Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Son dəfə bir saniyə baxdı mənə, amma o saniyə illərə əvəz idi"
"Son dəfə bir saniyə baxdı mənə, amma o saniyə illərə əvəz idi"

İkinci Qarabağ müharibəsindən bir il keçdi. Müharibə qələbə ilə sona çatdı, torpaqlarımız düşmən işğalından azad edildi. Ancaq müharibənin ürəyimizdə açdığı yaralar hələ də sağalmır. Qaysaq bağlasa, qopub qanayır... Bu ağrı hələ çox illər ürəyimizi yandıracaq. Sonra yeri keyiyəcək. Yara da sağalacaq, amma izi qalacaq... İtirdiklərimizi əsla unutmayacağıq...

Şəhid Hüseynov Bəhruz Yavər oğlu, 1994-cü ildə Salyan rayon 1-ci Varlı kəndində anadan olub. 2011-ci ildə Salyan rayon Yolüstü kənd məktəbini bitirib və həmin il Azərbaycan Texniki Universitetinin mexanika mühəndisliyi fakültəsinə qəbul olub. Universiteti uğurla bitirdikdən sonra 2015-ci ildə hərbi xidmətə gedib. Əsgərlikdə tank taborunda tankçı kimi xidmət edib. Tankda tuşlayıcı operator olub. 2016-cı il aprel döyüşlərində Tərtər istiqamətində tankçı kimi döyüşüb.

Şəhid haqqında Bizimyol.info saytına şəhidin qardaşı Vüsal danışıb: "Əsgərlikdən 2016-cı ildə qayıtdı. Hərbi xidməti bitirdikdən sonra uzun müddət işsiz qaldı. 2020-ci ilin sentyabrında isə neft zavoduna mühəndis kimi təyin olundu. 22 gün işləyən Bəhruza ilk maaşını almaq da qismət olmadı. 2020-ci il sentyabrın 21-də təlimlərə qatıldı. Sentyabrın 27-də isə, döyüş başlayandan tank taborunda döyüşlərə qatılmışdı. Füzuli, Hadrut, Cəbrayıl, Xocavənd rayonları uğrunda döyüşüb. Bəhruz oktyabrın 19-da Xocavəndin Düşdükçü kəndindəki yüksəklikdə döyüşdə atılan mərmi ilə şəhid oldu. Şəhid olandan sonra "Vətən uğrunda", "Xocavəndin azad olunması" və "Füzulinin azad olunması" medalları ilə təltif edilib".

Şəhid Hüseynov Bəhruz

Vüsal danışır ki, qardaşı Bəhruz mərd, bacarıqlı və sakit təbiətli biri olub: "Dinə-imana, Allaha çox bağlı idi. Hər işdən başı çıxırdı. Çıxılmaz işlərə tez çarə tapardı. Ən son oktyabr ayının 16-da zəng vurdu. Atama dedi ki, "çox fikir etməyin, nə olarsa, qismətdən qaçış yoxdu". Deyib sağollaşdı. Bu danışığı əvvəlkilər kimi deyildi. Əvvəl ümidlə danışırdı, amma son zəngində ümidsiz danışdı. Son dəfə 22 sentyabrda gördüm qardaşımı. Yola düşəndə mənə elə baxdı ki, hələ də gözümdən getmir o baxışları. Bir saniyə baxdı mənə, amma o saniyə illərə əvəz idi. Yuxarıdan aşağı baxıb, əlini yellədi və getdi.

Şəhid xəbərin alanda dərsdə idim. Şəhid olan günün səhəri yuxuda gördüm ki, kimsə əli ilə sinəmi yarıb ciyərimi çıxardır. Bu yuxuya ayıldım. Həmin gün ancaq Allaha yalvardım ki, "qardaşımı qoru, İlahi". Dərsdən gələndə yolumuzda bir oğlan qəfil üstümə gəldi. Əvvəl inanmadım sonra küçəmizə doğru getdikcə adamları gördüm, dedilər "yaralıdır". Bir az keçmişdi həyətimizə bayraq gətirdilər. Bayrağı görəndə bildim ki, şəhid oldu. Qardaşım şəhid olandan sonra bütün həyatm məhv oldu. 18 yaşımda belim qırıldı. Həyata baxışım dəyişdi. Artıq üstümdə böyük yük var idi. Həm dərdim, həm də şəhid qardaşı adı. Şəhid qardaşı oldum. Bundan sonra nə ömrüm varsa, bu ad üçün yaşamalıyam. Şəhid qardaşı adı üçün. Əsl şəhid qardaşı olacam. Hər atdığım addıma fikir verirəm. Axı, mən şəhid qardaşıyam" - deyə danışan Vüsal, gözyaşlarını içində boğmağa çalışır.

Vüsal danışır ki, qardaşı şəhid olmazdan əvvəl öz əliylə ağaclar əkibmiş. İki il imiş ki, o ağacların arasında lalə bitirdi: "Qardaşım getməmişdən əvvəl də lalə bitmişdi həmin bağda. Amma bu dəfə lalələrin arasında xarıbülbül bitmişdi. Bəlkə də inanmazsınız, amma öz gözümlə gördüm. Qardaşımı çağırdım ki, bağında xarıbülbül bitib gəl, bax. Gəldi, baxdı, dərin fikrə getdi. Əyildi, gülün ətrafındaki otları təmizlədi və su verdi. Mənə də tapşırdı ki, heç kimə demə burda xarıbülbül olduğunu. Mən evdə dedim, amma inanmadılar. Qardaşım getməzdən 1 həftə öncə gül yoxa çıxdı. İndi fikirləşirəm ki, həmin gül qardaşımın şəhid olacağının xəbərçisi imiş".

Neçə-neçə bacılar, qardaşlar, sevgililər, həyat yoldaşları, analar yaralıdır. Onlar yarılarını, balalarını itirib.

Ölüm bilirsiniz nədir? Ölüm sondur. Bir daha onu görməyəcəksən, bir daha səsini eşitməyəcəksən. Bir daha o baxışları görməyəcəksən. O, bir daha olmayacaq...

İlahin, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »