Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvana hərbi uçuş yasaqlandı, Bakıda dini ofis bağlandı
Naxçıvana hərbi uçuş yasaqlandı, Bakıda dini ofis bağlandı

İranın Ali Dini Rəhbəri Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Ələkbər Ocaqnejadın Bakıdakı ofisi və Hüseyniyyə məscidi pandemiyaya görə fəaliyyətini dayandırıb. APA Daxili İşlər Nazirliyinə istinadla belə bir xəbər yayıb.

Bu həmin Ocaqnejaddır ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Şuşada məsciddə o şəxsin arxasında namaz qılmışdı. O zaman bu, cəmiyyətdə ciddi narazılıq, hətta narahatlıq doğurmuşdu. Bu hadisə bu il iyulun 11-də olmuşdu. O zamandan çox da uzun müddət keçməyib. Və indi Ocaqnejadın ofisi və Hüseyniyyə məscidi bağlanıb.

Bu addımın atılması səbəbsiz görünmür; daha əvvəl agentlik hərbi mənbələrə istinadla xəbər yaydı ki, İran Naxçıvana hərbi təyinatlı yük daşıyan təyyarələrin İran üzərindən uçuşlarına qadağa qoyub. Amma bir il qabaq Rusiyadan Ermənistana hərbi yük daşıyan təyyarələrə qadağa qoymamışdı. Bunu Azərbaycana qarşı Tehranın son günlərdəki təhdid bəyanatlarının və “əzələ nümayişi”nin davamı kimi qiymətləndirmək olar. Tehranın İran-Azərbaycan sərhədləri yaxınlığında keçirilən qəfil hərbi təlimlərindən sonra və paralel olaraq, Azərbaycan və Türkiyə, Naxçıvanda hər iki ölkənin xüsusi təyinatlı qüvvələrinin “Sarsılmaz qardaşlıq - 2021” hərbi təlimləri keçirməyə başladılar. Eyni zamanda Prezident İlham Əliyev, Azərbaycan-İran sərhəddindəki Cəbrayıl və Füzuli rayonlarına səfər etdi. Dövlət Sərhəd Xidmətinin Cəbrayıldakı hərbi hissəsində “HAROP” kamikadze dronlarına baxış keçirdi və yeni Cəbrayıl şəhərinin əsasını qoydu. Həmçinin Araz Vadisi İqtisadi Zonasının yaradılacağını anons etdi. Və Tehrandan Azərbaycanın ünvanına səslənən təhdidlərə sərt bir dildə cavab verdi.

Bundan başqa Gürcüstan tərəfinin İran və Ermənistan yük maşınlarını öz sərhədlərindən buraxmasını dayandırması barədə xəbərlər yayıldı. Məhz belə bir fonda, İranın Naxçıvana hərbi yük təyyarələrinin uçuşlarına qadağası haqda xəbər gəldi.

Beləliklə, İran Azərbaycana qarşı mövqeyini daha da sərtləşdirərkən, Azərbaycanda da buna adekvat cavab verilir. Qonşu ölkədən Azərbaycana qarşı hansısa hərbi hərəkətlər baş verəcəyi ilə bağlı ehtimallar da yayılır. Haqqin.az saytında İranda təhsil almış Azərbaycan vətəndaşlarından ibarət qrupların Suriyada hazırlandığı haqda da məlumat dərc olundu. Ancaq əksər ekspertlər vəziyyətin bu həddə qədər gəlib çıxacağını istisna edirlər. İranın Azərbaycana qarşı hər hansı hərbi addım atacağı təqdirdə Türkiyənin, eləcə də, İsrailin, Qərb dövlətlərinin bu hadisələrə seyirçi qalmayacağı proqnozlaşdırılır. Bununla da miqyası genişlənmiş regional müharibə qaçılmaz olar. Bu, Rusiyanın da marağında deyil; həmin vəsilə ilə Qərb dövlətlərinin bölgəyə legitim gəlişi mümkünləşər. Bunu Tehran da yaxşı bilir. Buna baxmayaraq “əsəb müharibəsi” davam etdirilir.

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »