Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dahilərimizin müəllimləri və Dahi müəllimlər
Dahilərimizin müəllimləri və Dahi müəllimlər

Bu gün müəllimlər günüdür. Bu vəsilə ilə Azərbaycanın bir sıra dahi tarixi şəxsiyyətlərinin müəllimlərinin kim olmasını araşdırmağa çalışaq.

10-cu əsrin sonu-11-ci əsrin əvvəlində yaşamış məşhur alim, Azərbaycan fəlsəfi məktəbinin banisi Əbülhəsən Bəhmənyarın müəllimi kim olsa yaxşıdır? İbn Sina! Daha bir məşhur Azərbaycan alimi, Marağada rəsədxananın əsasını qoymuş görkəmli filosof, astronom, tarixçi, coğrafiyaşünas, maliyyəçi, hüquqşünas Nəsirəddin Tusi də Bəhmənyarın tələbəsi olmuş tələbəsi olmuş Sərxəşin davamçısı Fəxrəddin Dəmadidən dərs alıb. Tusinin məşhur “Əxlaqi-Nasiri” əsəri isə 700 ildən çox bir müddətdə Yaxın və Orta Şərqin məktəblərində dərslik kimi istifadə olunub. Yəni, Tusi də müəllimklik etmiş olub.

Başqa bir dahimiz: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyən klassik şair və filosof Seyid İmadəddin Nəsimi, Şamaxının Məlhəm kəndində məşhur şair Xaqani Şirvaninin əmisi – alim və həkim Kafiəddinin Dar-üş-şəfa tibb akademiyasında oxuyub. Sonradan hürufilik hərəkatının bansisi və rəhbəri, “Cavidannamə” əsərinin müəllifi, şair-filosof Fəzlullah Nəiminin təlimlərindən bəhrələnib, müridi olub. Özü də öz davamçılarını yetişdirib. Məşhur Türk tayfası Bayatlardan olan – Ərəşdən İraqa köç etmiş böyük Azərbaycan şairi və mütəfəkkiri: “Hər sözüm bir pəhləvandır kim, bulub təyidi-həq...” deyə qürurlanan Mövlanə Məhəmməd Füzulinin müəllimi Vəli Məmmədzadə olub.

Maarifçi, filosof Mirzə Fətəli Axundov, Gəncədə Mirzə Şəfi Vazehdən xəttatlıq dərsi alıb. Özü Hacı Ələsgərin ailəsində doğulub böyüsə də, Molla Hüseyn ilk müəllimi olsa da: “Mən bütün dinləri puç və əfsanə sayıram” demişdi. Özü də sonralar həm də müəllimlik etmişdi; Tiflis məktəblərində dərs deyib.

“Mən cahan mülkündə özgə halət görmədim,

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim” - deyən Molla Pənah Vaqif, 42 yaşına qədər yaşadığı Qazaxda Sədi Əfəndidən dərs alıb.

“İblis nədir?! Cümlə xəyanətlərə bais,

Hər kəsə xain olan insan nədir?! İblis”

Bəli, Şərqin Şekspiri - Hüseyn Cavid! 7 il mollaxanada oxuduqdan sonra görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyyə”də dərs alıb. Özü də böyük şair və mütəfəkkir olmaqla yanaşı həm də Gəncə, Tiflis, Naxçıvan, Bakı məktəblərində müəllimlik edib. Müəllimlər müəllimi Cavidin son dərs dediyi məktəb Bakı Müəllimlər Seminariyası idi.

Böyük öndər, Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyanların rəhbəri, nəhəng ictimai-siyasi xadim, Peyğəmbərcəsinə deyilmiş: “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözlərinin müəllifi Məhəmməd Əmin Rəsulzadə, Sultan Məcid Qənizadənin rus-müsəlman məktəbini bitirib, daha sonra Bakı Texniki Məktəbində rus dilində, əksəri başqa millətlərdən olan müəllimlərdən dərs alıb. Rus dilində oxuyub, amma bəzi müasirləri və sonrakılar kimi rusbaşlı olmayıb.

Həsən Bəy Zərdabi. O dövr Şərqinin ən böyük müəllimlərindən biri. Bakıda Qızlar Məktəbinin açılmasına kömək edib. Bakı Gimnaziyasında dərs deyib. Tələbələri arasında elə birinin – faciə janrında məşhur əsərləri ilə Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində öz danılmaz yeri olan drammaturq Nəcəf Bəy Vəzirovun adını çəkmək yetərlidir.

Elə o dövrdə daha bir məşhur Müəllim də vardı – Nəriman Nərimanov. O, 20 yaşında (!) Borçalıda – Qızılhacılı kəndində o bölgədə yaşayan azərbaycanlılar üçün ilk məktəbin əsasını qoymuşdu, özü də orda rus dili dərsi demişdi.

Onun müasiri, böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu da müəllim idi; İstanbul Universitetində Türk-monqol tarixindən dərs demişdi. O dövrdə Süleyman Sani Axundov, Abdulla Şaiq kimi müəllimlər vardı... Ki, Cəfər Cabbarlı kimi bir gələcək dramaturqa dərs vermişdilər.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk müəllimi mükəmməl Avropa təhsilli Ağalar bəy Əliverdibəyov olub. Üzeyir bəyin Xan qızı Natəvanla tanışlığı, ondan da dərslər alması məlumdur. Özü də Qarabağda və Bakıda dərs deyib. Yaradılmasına nail olduğu Dövlət Türk Musiqi Məktəbində Azərbaycan musiqisinin əsaslarını, harmoniyanı, nəzəriyyəni tədris edib. Üzeyir Hacıbəylinin tələbələri görün kimlər olub! Təkcə elə dünyaca məşhur Qara Qarayev kimi bəstəkarın adını çəkmək bəs edərdi. Ancaq Azərbaycan klassik musiqi sənətinin banisinin dərs dediyi başqa musiqi nəhənglərinin adlarına baxın: Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Mayestro Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova, Süleyman Ələsgərov... Bu nöqtələrdən də göründüyü, siyahı tam deyil. Tək elə bu adlar, hətta onlardan hər hansı biri Üzeyir bəy Hacıbəylinin dahi bəstəkar, yazıçı, publisist olmaqla yanaşı, həm də necə böyük Müəllim olduğunun sübutudur. Onun tələbələrinin, demək olar hamısı, həm də müəllim olub. Tanınmış bəstəkarlar Arif Məlikov və Xəyyam Mirzəzadə ömürlərinin sonuna qədər Qara Qarayevin bəstəkarlıq sinfində oxuduqları ilə haqlı olaraq fəxr edirdilər.

Və, əlbəttə ki, böyük maarifçi, tarixçi-alim, Müəllimlər müəllimi Firudin bəy Köçərli! İlk dərslərini Şuşada mədrəsə məktəbində Mirzə Kərim Münşizadədən almışdı. Sonra Zaqafqaziya Müəllimlər Seminariyasında Aleksey Çernyayevski, Mixail Kipiani onun müəllimləri olmuşdu. Özü də İrəvan Gimnaziyasında, Qori Seminariyasında dərs dedi. Qori Seminariyasının Azərbaycan şöbəsinin yaradılmasına, Qazaxa köçürülməsinə nail oldu. Qazax Seminariyasının məşhur şagirdləri çoxdur. Onlardan birinin – xalq şairi Səməd Vurğunun adını çəkmək bəs edər. Və bu dahi şair özü də həm də müəllim olub: Qazax, Quba, Gəncə məktəblərində dərs deyib.

Sovet dönəmində Azərbaycanın bir sıra görkəmli müəllimləri repressiya olunsa da, yeni məşhur müəllimlər nəsli də yetişdi. Onların siyahısı uzundur. Bəzilərinin adlarını çəkmək yetərli olacaq: Yusif Məmmədəliyev, Məmməd Xələfov, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Rafiq Əliyev, Süleyman Əliyarov, Fərhad Zeynalov, Mirabbas Qasımov, Tofiq Hacıyev, ... Və, əlbəttə ki, Şirməmməd Hüseynov!

Heç də tam olmayan bu siyahı Müəllimliyin necə şərəfli peşə olmasının danılmaz isbatıdır.

Gününüz mübarəkdir, əziz müəllimlər!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »