Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fransa telekanalı... Ermənistanın suallarını verdi”
“Fransa telekanalı... Ermənistanın suallarını verdi”

“France-24” kanalı jurnalistinin Azərbaycan Prezidenti İlham Əliyevdən aldığı müsahibəyə belə başlıq qoysaq, yəqin ki, heç kim təəccüb etməz. Təəccüblənən varsa da, açsın, həmin müsahibəni oxusun. Ən azı sualları.

Deyəcəksiniz ki, İlham Əliyev niyə bu müsahibəyə razı olub? Cavab: “Fransız auditoriyası ilə danışmaq üçün...” Bu cavabla qane olmayanlar soruşacaq ki, Fransa auditoriyası ilə danışmaq, yəni bu qədər əhəmiyyətlidir?! Və cavab: siyasətçi istənilən auditoriya ilə danışmaqla mükəlləfdir; onun işi budur. Biz Ermənistan cəmiyyətinə yönəlik mesajlar göndəririksə (ki, bu, çox vacibdir), onun dostunun suallarından niyə yayınaq?! Bir də ki hər halda bu problematika üzrə bütün suallara Azərbaycan rəhbərinin tarixi həqiqətlərlə, hüquqi sənədlərlə, danılmaz faktlarla, tutarlı arqumentlərlə möhkəm əsaslandırılmış cavabları varsa, nədən, kimdən çəkinəcək?! Həm də bu, tək Qarabağ üçün deyil, ölkə üçün mübarizədir. Verbal savaşda da, fikir toqquşmasında da daha yüksək hazırlığımız, daha kəsərli silahımız varsa, qoy qarşı tərəf qorxsun. Prezident – Ali Baş Komandandır, yəni dövlətinin birinci əsgəridir və o, heç bir döyüşdən yayına bilməz və yayınmır da. Eləcə də, söz savaşından, diplomatiyaların qarşılaşmasından.

Diplomatiya demişkən, elə birinci sual da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkdakı görüşü ilə bağlı olub. Jurnalist soruşur ki, “bu, hər iki tərəf arasında dialoqun yenidən başlanması deməkdirmi?”

Sualın özündə “hər iki tərəf”, “dialoqun yenidən başlanması” ifadələri məlum mövqedən doğur; Fransalı jurnalist də öz ölkəsinin marağından və Ermənistana, bəlkə də elə Fransa kimi ölkələrin sırıdığı mövqedən çıxış edir: Azərbaycanın müharibədə qalib gəldiyini etiraf etsə də, münaqişənin hələ bitmədiyinə də incə eyham vurur. İlham Əliyev bu eyhamı dərhal tutur və cavab verir:

“Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir. Ümid edirəm ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Cənubi Qafqaz regionunda geniş əməkdaşlığa yeni bir miqyas verəcək proses olacaq”.

Azərbaycan Prezidenti, faktik olaraq, qalib ölkənin rəhbəri kimi dialoqun əsas məqsədini də müəyyənləşdirib: anladır ki, bu, sadəcə, danışıqlara oturub vaxt uzatmaq üçün olmayacaq. İki ölkə dialoqa başlayırsa, artıq yeni reallıqlara uyğun olaraq, bundan sonra necə bir sülh ortamı yaratmaq haqda danışılacaq (Nikol Paşinyanla əlaqə yaratmaq haqda suala cavabında Azərbaycan Prezidenti elə bu cür də deyib: “...keçmişə qayıdış olmamalıdır”). İlham Əliyev demək istəyib ki, dialoq keçmiş barədə yox, gələcək barədə olacaq. İki ölkənin münasibətlərinin, bütövlükdə regionun təhlükəsiz gələcəyi haqqında. Hə, Ermənistanı öz gələcəyi daha çox maraqlandırırsa (onun özünün indiki vəziyyətində bu haqda daha çox düşünməsi də başadüşüləndir; öz siyasətçiləri və ziyalıları belə Ermənistanın bir gələcəyinin olmasından artıq şübhəyə düşüblər), Azərbaycan artıq belə bir gələcəyi Ermənistana vəd edib, hətta təklif edib: sülh müqaviləsi bağlamaq, qonşularla münasibətləri normallaşdırmaq, ərazi iddialarından əl çəkmək, regional əməkdaşlıq formatlarında iştirak edib normal bir ölkə kimi inkişaf edə bilmək. Bir də xəbərdarlıq edib: əgər Ermənistan gələcəkdə revanş fikrinə - qəflətinə düşərsə, Azərbaycan onun başını əzər. Onda heç dialoqa da yer qalmaz...

Ancaq bu gün üçün Azərbaycan dialoqdan imtina etmir. Hərçənd “France-24” Azərbaycan Prezidentinin Ermənistan rəhbərliyi ilə görüşmək və ya Nikol Paşinyana zəng edib-etməmək haqda iki ardıcıl sualı İlham Əliyevi sülhdən danışsa da, əməli addım atmayan tərəf kimi göstərməyə çalışıb. Eyni zamanda öz sualında Azərbaycanı müharibəni yenidən başlamağa hazır tərəf kimi təqdim etməyə də cəhd göstərib. “Frace-24” kanalının həmin sualı belədir: “Müharibənin ildönümü ilə əlaqədar müraciətinizdə Siz dediniz ki, - mən Sizdən sitat gətirirəm: “Əgər biz erməni faşizminin bir daha baş qaldırdığını görsək, yeni təhlükə görsək, heç bir tərəddüd etmədən erməni faşizmini yenidən əzəcəyik”. Bu, sülh mesajı kimi səslənmir, elə deyilmi?”

Telekanal marağını və mövqeyini təmsil, yaxud ifadə etdiyi dairələrin fikirlərini sual şəklində ortaya qoyub və: “Ermənistanla sülhdən danışa-danışa, müharibə ilə təhdid edirsiniz...” Ancaq bu trivial ittiham cəhdinə Azərbaycan Prezidenti diplomat ustalığı ilə bərabər dövlət səmimiyyəti ilə cavab verib:

“Bilirsiniz, bu, Ermənistandakı vəziyyəti əks etdirən bir fikirdir. ...Mənim bəyanatım öz mənşəyini Ermənistanda müşahidə etdiyimiz tendensiyadan götürür. Bu siyasi istablişmentin bəzi dairələrində revanşizm tendensiyasıdır. Söhbət təkcə müxalifətdən getmir, iqtidardan da gedir. İntiqam almaq üçün ictimai bəyanatlardan və daha önəmlisi praktiki addımlardan, Ermənistanı militarizasiya etmək cəhdlərindən, bir məqsəd xatirinə edilən, müharibəyə yenidən başlamaq üçün yeni müasir avadanlıqlara çıxış əldə etmək cəhdlərindən gedir”.

Yəni Azərbaycanın sülhə yönəlik konkret – praktik təkliflərini ya görməzdən-eşitməzdən gələn, ya da buna hazır olmadıqlarını bildirən, amma o biri tərəfdən də, yeni silahlar alan, yeni müharibədə qalib gələcəklərini deyən tərəfə adekvat xəbərdarlıqdan söhbət gedir. Ona görə Ermənistan və onu dəstəkləməkdə olan dairələr hələ də münaqişənin bitmədiyini iddia edir, hansısa “status” məsələsini qabardır və sair. Bu, Ermənistanı lazım və hazır olduqda Azərbaycanın üstünə qısqırtmaq marağından yaranan yanaşmalardır. Ona görə də Azərbaycan Prezidenti başqa bir suala cavabında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsini doğru saymır, münaqişənin bitmədiyi haqda bəyanatları yersiz, hətta “təhlükəli” adlandırır.

Həmin sual və cavabın əsas hissəsi belə idi:

“Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib”.

Cavab:

“Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər. Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır?”

Jurnalistin eyni düşüncə frekansında olan Fransa ilə bağlı ayrıca sualı olacaq. Amma burda qəsdən ABŞ-ın adını çəkir (bu arada Fransa-Amerika münasibətləri özünün yaxşı dövrünü yaşamır – kontekst bəllidir). Azərbaycanın münaqişəni həll edilməmiş hesab edənlərə qəzəbini Amerika Birləşmiş Ştatlarının ünvanına yönləndirməyə çalışır. Başqa sözlə: “Amerika sizdən Dağlıq Qarabağa muxtariyyət istəyir” kimi gizli mesajını ötürmüş olur. Prezidentin buna cavabı adekvatdır: əvvəlki hərbi-siyasi reallıqlara görə Azərbaycan bunu özü təklif etmişdi, Ermənistan razı olmadı, indi də Azərbaycan razı deyil və “bu, artıq müzakirə mövzusu deyil”. Açması: zamanında Azərbaycanın güzəştlərini qəbul etmədiyi üçün indi tələblərini qəbul etmək zorundadır. Belə davam etsə, indiki reallıqla barışmasa, gələcəkdə daha da ağır situasiya ilə üzləşər.

Və nəhayət, müsahibənin kulminasiyasına çatdıq. France-24” kanalının “taclı” sualı:

“...Fransa Sizin bəzi hərəkətlərinizi tənqid etdi və bu yaxınlarda Ermənistanla sərhəddən geri çəkilməyə çağırdı. Siz Fransanı dürüst vasitəçi hesab edirsiniz?”

Cavab, əslində sualın özündə gizlənib. Ancaq Azərbaycanın mövqeyi də haqlı və bəllidir:

“Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu...”

Əlbəttə ki, onluğa dəyən belə bir cavabdan sonra Fransa kanalının Azərbaycanda saxlanılan “erməni əsirlər”in qaytarılmaması və üstəlik də guya işgəncə görməsi haqda, eləcə də, Parisdə bıçaqlanmış “Azərbaycanlı blogger” Məhəmməd Mirzəli barədə sual verməməsi təəccüblü olardı.

“Sərhədsiz reportyorlar” təşkilatının rəyinə görə, Siz həmin şəxsləri susdurmaq məqsədilə xaricə adamlar göndərirsiniz” cümləsi isə bütün əvvəlki cavabların acığını bir sualla çıxarmaq cəhdinə oxşadı.

Cavab isə belə oldu:

“Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidir...”

Müsahibə Azərbaycanın müharibədə qələbəsinin etirafı ilə başladı, bloggerin bıçaqlanmasında günahkar axtarmaqla bitdi. Görünür, Fransa telekanalının da tərzi də elə budur...

Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »