Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Tehrana Cəbrayıldan cavab verdi
İlham Əliyev Tehrana Cəbrayıldan cavab verdi

Tehrandan – qonşu dövlətin yüksək səviyyələrindən səslənən təhdidlərə Prezident İlham Əliyev Cəbrayılda cavab verib. O deyib: “Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. Bu 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Biz indi bunu araşdırırıq”.

Bununla Azərbaycan prezidenti təkcə Cəbrayılda deyil, Füzulidə, Zəngilanda, başqa ərazilərdə Ermənistanın söküb dağıtdıqlarının, yağmaladıqlarının daşınıb hara satdığına işarə edir. Başqa sözlə, işğal altında olmuş Azərbaycan ərazilərində bu cür miqyaslı dağıntıları Ermənistanın təkbaşına həyata keçirmədiyini deyir. Hətta bunu araşdırıb ayrıca beynəlxalq hüquqi qiymətləndirməyə təqdim edə biləcəyini də vurğulayır. Təbii ki, bu cür araşdırma olacaqsa, nəticələri də Ermənistan əleyhinə beynəlxalq məhkəməyə çıxarılacaq. O zaman həmin məhkəmədə daha hansı adlar çəkiləcəyini də proqnozlaşdırmaq olar.

Araşdıma, təbii ki, olmalıdır və olacaq. Ancaq o da məlumdur ki, həmin ərazilərin necə sökülüb tək Ermənistana deyil, həm də və bəlkə daha çox İrana daşındığı haqda dövlətin əlində konkret faktlar olmasaydı, bu bəyanat da verilməzdi. Çünki orda – işğal edilmiş ərazilərdən elə mal və materiallar vardı ki, onları nəinki Ermənistana, heç Xankəndiyə daşımaq belə sərfəli deyildi; yaxınlıqda daha əlverişli və daha böyük “müştəri” vardı. Bu sərhədyanı rayonların işğal olunmasında, hətta işğalda qalmasında maraqlı olanlar, orda həyat əlamətlərini və yaşam şərtlərini məqsədli şəkildə məhv edirdilər. Prezident həm də bunu nəzərdə tutub.

Prezident ad çəkmədən Azərbaycanı hansısa ölkəni gətirməkdə ittiham edənlərə də mesaj göndərdi:

“Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Bunu biz heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”.

Prezident cənub qonşumuzun əsassız ittihamlarını qəbul etməməklə yanaşı sovurduğu təhdidlərdən də çəkinmədiyini ortaya qoydu. Hansısa təhdidlərdən çəkinib başqa ölkələrlə, xüsusilə, ABŞ, İsrail kimi dövlətlərlə əməkdaşlıqdan imtina etmək fikrində olmadığını bəyan etdi. Bu, çox kəskin, adekvat bir cavab idi. Həm də təkcə sözlə deyil, əməldə də verilmiş cavablar var: Prezidentin Dövlət Sərhəd Xidmətinin Cəbrayıldakı bazasında İsrailin “HAROP” adlı kamikadze dronlarına baxış keçirməsi, eləcə də, Araz Vadisi İqtisadi Zonasının əsasını qoyması belə əməli cavablar idi.

Sərhədin o tayında, İran hərbi təlimlərinin davam etdiyi bir vaxtda Prezidentin şəxsi təhlükəsizliyi amilindən də çəkinmədən Cəbrayıla getməsi çox ciddi bir addım idi. Bu, Azərbaycanın hər hansı “əzələ nümayişi”ndən çəkinmədiyini göstərmək üçün mühüm addımdır və başqa aktorlarla yanaşı həm də Ermənistan üzərində təkrar psixoloji, mənəvi qələbə sayıla bilər. Son günlərin hadisələrindən ruhlanan Ermənistana və onun arxasında duranlara bu cavab verilməli idi, verildi.

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »