Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Üçtərəfli bəyanat işləmir, Lavrov isə sabitlikdən danışır”
“Üçtərəfli bəyanat işləmir, Lavrov isə sabitlikdən danışır”

“Ötən il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı razılaşmasının əsas nəticəsi münaqişə zonasında vəziyyətin tam stabilləşməsidir”.

APA-nın məlumatına görə, bunu Rusiyanan xarici işlər naziri Sergey Lavrov deyib.

"2020-ci ilin 9 noyabrından bəri keçən bir ilin əsas nəticəsi sabitliyin yaradılması, qorunması və Rusiya sülhməramlı kontingentinin səyi nəticəsində hazırda heç bir zorakılıq əməlləri müşahidə etmirik. İlkin mərhələdə qeydə alınan kiçik insidentlər tez bir zamanda həll olundu. Bir daha vurğulamaq istərdim: orada vəziyyət hazırda sabitdir, baxmayaraq ki, əlbəttə bir sıra problemlər hələ də var", - deyə Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib.

Rusiya, ABŞ və Fransadan olan üç həmsədrin bu günlərdə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdüyünü deyən S. Lavrovun sözlərinə görə, görüşdə həmsədrlərin regiona səfərlərinin bərpası, Ermənistan və Azərbaycan nümayəndələri ilə yerində danışıqlar aparması, habelə Xankəndiyə səfər etmələri barədə razılıq əldə olunub.

Lavrovun sözlərini Bizimyol.info saytına şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, üçtərəfli bəyanat işləmir, sülhməramlılar Xankəndiyə gəlib-gedən maşınları diqqətlə yoxlamır, amma Lavrov sabitlikdən söz açır.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Görünür ki, onlar üçün sabitlik əsasdır. Torpaqlarımız işğal altında olduğu zaman da, həmsədrlər “sabitlik olsun” deyirdilər, amma danışıqların irəliləməsi üçün ciddi bir iş görmürdülər. İndi yenidən Minsk qrupunu “diriltməyi” qərara alıblar. Azərbaycanın mövqeyi məlumdur. Düşünürəm ki, Azərbaycan hansısa status məsələsi ətrafında danışıqları qəbul etməyəcək. Danışmaq istəyirlər, gəlsinlər, 27 il onlar bizi oyaladı, 27 il də biz onları oyalayaq. Amma düşünmürəm ki, dövlət başçısı səviyyəsində bu danışıqlara isti yanaşılacaq. Əgər real sülh və sabitlikdən söz gedirsə, Ermənistan tərəfi sülh sazişi üzərində işləməyə, Zəngəzur dəhlizini açmağa başlamalıdır”, - deyə E.Şahinoğlu qeyd edib.

O, Azərbaycanın iştirakı və razılığı olmadan hansısa status müzakirəsinin olmayacağını deyib: “Əgər Azərbaycan status məsələsinə razı deyilsə, bunu kiminlə danışacaqlar? Ermənistanla razılaşıb, bizim ərazidəki separatçı rejimə status verəcəklər? Düşünürəm ki, bu danışıqların və görüşlərin heç bir perspektivi yoxdur”.

Politoloq Xankəndiyə səfərləri də şərh edib: “Mən belə səfərlərə xoş baxmıram. Separatçılarla nə danışacaqlar? Bu, separatçıları tədricən tərəf müqabilinə çevirə bilər”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »