Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda torpaq kimə və necə paylanacaq?
Qarabağda torpaq kimə və necə paylanacaq?

Bu gün Cəbrayıl rayonunun işğaldan azad edildiyi tarixi gündür. Cəbrayıl 44 günlük Vətən Müharibəsində işğaldan azad edilib Azərbaycana qaytarılan ilk rayon və Cəbrayıl şəhəri də ilk belə şəhər oldu. Əlbəttə, əgər ona “şəhər” demək olarsa. Çünki işğalçı Ermənistan bu şəhəri də darmadağın edib. Cəbrayılda da daşı daş üstündə qoymayıblar.

Bizimyol.info xəbər verir ki, bu gün Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna aid etdiyi Cəbrayıl şəhərinin əsasını yenidən qoydu; burada ilk sənaye müəssisəsinin təməli atıldı. Doğrudur, Sovet dönəmində də Cəbrayılda sənaye, əsasən, kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələr vardı. Ancaq Cəbrayılın, eləcə də, Füzuli, Ağdam, Qubadlı, Zəngilan kimi Cəbrayılın da əkinə yararlı, çox münbit torpaqları var və burada o zaman da, müstəqillik dövründə də əhali daha çox kənd təsərrüfatında məşğul idi. Bu gün həm Cəbrayılın, həm də bütün Şərqi Zəngəzurun, eləcə də, Qarabağın buradan 1993-cü ildə məcburi köçkün düşmüş əhalisini iki sual düşündürür: Birincisi, işğaldan azad olunmuş əhali o torpaqlara – öz yurdlarına nə zaman qayıdacaq? İkincisi isə, orada məskunlaşacaq əhali arasında pay torpaqları necə bölüşdürüləcək?

Bu sualın yaranmasına səbəb həm də odur ki, 1996-cı il 16 iyul tarixli “Torpaq islahatı haqqında” qanun qəbul olunanda işğal altındakı rayonların əhalisinə, təbii olaraq, şamil olunmamışdı. Rəsmi məlumatlarda da göstərilir ki, o zamankı torpaq islahatı nəticəsində 2032 kolxoz (kollektiv təsırrüfat) və sovxoz (dövlət təsərüfatı) ləğv edildi. İşğal altındakı rayonlardan başqa qalan ərazidə torpaq payı almaq hüququ olan 873 min 618 ailədən 869 min 268-inə pay torpağı verildi. 4250 ailə bu hüquqdan istifadə edə bilmədi. Bunun səbəbləri açıqlanmır. Çox güman ki, ölkədən köçüb getmiş ailələr və müxtəlif səbəblərdən pay torpağı ala bilməyənlər də bura aiddir. Bununla yanaşı, işğal altındakı bölgələrin əhalisi də torpaq payı ala bilməzdi və almayıb da.

Redaktor.az saytı bununla bağlı kiçik bir araşdırma aparıb. Dövlət rəsmiləri deyir ki, işğaldan azad olunmuş rayonların da əhalisinə torpaq paylanacaq. Ancaq bunun vaxtını, mexanizmini və əsas prinsiplərini demirlər. Bu haqda məlumatsızdırlar. Kənd Təsərrüfatı Nazirliyindən həmin sayta deyiblər ki, hazırda torpaq islahatı aparacaq konkret səlahiyyətli qurum yoxdur. Bu, doğrudan da, belədir. Çünki ölkədə torpaq islahatını (əgər buna islahat demək olardısa) Aqrar İslahatlar Komissiyası formal olaraq “Torpaq islahatı haqqında” qanuna əsasən həyata keçirib. Həmin qanunda da vahid dövlət torpaqları; dövlət torpaqlarına, bələdiyyə torpaqlarına və xüsusi mülkiyyətə verilən torpaqlara bölündü. Keçid müddəalarında da göstrildi ki, “bələdiyyələr formalaşana qədər onun mülkiyyətinə verilmiş torpaqların idarə olunması dövlət icra hakimiyyəti tərəfindən həyata keçirilir”. İlk bələdiyyə seçkiləri isə 1999-cu ildə keçirildi. Beləliklə, əslində islahatın predmeti olan torpaqların əsas hissəsi qanunla dövlətin nəzarətində qaldı. Bələdiyyələr formalaşandan sonra da ölkədə mövcud olan reallığa uyğun olaraq, bələdiyyələr icra hakimiyyətlərindən asılı vəziyyətə düşdü. Beləliklə, faktik olaraq, bələdiyyə torpağı deyilən bir şey də qalmadı. O, gerçəkdən qalmadı; icra hakimiyyəti orqanları bələdiyyələrin adından onlara məxsus torpaqları satıb sovdu. Təkcə elə Bakı şəhərinin plansız olaraq böyüməsi, əsasən, bələdiyyə torpaqlarının hesabına baş verdi. Bu torpaqların da böyük bir hissəsi kənd təsərrüfatına yararlı torpaqlar idi. Bələdiyyə torpaqlarının bir hissəsi isə əkinə yararlı torpaq kimi kənd təsərüfatı məhsullarının istehsalı, eləcə də, aqrar emal müəssisələri üçün cəlb olunub. Dövlət Statistika Komitəsinin məlumatlarından da görünür ki, əgər 1995-ci ildə ölkədə 4489,1 min hektar əkinə yararlı torpaq vardısa, 2020-ci ildə bu rəqəm 4780,1 min hektara çatıb. Bu artım həm də meşə fondu torpaqlarının hesabına baş verib.

Torpaq islahatının başladığı 1996-cı il də təsadüfi seçilməmişdi; o zamankı baş nazir Fuad Quliyev, “İqtisadiyyatın daha aşağı düşməyə yeri qalmayıb” demişdi. O illər ölkədə dərin iqtisadi böhranla, əhalinin yoxsullaşması ilə yadda qalıb. Bu, kənd yerlərində də fəlakətli vəziyyətə çatmışdı. İnsanlar onlara verilmiş pay torpaqlarını ağlagəlməz dərəcədə aşağ qiymətlərlə məmur oliqarxlara, dövlət vəzifələrində oturub bizneslə məşğul olan xüsusi imtiyazlı adamlara satmağa məcbur olmuşdu. Kənddə torpaqları ələ keçirən zənginlər ya orada özünə villa tikdi, ya da müxtəlif təsərrüfatlar yaratdı. İndiki mərhələdə bu proses davam edir; “Aqropark”lar əyalətlərdə böyük torpaq sahələrini, eləcə də, başqa kənd təsərrüfatı təyinatlı əmlakı ələ keçirirlər.

Eyni yanaşma davam edəcəksə, bu, işğaldan azad olunmuş torpaqlara da aid olacaqmı? Ora qayıdan əhali öz torpaq payının sahibi olacaq, yoxsa məlum “aqropark” sahiblərinin, sadəcə, muzdlu işçisinəmi çevriləcək?! İşğal altındakı torpaq islahatına başlamazdan qabaq bu məsələ də aydınlaşmalıdır.

İşğaldan azad ərazilərdə torpaq islahatını hansı qurumun keçirəcəyinə gəlincə, Kənd Təsərüfatı Nazirliyi ehtiyatla da olsa, öz “namizədliyini” irəli sürüb. Ancaq, böyük ehtimalla, Nazirlər Kabinetinin rəhbərliyi altında İqtisadiyyat Nazirliyinin faktik üstün mövqeyi şərtilə müxtəlif qurumların təmsilçilərindən ibarət yeni komissiya vasitəsilə həyata keçirilə bilər.

Bütün bunlar əhalinin həmin ərazilərə qayıdışından sonra baş tutacaq ki, bu da yaxın zamanda mümkün görünmür. O zamana qədər faktik dövlətin nəzarəti altında müxtəlif aqroparklar, o ərazilərdə kənd təsərrüfatı ilə məşğul olacaq. Artıq olmağa başlayıblar. Qayıdışından sonra aqroparkların, müxtəlif xarici və yerli müəssisələrin nəzarətinə aldığı torpaqlar bu bölgələrin köklü əhalisinə qaytarılacaq, yoxsa yerdə qalan torpaqlardan onlara pay veriləcək? Bu məsələ də hələ açıq qalır.

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »