Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan hökuməti Saakaşvilini nə qədər həbsdə saxlaya bilər
Gürcüstan hökuməti Saakaşvilini nə qədər həbsdə saxlaya bilər

Mixail Saakaşvilinin həbsi təkcə Gürcüstanda yox, dünyada əsas müzakirə mövzularındandır. Beynəlxalq medianın cavab tapmağa çalışdığı əsas suallardan biri budur ki, Saakaşvili niyə qayıtdı və həbs olundu?

Bizimyol.info xəbər verir ki, Mixail Saakaşvili haqqında qiyabi hökmlər hələ 2018-ci ilin yanvar və iyun aylarında çıxarılıb. Yanvarın 5-də Tbilisi şəhər Məhkəməsi Saakaşvilini bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib. Buna görə ona 3 il azadlıqdan məhrumetmə cəzası kəsilib.

Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunda olan Saakaşvili bu ölüm işinə görə həbsdə olan 4 polisi əfv edib. Onlar azadlığa buraxılıb. Bu addıma görə Saakaşviliyə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı verilib.

İkinci qiyabi hökm isə 2005-ci ildə parlamentin deputatı Valeri Gelaşviliyə qarşı hücumla bağlıdır. Gürcüstanın sabiq prezidenti həmin hücumun təşkilində təqsirli bilinərək, 6 il azadlıqdan məhrum edilməsinə qərar verilib.

Saakaşvili indi bunlarla yanaşı, “İmedi” telekanalına basqın təşkil etməkdə, Patarkatsişvili ailəsinin mülkərini mənimsəməkdə və Dövlət Xüsusi Mühafizə Xidmətinin təxminən 9 milyon dollar vəsaitini şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham olunur.

Çıxarılmış hökmləri nəzərə alsaq, keçmiş prezidenti ən azı, 9 ilə qədər həbs həyatı gözləyir. Amma onun bu müddətdə həbsxanada qalacağı, yoxsa onun qayıdışıyla çəkisi kəskin artan müxalifətin onu qısa müddətdə azadlığa çıxaracağı hələlik böyük bir sualdır. Bu sualın cavabını həm də Gürcüstanda yerli özünüidarə orqanlarına seçkinin nəticəsində axtarmaq olar.

Saakaşvilinin həbs olunacağını bildiyi halda, Gürcüstana necə və niyə getməsini təhlil edərkən seçkini mütləq diqqətdə saxlamaq lazımdır. Bu seçkidə əsas rəqiblər hakim “Gürcü arzusu” ilə Saakaşvilinin yaratdığı “Milli Birlik Hərəkatı”dır.

Hələ bir neçə gün əvvəl Saakaşvili Gürcüstana gedəcəyini bəyan edərək, biletini də nümayiş etdirmişdi. Amma bir çoxları buna şübhə ilə yanaşırdılar. Çünki bir il əvvəl də Gürcüstanda parlament seçkiləri keçiriləndə o, vətəninə dönəcəyini demişdi.

Oktyabrın 1-də səhər saatlarında Saakaşvili video yayaraq, artıq Batumidə olduğunu bəyan etdi. Bunun doğru olub-olmadığını müəyyənləşdirmək mümkün deyildi. Çünki video qaranlıqda çəkilmişdi və ayırd etmək olmurdu.

Gürcüstan hökuməti də onun gəlişini təkzib edirdi. Ən azı, rəsmi şəkildə bəyan edilirdi ki, o, sərhədi keçməyib.

Bu üzdən ehtimallar səslənirdi ki, Saakaşvili Gürcüstana qeyri-leqal şəkildə gəlib. Hətta zarafatla deyirdilər ki, Ukraynadan Qara dəniz vasitəsilə üzərək gəlib.

Aydın məsələdir ki, seçkinin əsas döyüşü Tibilisə baş tutacaqdı - paytaxtın meri müəyyənləşdiriləcəkdi. Ona görə Saakaşvili liman şəhəri Batumidən dərhal Tbilisiyə getməyi planlaşdırırdı. Oktyabrın 1-də yerli vaxtla axşam saat 19.00 radələrində Gürcüstan rəsmiləri Saakaşvilinin tutulduğunu və Rustavi şəhərində həbsxanaya aparıldığını bəyan etdi. Xəbərlərin ardınca Saakaşvilinin Facebook səhifəsində videosu yayıldı. Orada bildirir ki, az sonra onu həbs edəcəklər. Güman ki, o, bu videonu hələ gündüz saatlarında çəkib. Bu da sübut edir ki, Saakaşvili həbs olunacağını öncədən bilirdi və buna hazır idi.

Bəs Gürcüstan hökuməti onu nə qədər həbsdə saxlaya bilər?

Saakaşvilinin problemləri 2014-cü ildə - onun ikinci dövr prezidentliyi başa çatandan sonra başladı. O zaman hakimiyyətə onun əsas rəqibi, keçmiş baş nazir Bidzina İvanişvilinin "Gürcü arzusu" partiyası gəldi. Az sonra da cinayət işləri başlandı.

Görünür, Saakaşvili hadisələrin necə cərəyan edəcəyini öncədən anlayaraq, Brüsselə getmiş və o vaxtdan Gürcüstana qayıtmamışdı. Ona qarşı ilk cinayət işi 2014-cü ildə başlanmışdı. O, 2007-ci ildə müxalifətin etirazının dağıdılması zamanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurdu. Ona qarşı ittihamlardan biri də rəqibi Badri Patarkaşişvilinin "İmedi" teleşirkətinin dağıdılmasıyla bağlı idi.

Elə həmin il büdcə vəsaitlərinin mənimsənilməsilə bağlı daha bir iş qaldırıldı. İstintaq iddia edirdi ki, Saakaşvili onun şəxsi mühafizəsinə, aşpazına, otel ödənişlərinə, dizaynerinə 6 milyon dollar xərcləməklə israfçılıq edib.

Gürcüstan Saakaşvilini illər öncə beynəlxalq axtarışa versə də, xarici ölkələr onu tutub təhvil vermək istəmirdi.

Saakaşvili ətrafında son baş verənlər həm də Aleksey Navalnının yaşadıqlarını yada salır. Navalnı da həbs olunacağını bildiyi halda, Rusiyaya qayıtdı.

Saakaşvili həbsdədir və bu faktorun müxalifətin populyarlığını artıracağı birmənalıdır. Bunu o halda uğurlu saymaq olar ki, Saakaşvili ona verilən cəzanı sonadək çəkməsin.

Əgər hadisələr Rusiya ssenarisi ilə davam etsə, onunla nəticələnəcək ki, Saakaşvili uzun müddət həbsdə qalacaq, seçkidə də indiki hakimiyyət qalib gələcək. Bu halda, Saakaşvilinin ümidi Qərb olacaq. Amma Navalnı məsələsində hələ ki, Qərbin cəhdləri nəticə vermir. Amma onu da yaddan çıxarmaq olmaz ki, Gürcüstan Rusiya deyil. Gürcüstan beynəlxalq aləmdən daha çox asılıdır. Bu baxımdan, onun tezliklə azadlığa çıxmaq şansı kifayət qədər yüksəkdir.

Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »