Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda 114 min əcnəbi yaşayır"
"Azərbaycanda 114 min əcnəbi yaşayır"

İki ildən çoxdur ki, bütün dünyada tüğyan edən yeni növ koronavirus pandemiyası bütün sahələrdən, o cümlədən, miqrasiya sahəsindən də yan keçməyib. Sərhədlərin bağlanması daha çox quru yolu ilə miqrasiya edən əcnəbilərin ölkədə qalması ilə nəticələnib. Onların təhsil, səhiyyə, əmək bazarı, məşğulluq və s. problemləri Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənir.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Bizimyol.info saytına açıqlamasında bildirib ki, miqrasiya konseptual nöqteyi nəzərdən kifayət qədər dinamik şəkildə inkişaf edən sahələrdən biri hesab edilir. Mürəkkəb hesab edilən miqrasiya fenomeni həm daxili hərəkət verici qüvvələr əsasında, həm də kənar amillərin təsirləri altında formalaşır:

Azər Allahverənov Azər Allahverənov

"Münaqişələr, iqtisadi tənəzzüllər, siyasi böhranlar, hərbi toqquşmalar, müharibələr və s. miqrasiya prosesinə bu və ya digər formada təsir edən sahələrdən hesab edilir. Yeni koronavirus pandemiyası müasir dövrdə dünya ölkələrini çox ciddi təhdid altında saxlayır. Eyni zamanda miqrasiya proseslərinə birbaşa təsir edən amillərdən hesab edilir. COVID-19 pandemiyasının yayılması ümumdünya miqyasında yeni çağrışların meydana çıxmasına, bir çox sahələrdə olduğu kimi miqrasiya sahəsində də yeni qaydaların, yanaşmaların, baxışın formalaşmasına tamamilə fərqli, heç kimin proqnozlaşdırmadığı vəziyyətin yaranmasına səbəb olub. Bütünlükdə bu və ya digər dövlət koronavirusla mübarizə sahəsində miqrasiya siyasətini də gözdən keçirməyə məcbur oldu. Koronavirusun insan təması ilə yayılan infeksiya olması dövlətləri bu virusdan qorunmaq üçün sərhədlərini bağlamasına, səyahət və hərəkət məhdudiyyətləriylə yanaşı, sosial məsafə qaydaları tətbiq etməyə məcbur etdi. Bu isə öz növbəsində miqrasiya sahəsində kəskin neqativ nəticələrə səbəb olmuşdu".

Ölkə ərazisində qalmağa məcbur əcnəbilərin yeni cəmiyyətə inteqrasiyası, o cümlədən, onların qeydiyyatı, tibbi və sosial xidmətlərə çıxışı, məşğulluq, təhsil məsələləri və digər gündəlik həyat ehtiyacları ilə bağlı olan məsələləri bir növ aktullaşdırmış, həmin məsələlərin həlli ilə bağlı yeni şərtlər qəbul etmiş, tələblər irəli sürmüş yeni çağırışlar formalaşdırmışdı.

Ekspert A.Allahverənov qeyd edir ki, Azərbaycanda olan əcnəbilərin əsas problemi yerli cəmiyyətə inteqrasiya idi. Bunun üçün isə, bir sıra dövlət qurumları arasında yeni öhdəliklər müəyyən edildi. Pandemiya ölkə ərazisində yaşayan miqrantların sayına da təsir etdi.

"Bizə qonşu Rusiya ərazisində pandemiyaya qədər 10-12 milyon miqrantın yaşadığı bildirilirdi. Ancaq pandemiya tüğyan etməyə başlayan zaman, iş yerlərinin bağlanması, əmək bazarında bəzi məhdudiyyətlərin tətbiq edilməsi, sərhədlərin bağlanması və s. Rusiyada yaşayan miqrantların sayını azaltdı. Hazırda, Rusiyada 6 milyon miqrant yaşayır. Eyni ilə də Azərbaycanda pandemiyaya qədər 170-180 min civarında əcnəbi yaşayırdı. İndi isə ölkə ərazisində yaşayan əcnəbilərin sayı 100 mindən bir qədər artıqdır. Cari ilin yanvar ayının statistikasına əsasən deyə bilərəm ki, Azərbaycanda 114 min əcnəbi yaşayır. Bu onu göstərir ki, ölkənin miqrasiyasına birbaşa mənfi təsir edir. Çünki miqrasiya axınları sərhədlər üzərində çox rahat şəkildə təşkil edilirdi. Sərhədlərin xüsusilə də quru sərhədlərin bağlanması həmin axınların qarşısını aldı" - deyə ekspert bildirib. Onun sözlərinə görə, Azərbaycanın bir sıra dövlətlərlə hava sərhədləri açıq olsa da, hava limanları vasitəsilə miqrasiya hadisələri intensiv xarakter almır.

"Qiymətlərin baha olması və s. digər məsələlər daim miqrasiyada olan insanları çətin duruma salıb. Bütün bunlar, miqrantlar üçün maddi cəhətdən sərfəli deyil. Quru sərhədləri üzərindən miqrasiya prosesləri daha rahat şəkildə icra olunur. Quru sərhədlərin bağlanması hazırkı mənzərəni ortaya qoydu" - deyən ekspert bildirib ki, müəyyən yumşaldılmaların tətbiq olunması, qismən də olsa, qonşu dövlətlərlə sərhədlərin açılması müəyyən səviyyədə miqrasiya proseslərinə müsbət təsir etməyə başlayıb.

A.Allahverənov qeyd edir ki, ölkə ərazisində karantin rejimi mövcuddur. Quru sərhədlərinin açılması ilə bağlı məsələlər müzakirə edilmir. Quru sərhədlərinin bağlanması üzündə ölkədə qalan əcnəbilərin leqallaşdırılması ilə bağlı Dövlət Miqrasiyası Xidməti zəruri işlər həyata keçirir.

Mütəxəssis həmçinin bildirib ki, ölkə ərazisində qalan əcnəbilərin bir çox sahələrdə problemləri var. Bunlardan biri də səhiyyə sistemində olan peyvəndləmə prosesidir. Belə ki, bu gün ölkə ərazisində yaşamaq icazəsi olan, əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər çox rahat şəkildə peyvənd ola bilərlər. Ancaq müvəqqəti yaşamaq icazəsi olan əcnəbilər vaksinasiya olunmurlar:

"Bununla bağlı danışıqlar gedir, müzakirələr aparılır. Çox böyük ümidlə gözləyirik ki, yaxın zamanalarda ölkə ərazisində müvəqqəti yaşamaq icazəsi olan əcnəbilər də vaksinasiya oluna biləcəklər. Müvəqqəti yaşamaq icazəsi olan şəxslərin vaksinasiya prosesinə cəlb olunmasıyla; həm həmin şəxslər dünyanı bürümüş yoluxucu xəstəlikdən uzaq tutacaq, həm də sözügedən miqrantlar təmsil olduğu cəmiyyətlərdə və yaxın çevrəsində qorunmuş olacaqlar" - deyən ekspert, ölkə ərazisində pandemiya ilə əlaqədar qalan əcnəbilərlə bağlı aparılan dövlət siyasəti də kifayət qədər effektivdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »