sutkada özünüz 6 əsgərinizi öldürürsünüz.

Və Rusiyadan reaksiya gözləyirsiniz. Əyalət mollası orqanizminin kimyası o qədər pozulub ki, daxilində pis-pis reaksiyalar gedir. Əcəba, elə həmin Qüds məsələsində Rusiya bir-iki bəyanatdan başqa nə reaksiya verdi ki, indi də nə desin?! İşi-gücü qurtarmışdı. Həm Zəngəzur dəhlizində Rusiya başqalarından az maraqlı deyil. Sizin üçün də dünyaya çıxmaq, yeni yollar əldə etmək maraqlıdırsa, buraxın Ermənistanın başını, YOLA GƏLİN və yola gəlin. Özünüz dosta da, qonşuya da qapıları bağlamısınız, istəyirsiniz, hamı bağlasın. Çox qəribə yanaşmadır: deyir, kim Tehranla dostdursa (Ermənistanla, məsələn) dost olun, kim İranla düşməndirsə (Amerika, İsrail və sair) siz də düşmən olun. Bu yanaşma ilə onsuz da məngənədə olan rejim ölkəsini daha da təcrid edir, fərqində deyil. Ölkə isə fərqindədir yəqin ki.

Yaxşı, özünüzə “Şir” deyirsiniz. Şiri niyə ikiqat, üçqat qəfəsə salırsınız ki?! Qəfəsdəki Şir bağırıb-çağırmaqdan başqa nəyə qadirdir ki?!

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »