Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yamaqlı yol dəbi: Şükür edin ki, qır basmırlar...
Yamaqlı yol dəbi: Şükür edin ki, qır basmırlar...

Yamaqlı, cırıq cinslər dəbə minəndə heç düşünməmişdik ki, bu dəb yollarımıza da yayılacaq. Ya da əksinə, dünyaya bu trend bizim brend olan yamaqlı yollarımızdan yayıldı.

İllər öncə yaşadığım Ucar rayonunda küçəmizə səliqəli yol çəkiləcəyi barədə xəbərə sevindik. Çox keçmədi, yolçəkən maşınlar gəldilər, iş başladı. İllərlə çala-çökək torpaq yoldan əziyyət çəkən camaat sevinclə yol idarəsinin işçilərini əzizləyir, səhər, axşam yeməyi alır, yayın isti günlərində gah sərin ayrana, gah sərin kompota qonaq edirdilər. Yola gətirib bir az çınqıla qatılmış qır tökdülər, sığallayıb getdilər. Bəh- bəh camaatın zülmü bundan sonra başlamadımı. Yay ola, isti 50 dərəcəyə qalxa, əriyib ələ yağa yapışan qır yol ola. Bir Allahın qulu ayağını küçəyə basa bilmirdi, yapışıb qalırdı. Hətta arxdan bir vedrə su götürmək üçün küçəyə çıxıb yerə yapışmış Alma nənəni qırdan qoparmaq üçün traktorçu Əli kişi köməyə gəlmişdi. İş o həddə çatmış, qır o dərəcədə yumşalmışdı ki, küçələrdə gəzişən qazlar da öz balalarıyla qır yola yapışıb qalırdılar. Hələ mal qaranı, qoyun quzunu, hinlərə girmək üçün gələn çaqqalı, tülkünü demirəm. Bir sözlə, yapışqan yolun macərası bir ayrı aləm idi. Əməlli-başlı tragikomediya yaşayırdıq. Ağlanası günümüzə gülürdük.

0 gün sonra camaat necə bezdisə iməcilik edib qır yolu kürüyüb tökdülər bir kənara. Çətin də olmadı. O qədər nazik düzəltmişdilər ki, səbr edib soyuq havaları gözləsəydik, yəqin 3-4 aya "yoxa çıxacaqdı".

Hardan hara gəldim. Keçək Bakının bitməyən yol təmirlərinə. Amma bir türlü hamarlanmayan yollarına. Niyə yollarımız çökür və məcburi şəkildə yamanır?

Yol mühəndisi Cavad Cavadovun sözlərinə görə, yola tökülən asfaltın keyfiyyəti onda işlədilən bitumun tərkibindəki parafindən asılıdır: "Bakıda şəhərdaxili yollar çəkilərkən tərkibində parafinin səviyyəsi yüksək olan asfaltdan istifadə edilir. Bu asfalt ucuz başa gəlir və keyfiyyətsiz olduğu üçün tez də sıradan çıxır. Asfaltın tərkibindəki parafinin təmizlənməsi uzun və xərc tələb edən prosedur olduğundan heç bir şirkət buna cəhd də etmir. Nəticədə az xərc çəkməklə, daha keyfiyyətiz iş görməklə, daha çox qazanc götürürlər. Aşağı temperaturlarda parafini yüksək olan bitum əsasında çəkilmiş asfaltda kristallaşma prosesi baş verir və yollarda çatlar yaranır. Getdikcə çatlar dərinləşir, bəzi yerlərdən asfalt laylarının qopmasına və çalaların yaranmasına səbəb olur".

Yadımdadır, Bakı-Quba yolu çəkiləndə sabiq nazirimiz yolun 25 il xalqa xidmət edəcəyini demişdi. Tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Beton yol iki il keçməmiş yamaqlandı, calaqlandı. Məlum oldu ki, bu yolun altına heç dəmir-armatur da atmayıblar, sement sertifikata uyğun gəlmir, məcbur olub alternativ yol da çəkəsi oldular. Sürücülər arasında “göbələkli yol” kimi ad çıxarmış bu yol xalqın bir qisminə xidmət edir, məsələn, avtomobil ustalarına. Hamısı yolun bu halından məmnundurlar, qazanc mənbəyidir çünki.

Dediklərimizin real olduğunu görmək üçün elə şəhərdaxili və qəsəbələrə gedən yollarla bir dəfə səfərə çıxmanız yetərlidir. Əsə-əsə, titrəyə-titrəyə edilən yolçuluqdan sonra bədən bütün şlaklardan təmizlənir. Bu da xalqa ikinci fayda.

Dünən Bakıda yol çökməsinə dair bir xəbər gördüm. Yarğanın içinə bir maşın torpaq doldurmaqla yol idarəsi işini bitmiş hesab elədi. Yağış yağır və çalaya torpaq tökülüb. Asfalt da vurulmayıb üstündən. Düşünürsən, düşünürsən, cavab tapammayanda deyirsən, bu yəqin abstrakt düşünüb də. Mən qanan məsələ deyil.

İndi gəl inanma ki, bu xalqı düşünmür. Düşündürür. Əslində hər şey xalqa xidmət üçünmüş.

Hər nə qədər yeni yollar, küçələr salınanda, onun10, 20, 30 il müddətinə istifadəsi üçün tam təminat verilsə də, ən yaxşı halda yollar 1-2 il tab gətirə bilir. Bu da xalq üçündü. Bəs bu fəhlə işləyib pul qazanmasın? İşin başında duran prorab, mühəndis və digər məsul şəxslər haqqında o sözü deyə bilmərəm. Bal kəsən barmağını yalayırsa, yol çəkən də asfalt yeyir alnamına gəlməlidir ki?..

İlhamə, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »