Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Tezliklə Zəngəzur dəhlizi və sülh sazişi ilə bağlı irəliləyiş ola bilər”
“Tezliklə Zəngəzur dəhlizi və sülh sazişi ilə bağlı irəliləyiş ola bilər”

“Rusiya və Türkiyə arasındakı tərəfdaşlıq o qədər də stabil xarakter daşımır və bəzən görürük ki, münasibətlərin inkişafında ortaya hansısa problem çıxır”.

Bu sözləri Bizimyol.info saytına sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə rusiyalı​ həmkarı Vladimir Putinlə görüşünü şərh edərkən bildirib.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Rusiya və Türkiyəni müttəfiq və ya davamlı tərəfdaş saya bilmərik. Bir çox məsələlərdə onların yanaşması, baxışları və tutduqları mövqelər arasında ziddiyyət var. Bir sözlə, fikir ayrılığı çoxdur. Lakin bu iki lider bir-birini regional güc kimi tanıyır və bir sıra vacib məsələlərdə dialoq qura bilirlər”, - deyə politoloq qeyd edib.

Türkiyə prezidentinin bir neçə gün əvvəl Krımın ilhaqı ilə bağlı səsləndirdiyi bəyanata toxunan sabiq nazir qeyd edib ki, Türkiyənin bu məsələdə mövqeyi dəyişməz olaraq qalacaq: “Lakin bu mövzu ətrafında münasibətlərin gərginləşəcəyini, ciddi konfrontasiya yaranacağını düşünmürəm”.

T.Zülfüqarov bildirdi ki, Soçi görüşündə əsasən Suriyadakı vəziyyət müzakirə olunub.

“Ola bilər ki, biz o qədər əhəmiyyət vermirik, lakin İdlibdəki durum çox ciddidir, 3 milyondan çox insanın təhlükəsizliyi sual altındadır. Düşünürəm ki, Türkiyə və Rusiya prezidentlərinin görüşündə birinci məsələ bu olub. Daha sonra isə Qarabağ, Azərbaycan-Ermənistan münasibətləri və Əfqanıstan məsələsi. Rusiya hazırda bölgəmizdə gərginlik istəmir və post-müharibə dövründə dialoqa üstünlük verəcək. Rusiyadakı və İrandakı bəzi Ermənistanyönlü dairələr aranı qarışdırmaq istəyəcəklər. Lakin düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Ermənistan hakimiyyəti ortaya siyasi iradə qoysa, tezliklə Zəngəzur dəhlizi və sülh sazişi ilə bağlı irəliləyişlər əldə oluna bilər”.

Politoloq İran-Azərbaycan gərginliyini də şərh edib: “Normalda, sərhədlərimizdə İran qoşunlarının cəmləşməsinə Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfindən reaksiya olmalı idi. Qərbin buna susması onu göstərir ki, onlar İranın atacağı növbəti addımları gözləyirlər. İrandakı siyasi dairələrə vəziyyəti gərginləşdirmək qətiyyən əlverişli olmayacaq. Çünki İranın daxilindəki durum çox mürəkkəbdir. SEPAH yalnız hərbi yox, həm də siyasi təşkilatdır. Görünür ki, İran daxilində hansısa proseslər gedir və bu manevrlər də onunla bağlıdır. Digər tərəfdən, İran tərəfi Zəngəzur dəhlinizin açılmasına da isti baxmır. Narazılıqların kökündə duran səbəblərdən biri də budur”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »