Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mən də restorana anamın adını verərək onu qürurlandırmaq istədim" - Videolar
"Mən də restorana anamın adını verərək onu qürurlandırmaq istədim" - Videolar

İstanbulda ev yeməkləri təklif edən restoranlar, kafelər və yeməkxanalar kifayət qədər çoxdur. Bu gün onlardan birini - ləzzət məkanı olan "Selmika" Ev Yeməkləri restoranından danışacağıq.

"Selmika" Ev Yeməkləri butik restoranının sahibi Atilla bəy, ev yeməkləri təklif edən restoran sahibidir. Dediyinə görə, restoranını 2003-cü ildə anası ilə birlikdə açıb. Sadə, səmimi və mehriban restoran sahibi, ləzzət dolu məkanına gələn qonaqlarını gülərüzlə qarşılayıb xidmət edir.

"Selmika" Ev Yeməkləri restoranı

Restoran uzun illər fəaliyyət göstərdiyi üçün artıq bir müştəri kütləsinə sahibdir. Ancaq Atilla bəy, azərbaycanlı müştərilərinin də çox olmasını arzulayır. Deyir ki, azərbaycanlıları çox sevir və onlara da anasının hazırladığı yeməklərdən təklif etməyi çox arzulayır.

Atilla bəyin restoranı, İstanbulun Anadolu bölgəsində Bostancıda yerləşir. Kiçik, təmiz, restoranda rahatlıq və doğmalıq hiss edilir. Restoranın bütün yeməkləri zeytun yağı ilə hazırlanır. Yeməklərin hazırlanması üçün istifadə edilən bütün məhsullar orqanik məhsullardır. Atilla bəy deyir ki, restorana əsasən hamilə qadınlar, təzyiq, mədə xəstəliklərindən əziyyət çəkən şəxslər gəlir:

"Restoranımıza veqan və vegetarian müştərilərimiz də üz tutur. Pandemiya səbəbiylə ölkədə tətbiq olunan xüsusi tədbirlər zamanı da "Selmika" restoranı müştərilərinə özəl xidmət göstərib. Restoran daha çox qəlyənaltı yeməkləri ilə məşhurdur".

Atilla bəyin ana tərəfi İspaniyadan Türkiyəyə köç edib. Dediyinə görə, Atilla bəyin nənəsi Barselonadan İstanbula köçüb: "Anamın adı Səlmadır. Ancaq uşaqlıqdan onu "Selmika" deyə çağırıblar. Mən də restorana anamın adını verərək onu qürurlandırmaq istədim. Müştərilərimiz də bu adı bəyənir. Mən özüm turizm məzunuyam. Uzun illər Bodrumda işləmişəm. Sonradan o işi buraxıb, özüm üçün sıfırdan yeni bir yer açmağa qərar verdim. Bu vəziyyətə gəlməyimiz 19 ilimizi aldı. Anamın hazırladığı yeməkləri mənim təqdimatımda hər kəs dada bilir" - deyə Atilla bəy danışır. Hazırda restoranda İstanbul, Egey və Ağdəniz mətbəxindən ləziz yeməklər hazırlanır.

"Restoranımızı ailəliklə idarə edirik. Həvəskar olsaq da, müştərilərimizə professional şəkildə xidmət edirik. Yeməklərin hamısını anam hazırlayır. Anam yemək hazırlayarkən ona sevgisini də qatdığı üçün yeməklərimiz daha dadlı alınır" - deyən Atilla bəy, sahibi olduğu ləzzət məkanına Avropa, Avstraliya, Yeni Zellandiya və digər ölkələrdən müştərilərin gəldiyini qeyd edir. Onun sözlərinə görə, müştəriləri İstanbula gəldiyi zaman ən az iki dəfə onun restoranına baş çəkir.

Atilla bəyin azərbaycanlı müştəriləri də az deyil. Ancaq azərbaycanlılara daha çox xidmət göstərmək arzusundadır: "Mən istəyirəm ki, azərbaycanlı qardaşlarımız İstanbula gəldiyi zaman mənim də restoranıma baş çəksin. Mən də onlara xidmət edim, gözəl yeməklərimizdən təqdim edim. Qardaş Azərbaycandan gələn qonaqlarımızın, anamın yeməklərini sevəcəyini düşünürəm".

Hər bir restoranın özəl yeməyi olduğu kimi "Selmika" restoranının da özəl yeməyi "Selmika" adı verilən xüsusi qəlyənaltıdır. Toyuq, yumurta və digər məhsullardan hazırlanan qəlyənaltı müştərilər tərəfindən çox sevilir. Əgər siz də İstanbul səyahətiniz zamanı Egey, Ağdəniz və İspaniya mətbəxinin yeməklərindən dadmaq istəsəniz, mütləq Atilla bəyin restoranına baş çəkin. Burada sizi ailə mühiti və dadlı yeməklər gözləyir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »