Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İşğaldan azad olunmuş rayonlarda minaların təmizlənməsi 3-5 il çəkə bilər”
“İşğaldan azad olunmuş rayonlarda minaların təmizlənməsi 3-5 il çəkə bilər”

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl BMT Baş Assambleyasında çıxış edərkən, Ermənistanın əsirlər qarşılığında Azərbaycana verdiyi xəritələrinin çoxunun dəqiq olmadığını bildirib.

Bizimyol.info rəsmi mətbuata istinadən, Prezidentin çıxışından sitat gətirir: “Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin”.

Prezident qeyd edib ki, münaqişə başa çatdığından, Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib: “Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”.

Minaların təmizlənməsi üzrə ekspert, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev Bizimyol.info saytına bildirib ki, Ermənistan silahlı qüvvələri minaların çoxunu tələsik, xüsusilə də geri çəkilərkən basdırıb: “Minaların xəritələnməsi formulyar üzrə aparılır. Mina basdırılarkən, formulyar qeyd olunur, sonra xəritələr tərtib olunur. Ola bilər ki, bu 25 faiz dediyimiz hissə çoxdan basdırılmış və dəqiq koordinatlar qeyd olunan xəritələrdir. Lakin bəzi xəritələr diz üstündə, tələm-tələsik tərtib olunub. Görünür ki, Ermənistan tərəfi revanşist fikirlərdən vaz keçməyib və istər hərbçilərimizin, istərsə də mülki əhalinin həmin ərazilərdə ehtiyatlı olması lazım gələcək. SSRİ-nin ən böyük mina zavodlarından biri Ermənistanda yerləşib və onlar Azərbaycan torpaqlarında 100 minlərlə mina basdırıblar”.

Onun sözlərinə görə, minaların əksəriyyəti Ağdam və Kəlbəcər rayonlarında basdırılıb: “Bu rayonlardan çıxmaq üçün Ermənistan ordusuna vaxt verildi və həmin müddətdə onlar tələm-tələsik torpaqlarımızı minalayıb çıxıblar. Düşünürəm ki, bu torpaqların minalardan təmizlənməsi bir neçə il vaxt ala bilər. Mən 1989-cu ildə Əfqanıstandan Belarusa göndərildim, Vitebskdə minaaxtaran qrupa rəhbərlik edirdim. Həmin ərazidə biz 6000-dən çox mina və partlmamamış sursatlar aşkar etdik”.

​“Mina Qurbanlarının Sosial-iqtisadi problemlərinin həllinə kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov Bizimyol.info saytına bildirib ki, işğaldan azad edilən ərazilərin təmizlənməsi 3-5 il arası çəkə bilər.

“Hazırda bu istiqamətdə ciddi işlər gedir. İstər Müdafiə Nazirliyinin bölmələri, istərsə də ANAMA tərəfindən böyükmiqyaslı işlər aparılır. Hətta tarlalarda belə minalar basdırılıb. ANAMA-nın istər personal, istərsə də texnika baxımından sıxıntısı yoxdur. Bütün istiqamətlərdə geniş işlər gedir. Toyuqlara necə dən səpirsiniz, baxın ermənlər də bizim əraziləri o cür minalayıblar, çox böyük ərazidə və külli-miqdarda mina basdırılıb. Belarus və Ukraynada hələ də İkinci Dünya Müharibəsindən qalan mina və sursatlar tapılır. Çox güman ki, Qarabağda da illərlə belə mina və sursatların tapacağıq. Onlar bizim geri qayıdışımızı yubatmaq üçün belə ediblər. Yetərincə ehtiyatlı olmaq lazımdır”, - deyə M.Həsənov bildirib.

Onun sözlərinə görə, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl və Şuşa ətrafında minaların bir çoxu təmizlənib. Ağdam və Kəlbəcərdə isə işlər geniş miqyasda davam etdirilir.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »