Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xaric" səslərin çarpazındakı biz
"Xaric" səslərin çarpazındakı biz

(Publisisti qeydlər)

...Mən də İranla sərhəddimizdə yerləşən bölgədə doğulub böyümüşəm. Yeniyetməlik çağlarımda kəndimizdə adamların söhbətindən eşitmişdim ki, yəhudilər... müsəlman uşaqlarını öldürür. Hətta bir nəfər irəli gedərək demişdi: “Müsəlman uşaqlarını öldürüb, qanından xəmir yoğururlar”. Mən də dəhşətə gəlmişdim.

Hə: “Hardan alırdılar onlar bu “məlumatları”?” deyə soruşacaqsınız. Hardan olacaq?! İran radiosundan.

O zaman İranla sərhəddə və sərhədin yaxınlığında yerləşən bölgələrimizdə İran televiziya kanalları, radio dalğaları tuturdu. Sovet dövləti hər nə qədər bu dalğaları – istər Qərbdən, istər Şərqdən gələn yad səsləri boğmağa çalışsa da, yenə də mümkün olmurdu; Türkiyə telekanalına da baxa bilirdik. Çətinliklə də olsa.

O söhbətlər olan zaman İranda inqilab təzəcə baş vermişdi. Adını “İslam inqilabı” qoymuşdular. İran-İraq müharibəsi gedirdi. İrandan yayılan proqramlarda hər gün, demək olar ki, dayanmadan Amerika, İsrail və təbii ki, İraq diktatoru Səddam Hüseyn də söyülürdü. İsrail bu “qara siyahı”da o zaman da indiki kimi ayrıca yer tuturdu.

Ancaq məsələ təkcə İsrail dövləti məsələsi kimi qoyulmurdu. Yəhudi məsələsi kimi qoyulurdu. Və bir millətin arxasınca bu qədər danışan radiolar, televiziyalar Arazın o tərəfində olduğu kimi, bu tərəfində də insanların beynini “yuyurdu”. Sözün doğrusu, bu söhbətlər o qədər yayılırdı ki, biz uşaqlara, yeniyetmələrə də təsir edirdi. Axşam yatmaq istəməyən uşağı bir millətin adı ilə qorxudanlar haqda da eşitmişdik.

...Əyalətdən Bakıya oxumağa gələndə artıq nəninki İsrail dövlətinə, ümumiyyətlə, yəhudi millətinə qarşı, Türkiyədə deyildiyi kimi, bir önyarğı ilə gəlmişdim. Qəbul imtahanları müddətində qaldığım qohum ailənin oğlu bir gün öz dostu ilə gəldi. Onda ilk dəfə həyatda həmin xalqdan birini gördüm. Ünsiyyətimiz alındı, qısa da olsa söhbətləşdik. Açığı vaxt da az idi; imtahanlara hazırlaşırdım.

Vadim yaşca böyük idi; artıq Universitetin 3-cü kursunda oxuyurdu. Mənə də xeyli məsləhətlər verdi. Sonrakı tələbəlik dövrümdə o məsləhətlərdən karıma gələnlər də az olmadı. Sonralar yəhudi xalqına mənsub olan xeyli tələbələr tanıdım. Çoxu ilə çox da aktiv ünsiyyətimiz olmasa da, özümə görə müşahidələrim vardı. Artıq əvvəlki təsəvvürlərimdən əsər-əlamət qalmamışdı. Oxumağa, kitaba, elmə çox maraq və diqqət göstərirdilər. Mübahisəni çox xoşlayırdılar. Hüquq fakültəsinin rus bölməsində iki yəhudi oğlan vardı Qubadan. Bir dəfə kafedə maliyyə hüququ fənnindən elə qızğın mübahisə etdilər ki, dedim, yəqin, qalxıb əlbəyaxa olacaqlar. Ancaq sonunda biri qarşısındakının fikirlərini qəbul etdi; hesabı ödəyib deyə-gülə getddilər.

Daha sonra Uzaq Şərqdə hərbi xidmətdə olarkən yenə də Birobicanlı Qorovitslə eyni bir hərbi hissədə qulluq etdik. Sovet ordusunda hər kəsə adı ilə yox, soyadı ilə, daha doğrusu, soyadın qısaldılmış, bəzən də təhrif olunmuş formasında müraciət edirdilər. Qorovitsi “Qarox” deyə çağırırdılar (bilirsiniz, ruslar “o” hərfini bəzi məqamlarda “a” kimi deyirlər). Başqaları bu cür təhrifli müraciətdən inciyirdi, bacaran etiraz da edirdi. Qorovits isə onu “Qarox” deyə çağırmalarını elə rahat təbəssümlə qarşılayırdı ki... Bir dəfə bunun səbəbini soruşdum, bircə cümləlik suallı cavab aldım: “Xırda şeylərə sərf etməyə elə çox zamanımız var?”

Hə, bir də bizə ailəmizdən sovqat kimi ev şirniyyatı, meyvə-filan göndərərdilər, ona isə kitab. Həm də tez-tez sovqat alardı; Xabarovsk diyarının yanında – Çin sərhədində yerləşən Yəhudi Muxtar Vilayəti ilə Saxalinin arasında nə var ki?! Əl uzatsan çatar...

Bax, o Qorovitslə çox zaman keçirdik, çox ünsiyyətdə olduq. Hərbi hissənin kitabxanasında axtardıqlarımı Qorovitsin kazarmadakı dolabında tapırdım; ikimizi də birləşdirən şeylər vardı – birinci kurs tələbəsi idik (o zaman birinci kursdan sonra oğlanları əsgər aparırdılar), ikimiz də kitab oxumağa çox həvəsliydik. Adam kimi adamdı Qorovits. Elə adı da Adam.

Və mənim yeniyetməliyimdəki təsəvvürüm tamamilə yoxa çıxdı.

Sonralar beynəlxalq radioda çalışanda da müdirim məşhur bir Göyçay yəhudisi idi. Allahın rəhmətinə gedib. Yəqin ki, söhbətin kimdən getdiyi anlaşılır: Mirzə Xəzər.

Bu millətin müxtəlif fərdləri ilə həyatımın müxtəlif çağlarında, müxtəlif şəraitlərdə tanış olmuşam, ünsiyyətim olub. Ancaq heç vaxt yeniyetməliyimdə İran radiosunun dediyi kimi biri ilə rastlaşmadım.

Və indi də hər gün işə gələrkən, Birinci Qarabağ Müharibəsinin qəhrəmanlarından olan Albert Aqarunov küçəsindən keçirəm; Əmircanlı balası bir yəhudi idi. 1992-ci ilin mayında Şuşada Milli Qəhrəmanlıq səviyyəsində döyüş peşəkarlığı və fədakarlığı göstərərək 23 yaşında şəhid oldu.

Təkrarçılıq olmasın, Azərbaycan müxtəlif xalqların, fərqli mədəniyyətlərin, dinlərin Vətənidir. Senytabrın 27-də ölkədə Anım günü idi; şəhidlərimizin ruhuna dualar həm müsəlman məscidində, həm xristian kilsələrində, həm də yəhudi sineqoqlarında eyni vaxtda oxundu. Bundan daha gözəl, daha özəl bir tolerantlıq tablosunu təsəvvür və təsvir etmək mümkünsüz!

Bəli, qıraqdan çox səs gəlir; topluma çat düşürməyə çalışanlar var. Ancaq cəmiyyətdəki bu ruhani səmimiyyət, bu etnik mozaika, bu fərqli dil çeşidləri... bizim neftdən də qiymətli sərvətimizdir. Ki, onu qorumaqla hər birimiz mükəlləfik artıq. İstər Şimaldan olsun, istər Cənubdan, ya başqa bir yerdən, heç kim bu zənginliyimizi bizim əlimizdən ala bilməz. Ala bilsə, o zaman “biz” deyə bir şey də qalmaz. Bunu da hər birimiz dərindən anlamışıq. Kiminsə bölücü, konyuktur “millətçilik” şıltaqlıqlarına da, kiminsə din adından məzhəbçilik qəflətinə də meydan olmağa niyyəti yox bu torpaqların...

Əsgər yoldaşım Qorovitsin dediyi kimi, xırda şeylərə sərf etməyə elə də çox zamanımız yoxdur...

Bahəddin Həzi, Bizimyol.info

Bu məqalə Medianın İnkişaf Agentliyinin onlayn media subyektlərinə (vebsaytlara) maliyyə dəstəyi çərçivəsində hazırlanıb

İstiqamət: 6.3.15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf istiqamətləri

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »