Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şagird əsgərə məktub yazdı, 1 il sonra sürprizlə qarşılaşdı - Fotolar
Şagird əsgərə məktub yazdı, 1 il sonra sürprizlə qarşılaşdı - Fotolar

Sosial şəbəkələrdən birində maraqlı və faydalı bir qrup var. “İtirmişəm, axtarıram” qrupu. Bu qrupda yüzlərlə insan keçmiş dostlarını, uzaq düşmüş qohumlarını və s. axtarır. Hətta vətən müharibəsi vaxtı övladından xəbər ala bilməyən valideynlər də son ümid yeri kimi buraya üz tuturdu. Bəzi hallarda qrupda olan insanların köməkliyi ilə valideynlər övladlarından xəbər ala bilirdilər.

Bu gün isə bu qrupda bir paylaşımla qarşılaşdım. Bu hamısından tam fərqli idi. Bir ata idi axtarışı aparan. Paylaşımda qeyd olunurdu:  “Dostlar, şəkildə gördüyünüz şəxsi axtarıram. Ötən il Vətən Müharibəsində iştirak edib. Qızım həmin vaxt ona məktəbdən məktub yazıb, bu qardaş da bir ildən sonra məktəbə gəlib, qızımı tapıb, ona hədiyyələr verib. Amma qardaşın ad-soyadını öyrənmək, nömrəsini almaq məktəbdə heç kimin ağlına gəlməyib. Xahiş edirəm, tanıyan varsa, əlaqə qurmağa kömək etsin. Bir təşəkkür borcum var, vətənimin igid oğluna”.

Paylaşımın təsirinə düşüb, biz də axtarışın izinə düşdük. Araşdırmamız zamanı məlum oldu ki, paylaşımı edən, Vətən müharibəsi iştirakçısını axtaran şəxs jurnalist Həbib Aslanovdur və o, bu axtarışa bir neçə vaxt əvvəl başlayıb.

“Həmin gün balam üçün həyatın ən xoş günlərindən biri idi. Məktəbdən çıxan kimi təngnəfəs bizə tərəf qaçıb, əlindəki hədiyyəni uzatdı və dərs vaxtı nələrin yaşandığını anlatmağa başladı. Həyəcandan başa sala bilmir, prosesin gedişatını qatıb-qarışdırırdı. Bir az keçmişdi ki, qızımın sinif rəhbəri yaxınlaşdı və hadisəni nəql etdi.

Deməli, müharibənin qızğın çağında qızım Selin Aslanzadə və sinif yoldaşları döyüş bölgəsindəki əsgərlərə məktub yazıblar. Selinin yazdığı məktub həmin vaxt Elvin Məmmədov adlı qardaşa qismət olub. Qardaş müharibə qurtarandan sonra Selini tapmağa cəhd etsə də, onlayn dərslər olduğu üçün bu görüş baş tutmayıb.

Həmin qardaş yeni dərs ilini gözləyib və bir neçə gün əvvəl bir qutu hədiyyə alaraq, məktəbə gəlib, Selini tapıb. Əlindəki məktubu göstərib, "bacı, yazdığın bu məktubu müharibədə oxumuşdum" deyib. Bunu eşidən müəllimə ilə direktor hönkürərək ağlayıb, Selin də kövrəlib.

Vəziyyət o qədər gərgin olub ki, həyəcandan qardaşın ad-soyadını, telefon nömrəsini soruşmağı unudublar”,- deyə Həbib Aslanov Bizimyol.info-ya bildirib

Söhbətimiz zamanı Həbib Aslanov bildirdi ki, onun atası da Birinci Qarabağ Müharibəsi iştirakçısı olub və döyüşdə ayaq barmaqlarını itirib.

“Selin də qazi nəvəsidir. İstəyirdim həmin igid mənim övladıma müharibədən, orada başına gələnlərdən danışsın.

Axtarmaqda məqsədim o idi ki, həmin igidin alnından, gözlərindən öpüb, bir stəkan çay içim, söhbətləşim”.

Elvin Əli oğlu Məmmədov Elvin Əli oğlu Məmmədov

Uzun axtarışdan sonra həmin əsgəri taqdıq və məlum oldu ki, sözügedən şəxs, “Xocavənd və Qubadlının azad olunmasına görə” medallarının sahibi Elvin Əli oğlu Məmmədovdur. O, Kürdəmir rayon sakinidir. 29 sentyabr tarixində cəbhəyə yollanıb və müxtəlif istiqamətlərdə xidmət göstərib.

“Bizə məktəblilərdən, könüllülərdən və s. qurumlardan məktublar gəlirdi. Biz həmin məktubları alan zaman çox sevinir, qürurlanırdıq. Bu bizim üçün bir güc mənbəyi olurdu.

Bir gün kiçik bir hədiyyə paketi gəldi və içərisində məktub göndərilmişdi. Həmin məktubu döyüş yoldaşlarımla oxuduq və qərara gəldim ki, onu özümdə saxlayım. Həmin günlərdən xatirə olsun.

Məktubda məktəbin və şagirdin adı qeyd olunmuşdu. Düşündüm ki, həmin balaca qızcığazı tapmalıyam. Çünki o özü balaca olsa da, ürəyi çox böyükdür.

Döyüş bitdi, qələbə qazandıq və yanvar ayının 15-də ordu sıralarından tərxis olundum. Həmin məktəblə bağlı maraqlandım. Lakin həmin dövrdə məktəblər bağlı idi. 2021-ci il tədris ilinin başlanmasını gözlədim. Bu ilin sentyabr ayında isə məktəbə getdim. Müharibə iştirakçısı olmağımla bağlı sənədlərimi təqdim etdim. Bundan sonra məni məktəbə qəbul etdilər. Müəllimələr, məktəb direktoru məni çox gözəl qarşıladılar. Söbhətlər etdik, bəzi xatirələrimi paylaşdım, təşəbbüslərinə görə onlara təşəkkürlərimi bildirdim. Daha sonra məktubu yazan balaca qızcığaz Selinlə tanış oldum.

Elvin Məmməd Selin Aslanzadə ilə Elvin Məmmədov Selin Aslanzadə ilə

Əslində bu təşəbbüs tamamilə anonim qalmalı idi. Amma müəllimə xahiş etdi ki, şəklimizi çəksin, mən də razılıq verdim. Bundan sonra gedişat dəyişdi. Bir müddət sonra həmin şagirdi, yəni Selin Aslanzadənin valideynlərinin məni sosial şəbəkələrdə axtardığını öyrəndim. Əlaqə saxladıq. Məni evlərinə dəvət etdi. Çox şad oldum. Bütün bu yaşananlar qürurvericidir”,- deyə Qarabağ qazisi təəssüratlarını Bizimyol.info ilə bölüşüb.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »